Daşkənddə soydaşlarımızın bayram tədbiri

Ölkəmizin Özbəkistandakı səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2013-cü ildən özbək mətbuatında Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsi elan olunub və hər il müsabiqəyə təqdim olunan məqalələr mükafatlara layiq görülür. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Daşkənddə növbəti müsabiqənin yekunlarına həsr olunmuş mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Quliyev iki ölkə arasında dostluq əlaqələrinin inkişafından danışıb. Qeyd edib ki, 2016-cı il üçün elan olunmuş müsabiqədə "Azərbaycanda turizm", "Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli", "Azərbaycan və Özbəkistan Böyük İpək yolu ilə" adlı nominasiyalar üzrə məqalələr təqdim olunub. Fərqləndirilən yazı müəllifləri fəxri fərman və pul mükafatları ilə təltif edilib. Bundan əlavə, özbək mətbuatında 2016-cı ildə “Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan - sayt nominasiyasında “tnews.uz”, aparıcı siyasi-analitik xəbər saytları “kun.uz” və “sharh.uz” mükafatlandırılıb. 2016-cı ildə Azərbaycanla bağlı nəşr olunmuş ən yaxşı kitab nominasiyasına görə özbək tarixçi Şuxrat Salamovun "Karabax: Voyna idey" və filoloq Saodat Muxammadovanın "Müasir Azərbaycan və özbək ədəbiyyatının xüsusiyyətləri” kitabları mükafata layiq görülüb. Azərbaycan və Özbəkistanın Xalq artisti, tanınmış opera rejissoru Firudin Səfərov, azərbaycanlı kinorejissor, operator Eldar Məmmədov ilin ən fəal azərbaycanlıları kimi təltif ediliblər. Tədbirin bədii hissəsində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan və özbək xalq mahnılarını ifa ediblər.

Xudaferin.eu

16:14