Daha az yeyəcəyik: Çünki hökumət istehlak səbətimizi boşaltdı

 

Rəşad Həsənov: “Müəyyən məsələlərdə dünya standartlarından geri qalan göstəricilər var”

 

Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi.Dövlət Statistika Komitəsi istehlak səbətinin tərkibinə yenidən baxıb və indi ona 565 yox, 520 adda mal və xidmət daxildir.Dəyişikliklər istehlak xərclərinin strukturu nəzərə alınaraq aparılıb və o, öz növbəsində açıqlanmır.Ölkədə inflyasiya bu ilin yanvarından yeni səbətlə ölçülür.Yeni səbətdə kibrit, Aİ-95 markalı benzin, 585 əyarlı qızıl üzük yoxdur. Orda eləcə də bir sıra ərzaq malları: yarma, quru süd, qatıq, duza qoyulmuş göbələk, bitki çayı, bərk şərab, ədviyyat yoxdur. DSK kişilər üçün dəridən kürk, isti astarsız palto, dəri gödəkcəni, qadınlar üçün dəri gödəkcəsini, kostyum və çimərlik dəstini də səbətdən çıxarıb.Yeni səbətdə bir çox parçalar da yoxdur.
Eyni zamanda ərzaq, paltar və başqa zəruri malların yerinə səbətə 9 adda dərman vasitəsi (validol, aspirin, Panadol/paracetamol, analgin, Voltaren/diclofenac, kaptopril, ampisilin, biseptol və amlodipine) daxil edilib. Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat müəyyən olunub. Qeyd olunan minimum məbləğlər 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minib. Məlumat üçün bildirək ki, minimum istehlak səbəti anlayışı Azərbaycanda, o cümlədən, MDB ölkələrində iqtisadi və sosial formasiya quruluşunun yenidən qurulması zərurəti ilə əlaqədar 1990-cı illərin əvvəllərindən iqtisadi dövriyyəyə gətirilib.Minimum istehlak büdcəsi minimum səviyyə kimi qəbul edilmiş həddən aşağı olmayan səviyyədən insanın əsas fiziki və sosial - mədəni tələbatının ödənilməsini təmin edəcək istehlak mallarının və xidmətlərin dəyərini əks etdirir. İstehlak səbəti məsələsini tənzimləmək üçün hazırda Azərbaycanda 2004-cü il 5 oktyabr tarixli “Yaşayış minimumu haqqında qanun” qüvvədədir. Bu qanuna əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri - ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Minimum əməkhaqqı-qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ göstəricidir. Minimum istehlak səbəti əhalinin əsas sosial - demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır; ərzaq mallarının minimum toplusu; fərdi və ailəvi istifadə olunan qeyri - ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni - məişət, sanitariya əşyaları, dərmanlar və s.); xidmətlərin minimum toplusu (mənzil - kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni - maarif, müalicə - istirahət xidmətləri və s.). Minimum istehlak səbətinin hesablanması üçün əhalinin 3 sosial-demoqrafik qrupu üzrə müəyyənləşdirilir: a) Əmək qabiliyyətli əhali; b) Pensiyaçılar; c) Uşaqlar 0-15 yaş. Minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri - hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir. Maraqlıdır, Statistika Komitəsinin yeni səbəti nəyə hesablanıb?Ümumiyyətlə, istehlak səbətinin siyahısından çıxarılan məhsullar insanların həyat tərzinə, yaşayışına necə təsir edə bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, istehlak səbətinin strukturunun yenidən işlənib hazırlanması hökumətin səlahiyyətləri daxilindədir: “Zaman keçdikcə bu siyahıya əlavə əmtəə və xidmətlərin daxil olunması və bəzi əmtəə və xidmətlərin çıxarılması baş verə bilər. Sadalanan məhsulların adlarından da məlum olur ki, əslində müəyyən klassifiasiya aparılıb.Yəni, hər hansı eynicinsli məhsulların ümumi əlamətlərinə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemilə. Eyni zamanda bu məsələlərdə dəyişən istehlak tələbatı nəzərə alınıb.Əslində, bu, müsbət qiymətləndirilməlidir.Bu baxımdan ki, istehlak səbətinin strukturu əhalinin gündəlik həyat tərzində birbaşa öz təsirini və əksini tapan indikator hesab olunur.Buna uyğun olaraq Azərbaycanda minimum istehlak səbətinin həcmi, ehtiyac meyarı, yaşayış minimumu, pensiya həddi, minimum əməkhaqqı səviyyəsi və.s.göstəricilər müəyyənləşdirilir. Bu strukturun irəliyə doğru dəyişdirilməsi müsbət hal ola bilər. Amma ümumilikdə götürdükdə son dəyişiklikləri ayrıca xarakterizə etməyə ehtiyac var”.

“Adambaşına düşən ət istehlakı dünya standartlarından geridir”

 

İqtisadçı onu da vurğulayıb ki, istehlak səbəti ölkə vətəndaşının ay ərzində orta tələbat səviyyəsini özündə göstərən bir indikatordur: “Burada ənənələr, gündəlik həyat tərzi, dövrün tələbi, xalqların davranışları və.s nəzərə alınır. Bu baxımdan da istehlak səbətinin mütəmadi olaraq dəyişdirilməsinə zərurət yaranır.Azərbaycanda istehlak səbətinin strukturuna baxdıqda görürük ki, müəyyən məsələlərdə dünya standartlarından geri qalan göstəricilər var. Adambaşına düşən ət istehlakının həcmi və.s.Amma bu tərkibə əlavə məhsulların daxil edilməsi, bəzən nələrinsə çıxarılması məsələləri davamlı olaraq həyata keçirilir.Həqiqətən də Aİ-95 markalı benzini istehlak səbətində öz əksini tapması, nisbətən müzakirə olunan məsələlərdən biridir.Çünki ölkə vətəndaşlarının böyük əksəriyyəti Aİ-92 markalı benzinin istifadəçisidir.Aİ-95 markalı benzin isə daha lüks kateqoriyaya daxil olan məhsul kimi daha çox gəlirli ölkə vətəndaşlarının istehlak etdiyi məhsul hesab olunur.Bu baxımdan da, ümumi ölkə üzrə istehlak səbəti müəyyənləşdirilərkən bu məhsulun səbətə daxil edilməsi, əslində doğru deyil. Həmçinin kibritlə bağlı məsələ də maraqlıdır.Böyük ehtimalla son dövrlərdə müxtəlif formada alışqanlardan istifadə edilməsi, qazla işləyən məişət əşyalarının daxili alışqan hesabına işləməsi, kibritə olan tələbatı aşağı salır.Böyük ehtimalla ölkənin kibrit idxalı və istehsal olunan kibritin həcmi və.s kimi məsələlər ümumi nəzərə alınaraq statistika müəyyən edib ki, bu tələbat kəskin şəkildə azalıb.Bu səbəbdən də istehlak səbətinin strukturunda qalmasına ehtiyac yoxdur”.

Dəri üst geyimlərinin istehlak səbətindən çıxarılması insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır?
 

Rəşad Həsənov vurğulayıb ki, dəri üst geyimləri daha az istifadə olunan məhsullar kateqoriyasına daxildir: “Son zamanlar alternativlərdən istifadəyə meyillilik daha çox artıb. Bu baxımdan bu məhsulların istehlak səbətindən çıxarılması haqqında qərar qəbul edilib.Bu, əsasən istehlakın həcmilə əlaqəlidir.Statistika Komitəsi bu məhsulların adambaşına illik istehlak səviyyəsini ölçür. Əgər bu, orta azərbaycanlının istifadə etdiyi kateqoriyaya daxil məhsul deyilsə, bu zaman hökumətin həmin məhsulu siyahıdan çıxarmağa ixtiyarı var. Dəri üst geyimlərinin az istifadə edilməsində müxtəlif faktorların təsiri var. Zövqlər dəyişir və artıq bu kimi məhsulların alternativləri var. Bəzi hallarda müəyyən ictimai təşkilatlar da dəri məhsullarının istehlak edilməməsilə bağlı maarifləndirici tədbirlər aparır. Bütövlükdə bu da son nəticədə istehlakın həcminə təsir göstərir. Təbii ki, burda məhsulun qiymətini də gözardı etməmək lazımdı.Təbii dəri digər alternativlərlə müqayisədə baha olur.Bu da seçim zamanı istehlakçının digərlərinə üstünlük verməsinə gətirib çıxardır.Amma burda ənənələrinin, dövrün tələbinin, insanların davranışlarının da təsirləri vardı.Birmənalı şəkildə demək olmaz ki, dəri məhsullara tələbat yalnız onların qiymətinin baha olması, yaxud da vətəndaşların alıcılıq qabiliyyətinin zəif olmasından qaynaqlanır. Çünki bir sıra hallarda müşahidə edirik ki, hətta dəri məhsullar digər alternativlərindən nisbətən daha ucuz qiymətə təklif olunur.Səbəb bu istiqamətdə alıcılığın daha aşağı olmasıdır.Yəni, günümüzün orta azərbaycanlısının zövqünə uyğun deyil.Bu baxımdan burda istehlakın səviyyəsi azalan istiqamətdə olur.Ola bilsin ki, gələcəkdə bu tendensiya yenidən dəyişə bilər.Belə olan halda ölkədə daha dəqiq və orta göstəricinin istehlak səbətinin müəyyənləşdirilməsi üçün yenidən bu məhsulların siyahıya qaytarılması mümkündür”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

05:55