“Çox insanlar ipoteka kreditini ödəmək iqtidarında deyil” – Ekspertdən mənzil bazarındakı böhranla bağlı şərh

 

Bir müddət əvvəl kommersiya bankları ipoteka kreditlərini dayandırsa da, hazırda bəzi banklarda kredit verilişi bərpa olunub. "PAŞA Bank" ASC, "UniBank" KB ASC"Kapital Bank" ASC, “AtaBank” ASC, “Bank Respublika" ASC, "Bank of Baku" ASC , “Muğanbank" ASC, “Yapı Kredi Bank” QSC, “Xalq” Bank ASC, "Bank BTB" öz müştərilərinə ipoteka kreditləri təklif edən banklar sırasındadırlar. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən başlayır.

Maraqlı məqam budur ki, ipoteka kreditlərinin verilməsi bərpa olunsa da, vətəndaşların buna marağı olduqca aşağıdır. İqtisadçı Vüqar Bayramov bunun səbəblərini açıqlayıb. O deyib ki, ipoteka kreditlərinə marağın azalmasının ilkin səbəbi sosial ev layihəsilə bağlıdır: “Birincisi, vətəndaşların bir qismi sosial ipotekadan deyil, sosial evdən faydalanmaq niyyətindədir. O baxımdan sosial evlərə müraciətlə bağlı qeydiyyatı gözləyirlər. Yəni əvvəllər ipoteka krediti ilə evə sahib olmaq istəyənlərin hazırda sosial ev almaq istəyi sosial ipotekaya müraciət sayının azalmasına gətirib çıxarıb. İkinci səbəb mənzil bazarındakı qiymətlərdə olan durğunluqla bağlıdır. Xüsusilə də ipoteka götürüb ev almaq istəyən vətəndaşlar qiymətlərin daha da ucuzlaşacağını güman etdiklərindən gözləmə mövqeyindədirlər. Onlar bir növ qiymətlər düşdükdən sonra ipoteka kreditlərinə müraciət etmək niyyətindədirlər. 2014-cü ildən ucuzlaşma müşahidə edildiyini nəzərə alsaq, bazarda qiymətlərin daha da ucuzlaşacağı ilə bağlı proqnozlar ipoteka krediti alanların gözləmə mövqeyinə üstünlük verməsinə gətirib çıxarır. Üçüncü səbəb kredit tarixçəsilə bağlıdır. Xüsusilə də ipoteka kreditlərinə müraciət etmək imkanı olan vətəndaşların bir qisminin xarici valyutada götürdükləri kreditləri qaytarmaqda çətinlikləri var. Bu baxımdan onların ipoteka kreditlərinə müraciət imkanları xeyli məhdudlaşır. Nəticədə bu da ipoteka kreditlərinə marağın azalmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, istehlak bazarında baş verən bahalaşma da ipoteka kreditlərinə marağın azalmasına təsir edən amildir: “Sonuncu səbəb özəl sektorda iş yerlərinin azalması ilə bağlıdır. Əvvəlki illərdə özəl sektorda çalışanlar ipoteka kreditlərindən faydalana bilirdilər. Neftin qiyməti düşdükdən sonra real sektorda da durğunluq hiss olunur ki, bu iş yerlərinə, eləcə də əmək haqlarına təsir göstərir. Eyni zamanda istehlak bazarında xərclər artıb. Hətta bəzi iş yerlərini itirməyən vətəndaşlarımızın xərci həddindən çoxdur. Onlar cari xərclərlə yanaşı, ipoteka kreditlərini ödəmək iqtidarında deyillər”.

Hurriyyet.org

10:35