Cocuq Mərcanlı gerçəkləri: 23 ildir kənddə yaşayan iki ailə yol gözləyir

 

Hələ illər əvvəl cəbhə bölgəsinə avropalı qonaqlar gəlirdi. Qonaqların Ağdam rayonuna gələcəyi ilə bağlı məlumat almışdıq. Bölgədə çalışan əksər KİV nümayəndələri rayon İcra Hakimiyyətinin qarşısına toplaşmışdı. Ağdamın keçmiş icra başçısı adəti üzrə hazırlıq işləri gördürürdü ki, “gavur” qonaqların qarşılanma mərasimində bir əksiklik olmasın.

O vaxtkı başçı ümumilikdə rayona gələn bütün qonaqlara Ağdam uşaq xorunun oxuduğu “O kənd bizim kəndimizdir” adlı mahnının video-klipini təqdim edirdi. Amma bu dəfəki qonaqlar yarımcan rayonun müvəqqəti ictimai mərkəzinə “əyriplanla” təşrif buyururdular. Hər kəsin gözü göydə qalmışdı. Nəhayət helikopterin mühərriki ilə pərinin bir-birinə qarışıb çıxardığı maraqlı səsin sədaları eşidilməyə başladı. Səs eşidilən kimi elə bil ABŞ ordusunun hərbi dəniz donanmasında xidmət aparan nəhəng gəminin şəxsi heyətinə “həyacan!” siqnalı verildi. Qonaqları helikopterin düşəcəyi Quzanlı qəsəbə stadionundan icra hakimiyyətinə gətirən maşınlar tələm-tələsik “razqon” götürdülər. Çox keçmədi Avropadan gələn diplomat qonaqlarımız gəlib yetişdilər mənzil başına. Səhv etmirəmsə, qonaqların icərisində Qacqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri ƏliHəsənov və millət vəkili Qənirə Paşayeva da varıydı. Qonaqlar bir az rayonla tanış olmaq istədilər. Öncə Mədəniyyət evinə gedib “Şur” ansamblının məşq prosesi ilə tanış oldular. Ansambl əməlli-başlı “vur çatlasın, çal oynasın” elədi ki, qonaqların yol yorğunluğu canlarından çıxsın. Sonra növbəti mərhələ başladı. Hər şey plan üzrə gedirdi. Qəflətən başçı əlində bir koma disk peyda oldu və qonaqların hərəsinə birini verdi. Və dəstəni çəkdilər İcra Hakimiyyətinə...
Dəyirmi masa təşkil edilmişdi. Hər kəs masada öz yerində qərarlaşdı. Nizami Sadıqovun yan-yörəsində azərbaycanlı rəsmilər, qarşı tərəfdəsə Brazilyanın ölkəmizdəki səfiri, İsveçrədən, Almaniyadan, Hollandiyadan və s. ölkələrdən olan diplomatlar oturmuşdu. Canlı tərcümə xidməti də təşkil edilmişdi. Sözə icra başçısı başladı. Qonaqlara rayonun böyük ərazilərinin işğal altında olduğunu, işğal nəticəsində dəymiş maddi, mənəvi, habelə ekoloji ziyandan danışıb ortaya real rəqəmlər çıxardı. Bayaq konsert zamanı ürəkləri açılan xaricilərin kefləri əməlli-başlı pozulmuşdu. Yerlərində qurcalanır, dilxor-dilxor başçıya qulaq asırdılar. Nəhayət başçı söhbəti rayonun hazırkı durumundan saldı. Dedi ki, hazırda da erməni hərbçiləri rayonun cəbhə bölgəsinə yaxın ərazilərində yerləşən kəndlərində insanlara ciddi çətinliklər yaradır. İnsanları əkin-biçin aparmağa qoymurlar. Mutəmadi olaraq kəndləri tez-tez atəşə tuturlar. Sonuncu dəfə düşmən snayperi rayonun Qərvənd kəndindən olan 8 yaşlı Fariz Bədəlovu qətlə yetirib. Və birdən İsveçirədən olan qadın diplomat üzr istəyərək başçının sözünü kəsdi...

O başçıya “Hazırda Ağdamın işğal altında olan ərazilərində neçə azərbaycanlı ailəsi yaşayır?”, sualını verdi. Və məclisdə susqunluq yarandı. Hətta şüşə kabinənin arxansında oturan tərcüməçi belə məyus-məyus soydaşlarının üzünə baxırdı. Sükutu Qənirə xanım pozdu. Əcnəbinin sualına cavab olaraq bildrdi ki, 1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi vaxtı Ermənistan hərbiçiləri həm Dağlıq Qarabağ, həm də ətraf 7 rayonu işğal edərək orada yaşayan bütün azərbaycanlıları məcburi köçkünə çevirib. Yəni bu ərazilərdə həm də etnik təmizləmə işləri də aparılıb. Qonaq aldığı cavabdan çox heyrətləndi. Digərləri də həmçinin. Onlar açıq etiraf etdilər ki, belə bir məlumat yox imiş. Yəni Dağlıq Qarabağ haqq-hesabı onlara yetəri qədər ətraflı açıqlanmayıb.

Məsələdən belə qənaətə gəlmək olardı ki, Ağdama gələn qonaqların beyinlərindəki məlumatlar hardasa ermənilərin beynəlxalq ictimaiyyətə yaydığı informasiyalar ilə uyğun gəlir. Bu belə...

Sonra qonaqlar ÇİP-lərə əyləşib düz cəbhə xəttinə, düşmənin atəş altında saxladığı Çıraqlı kəndinə aparıldı. Oradan Azərbaycanın işğal altında olan əraziləri müşahidə edildi. Güllələrin dəlmə-deşik elədiyi darvazalar, divarlar əyani sübut kimi qonaqlara göstərildi. Bu da belə...

İndi sizə ən son baş vermiş bir əhvalatı danışacam. Dövlət rəsmilərimiz bu yaxın günlərdə xarici qonaqlarla media nümayəndələrini avtobusa yığıb Cəbrayılın bizdəki yeganə nişanəsi olan Cocuq Mərcanlı kəndinə apardılar. Və orada da həmin kəndi işğaldan yenicə azad edilmiş kənd kimi qələmə verdilər. Dünyanın aparıcı informasiya agentliklərinin müxbirləri də kəndi eninə-boyuna lentə alıb dünyaya car çəkdilər ki, bəs Azərbaycan işğaldan azad elədiyi kəndi minadan təmizləyir ki kənddə yaşayışı bərpa eləsin. Hələ üstəlik həmin xariciləri uzun illərdir doğma kəndi Cocuq Mərcanlıda qəhrəmancasına yaşayan bir ailənidə olduğu kimi xarici qələm sahiblərinə təqdim elədilər.

Gəlin, öz-özlüyümüzdə özümüzü qoyaq “Röyters” agentliyinin müxbirinin yerinə. Suallar yaranır: Axı illər əvvəl azərbaycanlı xanım deputat demişdi ki, işğal altında olan ərazilərdə bir dənə də olsun azərbaycanlı ailə yaşamır? Görəsən, ermənilər beynəlxal trubunalarda danışdıqları həqiqətənmi doğrudur? Görəsən, bura həqiqətən minalanıbsa, bəs bu ailə indiyə qədər burada necə yaşayıb?

Buradan yaranan həmin suallara elə mən özüm cavab verəcəyəm. Cənab xarici həmkar, bəli, bu kənd 1993-cü il 23 avqust tarixində Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Kəndin özü həmin ilin oktyabr ayından işğalçı erməni ordusu tərəfindən işğal edilsə də 1994-cü ilin yanvar ayının 5-də Azərbaycan ordusunun təşkil etdiyi uğurlu döyüş əməliyyatı nəticəsində düşmən tapdağından azad edilib. Ermənilərin beynəlxalq arenada saldığı şüvən heç vaxt öz əksini tapa bilməz. Ən azı buyurub kənddəki dağıntılara baxa bilərsiniz. Ərazilər vaxtı ilə minalanıb. Amma o vaxtlar xeyli sayda mülki və hərbi şəxslər minaya düşərək həyatını itirdikdən sonra oraların minaları ordumuz tərəfindən mümkün qədər təmizlənib. Hazırda axtarışlar aparan mütəxəssislərsə sadəcə partlamamış döyüş sursatları axtarırlar. Çünki yaxın gələcəkdə hökumət böyük qayıdış planına uyğun olaraq burada 50 yaşayış evi tikərək ölkənin hər tərəfinə səpələnib köçkünlük həyatı yaşayan kənd sakinlərinin ixtiyarına verəcək. O ki illərdir orada yaşayan iki ailəyə, onlar heç vaxt ermənilərin nəzarəti olan ərazilərdə yaşamayıblar. Sadəcə, həyatları bahasına olsa da öz dədə-baba torpaqlarını tərk etməyərək ta 94-dən bu günə qədər Cocuq Mərcanlının yeganə sakinləri olublar. Bunlar Oqtay Əliyev və Tofiq Həziyev adlı iki qardaşlardır.

Əlavə məlumat üçün onu da bildirim ki, Cocuq Mərcanlı kəndi son aprel döyüşünə qədər düşmən mövqelərindən rahat şəkildə müşahidə edildiyinə görə burada yaşayış olmayıb. Yəni, bu iki ailədən başqa heç kim öz həyatını riskə atmaq istəməyib. Lakin ötən ilin aprel ayında Azərbaycan ordusunun düşmən təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı kəndin yaxınlığındakı strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğaldan azad edilərək ordumuzun nəzarəti altına alındı. Bu da o demək idi ki, daha düşmən o yüksəklikdən bu kəndə güllə ata bilməyəcək. Beləliklə, Cəbrayılın tək nişanəsi Cocuq Mərcanlıda təhlükəsiz yaşama zəmin yarandı. Bax, işin əsli belədir. Ola bilsin ki, bizimkilər sizi yaxşı başa sala bilməyib. Ya da həmişəki kimi siz özünüz başa düşmək istəməmisiniz. Odur ki, cənablar, senyorlar, misterlər, müsyolar, sizi and verirəm o müqəddəs xaçınıza, gedib xaricdə danışmayın ki, ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlı ailələr yaşayırdı.

Elgün Gəncimsoy
Cebhe.info

 

09:28