Dağıstanda qondarma “erməni soyqırımı” tanınır

Qonşu bölgənin sabiq prezidentləri olmuş Məhəmmədəli Məhəmmədov, Muxu Əliyev və Məhəmmədsalam Məhəmmədovun dönəmində bölgədə yaşayan 12 minlik ermənilər heç bir zaman uydurma “erməni soyqırımı” adına hansısa təşəbbüslər göstərilməzi. Son dörd ildə Ramazan Abdulatipovun prezidentiliyi zamanı bu saxta soyıqırım adına anım törənləri keçirilir. Çarlıq Rusiyasının Güney Qafqazı daim təhdid altında saxlamaq üçün “Kvareli-Tələtər Yolu”, bəzən fərqli vasitələrlə Azərbaycan və Gürcüstana qarşı aparılan hədəfləri sərgiləyən Ramazan Abdulatipov hər dəfə dəyişkən mövqeyi ilə anlaşılmayan addımlarla qonşu dövlətləri çaşbaş salır. Bütün bunlar azmış kimi,  bizlərdən rəhbəri olduğu bölgəyə yatırımlar qoyulması təkliflərini irəli sürür. Onun buna nə qədər haqqı çatır? Mexaniki konqlomeratlıq siyasətinin qarşısını kimsənin almaq iddiası belə yoxdur. Elə buna görə də, Dağıstan üzərindən istənilən soyuq duş hədəfləri sərgilənir.  

Demokratiyaya xəyanətdəki sürüşkən mövqe

1991-1994-cü illərdə Rusiyada Boris Yeltsin demokratiyasının yanında “Qafqaz xalqları” adına yer alan Ramazan Abdulatipov qısa bir zaman içində bir neçə dəfə mövqelərini dəyişmişdir. Öncə keçmiş Sovetlər Birliyinin qorunması tərəfdarlarının, daha sonra isə demokratların yanında duran bu şəxs öz silahdaşları olan Ruslan Xasbulatov (Dövlət Dumasının sədri) və vitse-prezident Aleksandr Rustkoyun dövlət çevrilişçi hərəkatının sıralarında yer alıb. Bunun ardınca isə Azərbaycanda “Qanlı 20 Yanvar Faciəsi”nin baş memarı olan Vadim Bakatinin prezident seçkisində onun baş yardımçısı olub. 4 oktyabr 1993-cü ildə dövlət çevrilişinə rəhbərlik edənləri sataraq Yeltsinin tərəfinə keçib. 1993-1999-cu illərdə keçmiş Sovetlər Birliyinin üzvü olan dövlətlərə təsir siyasətininin başında duran, “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsinə çalışan, Bakıda “Qanlı 20 Yanvar Faciəsi”nin törədilməsinə rəhbərlik edən Yevgeni Primakovun komandasının aparıcı simalarından biri olub. 2013-cü ildə isə Rusiyanın imperiya siyasətini yenidən alovlandıran prezident Vladimir Putinin əmri ilə Dağıstana prezident təyin edilib. Onun prezident olduğu dönəmdə isə 200 mindən çox azərbaycanlı əhalisi olan Dərbənd şəhərində soydaşlarımızın geniş mənada hüquqlarının tapdalanması siyasəti aparılıb.  Demək olar ki, bu qədim Azərbaycan şəhəri etnik bölücülük siyasəti aparan güclərin nəzarətinə keçib. Beləliklə də Dağıstanda Azərbaycana qarşı bir çox mərkəzlərin fəaliyyətinə rəsmi status verilib. Yerli əhalini çaşdıran və fərqli hədəflərə hesablanmış taktikasının bəlirsizliyi indi də davam edir. “Effektiv dövlət idarəetməsi”, “Təhlükəsiz Dağıstan”, “Yeni sənayeləşmə”, “Sahibkarlıq –Dağıstanın dayağıdır”, “Diaspor-Dağıstanın gücüdür”, “Federal yatırımların cəlb edilməsi”, “Anti korrupsiya”, “Effektiv böldəsəl inkişaf”, “Maarifçi Dağıstan” və “Yeni Dağıstan brendi” ideyaları irəli sürməklə öz hakimiyyətini qorumaq siyasətini aparır. Onun prezidentliyi dönəmində kumuk və noqay türklərinə məxsus tarixi ərazilərin digər xalqların nəzarətinə keçməsi siyasəti də təsdiq edir ki, hansı gizli təhlükəli oyunları oynayır. Dərbənddə süni şəkildə Azərbaycan Türklərinin sıxışdırılması taktikası, yerli işadamlarının, məmurların və mədəniyyət mərkəzlərinin tamamilə iflic duruma gətirilməsi, fabrik və zavodların özgə millətlərin nəzarətinə keçirilməsi təsdiq edir ki, Ramazan Abdulatipov heç bir zaman Azərbaycan Türkünün dostu olmayacaq. “Güney Dağıstan” adı altında bölgənin bölücü “Ləzgistan”a çevrilməsi ideyasının sürətli inkişafı onun prezidentliyi çağında baş verib. Bununla yanaşı, çoxmillətli Dağıstanda xalqlararası dostluq siyasəti demək olar ki, yox kimidir. Dargin-avar, kumuk-avar, Azərbaycan-ləzgi, tabasaran-ləzgi, lak-kumuk, noqay-avar münasibətlərinin qarşıdurmasına yol açan bəlirsiz konfliktlərin memarı kimi hamı “bığları qara boyalı” Ramazan Abdulatipovu suçlayır.  

Erməni sevgisinin alt qatındakı düzən

R. Abdulatipov 2013-cü ildə prezident kürsüsünü məngirlədikdən sonra, Dağıstanda Ermənistan istehsalı olan məhsulların miqdarı 30 dəfə artmışdır. Faktiki olaraq başkənd Maxçqalada Ermənistanın brendi olan malların ticarəti ən üstün səviyyəyə qaldırlıb. Bu azmış kimi, Rusiyanın Krasnodar, Stavropol, Rostov və digər vilayətlərindəki ermənilərə məxsus şirkətlərin istehsalının geniş miqyasda təmsil olunması üçün imkanlar yaradılıb. Dərbəndin yaxınlığındakı Mollaxəlil (Nügədi), Torpaq Qala, Bilici, Yağdıq kəndlərinin və eləcə də Antsuh, Tsaxur, Xunzax, Akar, Aşitil, Qidatlı, Datun, Göysu (avarca Koysu), Qini Çutl, Axalçi, Çondotl, Oboda, Batlux, Tlontoda, Xuştada, Çox, Uçadadan, Tadralı, Batlaiç, Qala, Ruquc, Unsokol, Qonoda, Batsa, Unti, Tindi,  Şulani, Kavanada, Xuştada bölgələrindəki qədim Alban kilsələri və abidələrinin “erməniləşdirilməsi” siyasəti artıq gündəmdədir. Bu yöndə “Quzey Qafqaz Erməni Apostol Kilsəsi” genişmiqyaslı işlər görür. Bu strateji hədəflərdə yer alan digər oyunlara avar və ləzgi xalqlarınıda cəlb edə biliblər. Qafqazdakı əski türk mədəniyyətinin izlərini yox edərək, “Böyük Ermənsitan”, “Avarstan” və “Ləzgistan” üçlü düsturu ilə aborigen statusunun verilməsi strategiyasının təməl prinsipi Qafqazda Türkləri inkar siyasətinin dərin genetik proseslərə çevrilməsidir. Bu yöndə son illər Ermənistan, Rusiya, Quzey Osetiya və Dağıstanda konfranslar belə keçirilib, kitablar dərc edilib. Bütün bunlarla yanaşı, Dağıstanda süni şəkildə qızışdırılan “Avarstan” və “Ləzgistan” ideyasının təkib hissəsi kimi Azərbaycanın tarixi ərazilərinə qarşı iddiaların ictimailəşdirilməsinə çalışılır. 2013-cü ilin 15 noyabr tarixində Dərbənddə o dönəmdə şəhər meri olan və bölücü “Sadval” təşkilatının mənəvi lideri sayılan İmam Yarəliyevin təşəbbüsü ilə “Qafqaz Albaniyasının tarixi və xristianlığın 1700 illiyi” adlı elmi konfrans keçirildi. Toplantıda hətta yerli tarixçilər də erməni falsifikatorlarının yalanlarını onlara sübut edə bilmədilər.  Maxaçqala və Qroznı kilsələrinin başçısı Yepiskop Varlaam, informasiya və mətbuat naziri Aznaur Acıyev, Dərbəndin meri İmam Yarəliyev, təhsil nazirinin müavini Nəzir Məhəmmədov, milli siyasət nazirinin müavini Təkrar Əhmədov, nazirlər kabinetinin yanında dini qurumlarla əlaqlər komitəsinin bölüm müdiri Məhəmmədəli Qaparov və digər yüksək çinli məmurlar ermənilərin təşəbbüsünə dolayı yolla dəstək verdilər. Məhz bundan sonra Dərbənddəki erməni icmasının sədri Viktor Danielyanın rəhbərliyi altında Dərbəndin azərbaycanlılar yaşayan ətraf kəndlərdə əski Alban abidələrinin erməniləşdirilməsinə başlanıldı. Hər şey Ramazan Abdulatipovun zahirən susqun görünən himayəsi altında baş vermişdir.  2014, 2015 və 2016-cı illərdə başkənd Maxaçqalada Ramazan Abdulatipovun ən çox güvəndiyi milli siyasət üzrə nazir Tatyana Qamaleyin rəhbərliyi altında “erməni soyqırmı”nın anım törənləri keçirilir. Onun hər dəfə bu törənlərdə etdiyi çıxışı oxucularımıza təqdim etməyi vacib bilirik: “Dağıstan xalqı erməni xalqının bu qəmli günlərini onlarla paylaşmağı vacib sayır. Bu çox üzücü bir tarixi yaddaşdır. Hər il ermənilər bu ağır faciənin anım törənlərini keçirirlərsə, deməli, gerçəkdən soyqırım faciəsi baş vermişdir. Ona görə də, bu bəşəri faciəni erməni xalqı ilə birgə anmalıyıq. Ermənilərsiz Dağıstanı təsəvvür etmək mümkün deyil”. Hər dəfə törənlər keçirilən ərəfədə uydurma “erməni soyqırımı” adına filmlər də nümayiş etdirilir. Bu törənlər bölgədə dövlət siyasətinin hədəfi sayılan  “Rəsul Həmzətov adına Dağıstan Milli Kitabxanası”nda keçirilir. Tədbirin sponsorları isə Rusiya Mədəniyyət Fondu və Dağıstan Erməni Mərdəniyyət Mərkəzidir. Hər dəfə bu törəndə dünya türklərinə lənətlər yağdırılır. Hətta Kizlər rayonunun Qardağlı kəndində yaşayan ermənilər üçün ayrıca “soyqırım abidəsi” də ucaldılıb. 

Bakıdan imdad diləməklə nələr istənilir    

Son bir ildə Dağıstan prezidenti Ramazan Abdulatipov düz üç dəfə Azərbaycana rəsmi səfərə gəlib. Ən son gəlişində populistcəsinə: “Mən Azərbaycanda bütün işadamlarına öz şəxsi mobil telefon nömrəmi vermişəm. Kim istəyirsə, heç bir problem olmadan gəlib Dağıstanda istədiyi səviyyədə yatırımlar qoya bilər” kimi fikirlərini səsləndirib. Hətta bir sıra cəlbedici təkliflərdə bulunub. Bütün rəsmi görüşlərdə isə Dağıstanda Azərbaycana qarşı genişmiqyaslı təbliğat ruporu olan “Свободная Республика”, “Черновик”, “Новое Дело” qəzetlərinin və “РИА Новости” informasiya agentliyinin fəaliyyətləri müzakirəyə çıxarılmadı. Özəlliklə “Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyəti Mədəni Mərkəzi” tərəfindən gündəlik fəaliyyət dairəsinə daxil olan etnik bölücü siyasətlərin durdurulması  üçün təşəbbüslər belə irəli sürülmədi. Azərbaycanın Dərbəndlə bağlı tarixi izlərinin süni şəkildə yox edilməsi planlarının açıqlanması, Türk Dünyasının şanlı tarixi salnaməsi olan Göy Türk, Kuman, Xəzər, Alan, Səlcuqlu, Moğol, Ağ Qoyunlu, Qara Qoyunlu,   Teymuroğluları, Altun Orda, Səfəvilər, Ovşaroğluları, Qacarlar kimi dövlətlərə qarşı orta və ali məktəblərdə aparılan təbliğatlar, hətta türkü təhqir abidələrinin inşası məsələləri də iki bölgə arasında daim müzakirə mövzusu olmalıdır. Bütün bunları görməzlikdən gələrək “mehriban” və “səmimi” qonuşuluq düsuturu heç bir zaman gerçəkliyini əldə edə bilməz. 2015-ci ildə Azərbaycan-Dağıstan arasında 161 milyon 100 min dollar həcmində ticarət əlaqəsi olub. Bunun 140 milyon 300 min dolları Azərbaycanın payına düşür. Halbuki, 2014-cü ildə iki bölgə arasında ticarət əlaqələrinin həcmi 278 milyon 800 min dollar olub. İldən-ilə iqtisadi və ticarət əlaqələrinin zəifləməsinin səbəbi isə Dağıstanın suçu ucbatından olub. Ona görə ki, Dağıstan ənənəvi “dotasiya” hədəflərinə söykəmli addımlar atmaqla yanaşı, həm də Azərbaycana “sələfilik”, “etnik bölücülük” və digər “kriminal” ünsürlərlə münasibət sərgiləmişdir. Azərbaycan Dağıstanda “Ticarət Lojistik Mərkəzi”ni qurmaq, etibarlı qonşuluq şəraitində gərəkən inkişaf modelini təklif edib. Dərbənd şəhəri daxil, üzlük daşlarının emalı, sement və digər inşaat materialalrının istehsalı zavodlarının, mebel və qida sənayesi üçün gərəkən fabriklərin yaradılması üçün çoxsaylı təkliflər irəli sürüb. Bunun qarşılığında isə Dağıstan siyahıya alınmada Azərbaycan Türklərinin sayını azaltmaq taktikasını sərgiləyib. Dağıstan parlamentində, yerli özünü idarəetmə strukturlarında və hökumətdə təmsil olunmamızı sıxışdırmaq taktikası ilə hərəkət edib. Adicə “Samur Sərhəd Keçid Məntəqəsi”ndə Azərbaycan vətəndaşlarına qarşı qaba rəftarla davranışlar adi xarakter daşıyır. “Güney Dağıstan” və ya “Ləzgistan” ideyaları ilə təhdid olunan Azərbaycandan iqtisadi və ticarət əlaqələrinin inkişafı və yatırımların yapılması üçün təkliflər etməzdən öncə gündəmdə olan neqativ halların aradan qaldırılması üçün çalışılmalıdır. Dağıstanda Azərbaycan, Noqay, Kumuk  Türklərinin inkarı siyasətinə son qoyulmalıdır. Yüzillərdir xalqların birlik və bərabərlik düzəninə zərbə vuran erməni siyasəti durdurulmalıdır. Etnik bölücülük hədəflərinin qarşısı alınmalıdır. Bütün bunlara əməl olunmazsa, Dağıstan-Azərbaycan əlaqələri də inkişaf edə bilməz.     

Ənvər BÖRÜSOY

12:23