Ədalət Yusif: Arzulamadığım, acı daddıran "YUXU"....

Bəlkə də, yaşıma, ictimai mənşəyimə və mövqeyimə görə, bu gün doğma məmləkətimizdə və onun bir parçası olan Qarabağımızda yaşanan eybəcərliklərdə zərrəcə də olsa, "pay sahibi" olduğumdan yuxumu sizlərlə paylaşmağa haqq etmirəm. İndiki durumda gerçək işlərlə məşğul olmalıykən, yuxu danışmağım.... Eeeh, nə isə... Bu gecə yuxuma gəlmişdi, QARABAĞIMIZ.

Yuxuda gördüm ki, Qarabağda yüksək mərtəbəli binaların çox olduğu bir qəsəbədəyəm. Qəsəbənin çıxış hissəsindəki yalnız bir binada ermənilər məskunlaşmışdılar. Müharibə şəraiti olsa da həmin binadakı ermənilər sülh dövründə olduğu kimi adi günlərdən birini yaşayırdılar. Təmas xəttinə yaxın ərazidə yerləşən və bizimkilərin yaşadığı əksər binalar isə boşaldılmışdı. Əhali qəsəbənin atəş tutmayan arxa hissəsinə köçürülsə də, evlərinin nəzarətsiz qalmaması üçün ərazidən tam çəkilməmişdi. Ermənilər fasiləsiz atəşlə həmin binalardan yalnız birini hədəf seçmişdilər. Onların ağır silahlardan açdıqları atəşlərə bizim tərəfdən bir atəşlə də olsa, qarşılıq verilmirdi. Hansısa səbəbdən əsgərlərimiz döyüş səngərlərindən silahları da alınaraq uzaqlaşdırılmışdılar. Ərazidə məqsədləri bəlli olmayan, bir biri ilə zarafatlaşan səliqəli hərbi geyimli bir neçə şəxs qalmışdı. Əhalinin, erməni mövqelərinin susdurulması məqsədilə atəş açın tələbi qarşılığında onlar "atəş açan ermənilər deyil, ruslardır" deyərək qəhqəhə ilə gülməyə başladılar. Qarşı tərəfdən atəşə bir an belə ara verilmirdi. Atəş altında olan həmin bina hissə- hissə xarabaya çevrilirdi. Əhali müdafiəsiz qaldığından təlaş içində o tərəf, bu tərəfə qaçışırdılar. Yaranmış vəziyyətdə onlar sosial tələbatlarını 3 -5 gün müddətinə ödəyəcək zəruri əşyalarını almaq imkanında deyildilər. Qız-gəlinlər, körpəsininin birini qucağına, digərini kürəyinə alaraq qaçan analar, heysizlikdən özlərini zorla "sürüyən" yaşlılar yalnız sağ qalmaq və erməni əlinə düşməmək haqda düşünürdülər. Qəsəbə, ürək ağrıdan bu acı şəraitdə boşaldılırdı. Birdən qəsəbədə bir neçə maşın göründü. "salamat" qalmış binalara yaxınlaşandan sonra maşınlardan qara geyimli silahlı şəxslər düşərək, binaların içərisinə daxil oldular. Az müddətdə binalardakı qiymətli əşyaları maşınlara yükləyib sürətlə ərazidən uzaqlaşarkən ayaqyalın, başı açıq yürüyərək can qurtarmağa çalışan insanları toz- duman içərisində boğdular.
Baş verən bu faciələrin fonunda əlahiddə olaraq təsirlənməyən bir qoca, qəsəbənin düz mərkəzində dayanmışdı.
Zolaqlı köynəkdə olan, pencəyini çiyninə salmış, timsah gözlü həmin qoca, gah rusların bizimkiləri məhv edən atəş nöqtələri tərəfə, gah da insan dramı yaşanan qaçqın seli tərəfə boylanaraq, bu millətdən qisas alırmış kimi gülümsünürdü. Bütün baş verən bu faciələrə mən tamaşa edirdim.
Səhnədə isə tək deyildim!!!
Bəzən, yuxular gerçək olur, deyirlər.
Olmaz olsun, bu gerçək.

19:58