Dağıstandan azərbaycanlılar üçün milyardlıq “tələsi”

Azərbaycanlı sahibkarlar istehsal etdiyi malları xarici bazarlara çıxarmaqda çətinlik çəkirlər. Sahibkarlar ən böyük problemləri sərhəd keçid məntəqələrində yaşayırlar.  Xaricə çıxarmaq istədikləri məhsullar uzun müddət gömrükdə gözlədilir. Bir çox hallarda “yaş” mallar gömrükdə xarab olur və istifadəyə yarasız hala gəlir. Dağıstan prezidenti  Ramazan Abdulatipov bu problemin həlli üçün qeyri-adi təkliflə çıxış etmişdi. Belə ki, Dağıstan prezidenti “sərhəddi rahat keçmək istəyirsinizsə, gəlin, bizim ərazilərdə əkin” deyə bildirmişdi. Abdulatipov azərbaycanlı sahibkarları işləmək üçün öz torpaqlarına dəvət edib. Bu sahibkarların işini asanlaşdırsa da eyni zamanda Azərbaycan üçün daha ciddi problemlərə yol açacaq. Ölkəmiz böhran vəziyyətindədir, iqtsadiyyat çökür. Bir yandan sahibkarlar ölkədən getsə, vəziyyət daha da ağırlaşacaq. İnvestorların ölkədən çıxarılması üçün səslənən bu fikirlər problemi həll etmək əvəzinə vəziyyəti çətinləşdirib. Dağıstanın gömrük xidmətləri Azərbaycandan gedən məhsulları ölkəyə buraxmırlar. Onlara süni maneələr yaradaraq uzun müddət neytral zonada gözlədirlər. Bu problemin yaranmasının izahı əslində sadədir. Dağıstan prezidentinin təklifi elə-belə söz xatirinə deyilməmişdi. İnvestorları Azərbaycandan çıxararaq Dağıstana aparmaq üçün özləri süni problemlər yaradırlar. Bu cür problemlərin yaradılması sahibkarları məhz Dağıstan ərazisində işləməyə məcbur etməyə hesablanıb.

Hökumətin yanaşması dəyişməlidir

R. Abdulatipovun dediklərini nəzərə alsaq əgər, Azərbaycan hökuməti bu problemin həlli üçün ciddi addımlar atmasa, Azərbaycanda sahibkarlıq yox olacaq. Onsuz da ölkədə xırda və orta sahibkarlığın yalnız adı var. Əlində imkanı olan xırda və orta sahibkar Azərbaycanda işləməyin mümkünsüzlüyünü bilir və əlindəki vəsaiti aparıb Dağıstanda xərcləyəcək. Bundan itirən yalnız Azərbaycan iqtisadiyyatı olacaq. Azərbaycanda istehlak mallarının 95 faizi xammal hesabına təmin olunur. Ölkədə qalan az sayda sahibkar ölkəni tərk etsə, bu rəqəm 100 faiz olacaq. Bu ölkədə işsizliyin daha da artmasına səbəb olacaq. Dağıstan tərəfinin atdığı addımları buna hesablanıb. Hökumətin bu məsələyə yanaşması kökündən dəyişməlidir. Sahibkarlığın inkişafı üçün azad ticarət zonası yaradılmalıdır və sahibkarlara təminatlar verilməlidir. Əks halda Dağıstan rəhbərliyinin “fəaliyyəti” öz nəticəsini verəcək. Azərbaycanda hal-hazırda azad ticarətdən danışmaq mümkünsüzdür. Çünki sahibkarlar istehsal etdikləri məhsulları nəinki xarici bazara, daxili bazara da çıxara bilmirlər. Bunun səbəbi iqtisadiyyatımızın ən böyük bəlası olan monopoliyadır. Təsadüfi deyil ki, daxili bazarlarda satılan malların 90-95 faizi eyni şirkətə və ya 1 şəxsə aiddir. İkinci, bir şəxsin bazara girməsi mümkün deyil.  Qiymətlərin baha olmasının səbəbi bununla bağlıdır. Bazarda rəqabət olmadığı üçün qiymətləri necə istəyirlər tənzimləyirlər. Bu problem öz həllini tapmasa, Azərbaycan iqtisadiyyatı çox şey itirəcək. Onsuz da Azərbaycan iqtisadiyyatı uzun illərdir neftdən asılılıqdan xilas olub inkişaf mərhələsinə keçə bilmir. Vəziyyət belə davam edərsə, bir müddətdən sonra Azərbaycanda qalan 5 faiz sahibkar da Dağıstana “qaçacaq”. Sonra isə vəziyyəti düzəltmək daha çətin olacaq.

Vilayət Muxtar
(Cebhe.info)

11:03