Dahi bəstəkara həsr olunmuş növbəti beynəlxalq musiqi bayramı başlanır

 

Sentyabrın 18-də, dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günündə ölkəmizdə növbəti musiqi bayramı başlanır. Sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
 

Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna və İrandan tanınmış musiqiçilər və kollektivlər - Yeni Münhen Filarmonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər. Festival çərçivəsində konsertlər, konfranslar, ustad dərsləri təşkil ediləcək.

Festivalın açılış və bağlanış mərasimləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mahnı Teatrı, Azərbaycan Bəstəkarlar İttifaqı və Heydər Əliyev Sarayında, həmçinin Sumqayıt və Ağcabədidə keçiriləcək. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası və Qara Qarayevin “Yeddi gözəl” baleti, Dövlət Musiqili Teatrında isə Ü.Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyaları təqdim ediləcək.

Xudaferin.eu

09:30