Dağlıq Qarabağ: Şərab butulkasından süzülən terror

“The World”: “Ermənistan və Dağlıq Qarabağ iqtisadiyyatın məhv olub”
Ermənilərin oğurladığı milyardlar sahibinə qayıdır
ABŞ-ın Boston şəhərindən yayımlanan “The World” radiosu 30 il erməni işğalı altında olan ərazilərdə şərab istehsalı ilə məşğul olan sahibkarlarla bağlı maraqlı reportaj hazırlayıb. Bədnam qonşumuza canıyananlıqla qələmə alınmış məqalədə Azərbaycanın qələbə ilə başa vurduğu Vətən Müharibəsindən sonra yerli sahibkarların üzləşdiyi acınacaqlı vəziyyət haqqında ətraflı məlumat verilir.
Yazar Andrew Connelly qeyd edir ki, müharibə məhsul yığımı dövrünə təsadüf etdiyinə görə üzüm salxımları tənəkdə qaldı, nar ağaclarının da məhsulunu yığan olmadı.
Stepanakert (Xankəndi) konyak zavodunun icraçı direktoru Vladik Alibabayan deyir: “Əvvəl biz hər il 1.700 ton üzüm yığırdıq. Yetişdirdiyimiz üzüm və nar sahələrinin bir hissəsi indi Azərbaycanın nəzarəti altına keçib, ona görə də bundan sonra işlərin necə gedəcəyi qeyri-müəyyəndir. Ancaq aydındır ki, yerli şərab istehsalında ciddi geriləmə olacaq”.
David Astsatryan yerli “xndoqni” (khndoghni) üzüm növünü tərifləyir: “ Başqa üzüm növlərinə heç ehtiyac da yoxdur. Bu üzüm növü Qarabağın ticarət markasıdır. Bu üzümü apar Ermənistanda ək, onun dadı tamam fərqli olacaq. “Xndoqni” erməni dilində gülüş, qəhqəhə deməkdir. Təəssüf ki, bu il gülmək üçün elə bir əsasımız yoxdur”.
O, jurnalistə deyir ki, Azərbaycan Şuşanı ələ keçirəndən sonra müharibə dayandı. İndi buralardan qaçıb getmiş ermənilər yenidən Stapanakertə (Xankəndi) qayıdır: “Görürəm ki, onlar geri dönürlər. Ancaq həyat əvvəlki axarına dönməyib. Gözləyək görək, axırı necə olur”.
Məqalədə deyilir ki, Vahe Keuşquerian Ermənistanın ən yaxşı şərab istehsalçılarından biridir. Onun üçün insanları müharibə zonasında yerləşən, tanınmayan bir ölkənin üzüm bağlarına investisiya qoymağa təşviq etmək heç vaxt asan olmayıb. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.
Vahe Keuşquerian deyir ki, üzümçülük ağır sahədir. Bu işə sərmayə qoyursan. Yalnız 10 ildən sonra əkdiyin üzümdən xeyir gəlməyə başlayır.
Əgər söhbət ermənilərdən gedirsə, deməli, Nuh dövründən bəhs etmək gərəkir. Söhbət açdığım bu məqalə də istisna deyil. Belə ki, yazar Andrew Connelly ermənilərə istinadən yazır ki, Ermənistan dünyanın ən qədim şərab istehsal edən ölkələrindən biridir. Arxeoloqlar 6 min il əvvələ aid şərab saxlanan gildən hazırlanmış müxtəlif qabların qalıqların aşkar ediblər. Lakin ölkənin təlatümlü tarixi ona Qafqazın Napa Vadisi (Kaliforniyanın Şərab ölkəsi. Üzümçülüyü ilə dünyada məşhurdur. E.H) olmağa imkan vermədi. Belə ki, Sovet iqtisadiyyatı 70 il ərzində Ermənistandan şərab əvəzinə konyak istehsalına üstünlük verməsini tələb etdi. 1980-ci illərdəki yoxsulluq və Azərbaycanla münaqişə də yerli şərab sənayesinin inkişafına əngəl törədirdi.
Mariam Saghatelyan isə açıqlamasında deyir ki, ancaq son on ildə Ermənistanda şərab istehsalı sahəsində ciddi inkişaf qeydə alınıb. 2012-ci ildə satışda yalnız 10 yerli şərabı var idi, indi isə 180-dən çox şərab çeşidi satışdadır. Ən çox satılan isə Dağlıq Qarabağ üzümündən çəkilən şərablardır.
Məqalədə vurğulanır ki, yerli ermənilər erməni diasporunun onlara bundan sonra daha çox dəstək verəcəyini düşünürlər. Vəziyyət isə o qədər də ürəkaçan deyil. Müharibə və Covid-19 pandemiyası Ermənistan və Dağlıq Qarabağ iqtisadiyyatın məhv edib. Buna rəğmən onlar gələcəyə ümidlə baxırlar.
Son olaraq onu da qeyd edək ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi iqtisadi inkişafımıza yeni təkan verəcək. Üzümçülük, taxılçılıq, pambıqçılıq, tütünçülük, heyvandarlıq kimi sahələr çiçəklənmə mərhələsinə daxil olacaq. Bu isə ölkəmizin siyasi və iqtisadi qüdrətinin daha da güclənməsinə gətirib çıxaracaq. Müvafiq olaraq, işğal altındakı ərazilərdən əldə olunan milyardlarla dolları əldən verən ermənilərin pərişan çöhrəsinə qara boya ilə yeni cizgilər əlavə olunacaq.
Elbəyi Həsənli, Sürix
Armenian winemakers hope to maintain ancient tradition following war (pri.org)
Xudaferin.eu

16:23