“Cənub Qaz Dəhlizi”ndə "dumanlı" əminlik

 

İlham Şaban: “Müqavilə 2013-ci ildə imzalansa da, hələ tam əminlik yoxdur ki, bu qaz 2020-ci ilin IV rübündə onlara çatacaq, ya yox”

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.Prezident İlham Əliyev toplantıda iştirak edir. Tədbirdə, həmçinin, Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak edir. Aİ-nin nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirib ki, bu görüşün çox böyük əhəmiyyəti var: “Birincisi, 3500 km-lik bir infrastuktur yaradılır. Özü də Xəzər kimi qapalı bir hövzədə yerləşən təbii qazı dünyanın ən böyük istehlakçı bazarı ilə birləşdirməlidir. İkincisi, infrastrukturun özü çox mürəkkəbdir və biri-birindən asılı olmayan 3 müxtəlif boru kəməri konsorsiumundan ibarətdir. Yeddi ölkədən keçəcək boru kəmərlər sistemi yaradılır ki, yaxın 10 ilə qədər onun buraxıcılıq gücü də mütəmadi olaraq artırılacaq. Yəni, bunlar arasında uzlaşmanın təmin edilməsi, ən yüksək səviyyədə dialoqun yaradılması, layihələrin cari icra vəziyyətinin müzakirə edilməsi son nəticəyə qrafikə uyğun şəkildə çatmaq üçün çox mühüm məsələdir.Üçüncüsü, Avropadakı istehlakçılar heç zaman Azərbaycandan indiyə qədər qaz tədarük etməyiblər və onlar üçün Xəzər uzaq və "dumanlı" bir region olaraq qalmaqdadır. Yəni, müqavilə 2013-cü ildə imzalansa da, hələ tam əminlik yoxdur ki, bu qaz 2020-ci ilin IV rübündə onlara çatacaq, ya yox?! Burada söhbət postsovet məkanından başlayan layihədən gedir.Ümumiyyətlə, meqa infrastruktur layihələrində daim risklər mövcuddur. Götürək Rusiyanın "Cənub Axını" layihəsini və ya ABŞ-ın 3462 km-lik Keystone XL neft kəmərini (onun İV hissəsi 6 ildir reallaşmasını gözləyir və Tramp buna icazə verdi). Bu baxımdan, yüksək səviyyədə keçirilən bu formatdakı görüşlərdə səslənən bəyanatlar, fikirlər Avropadakı istehlakçılar üçün bir növ mühüm mesajlar rolunda çıxış edir”.

Ekspertin sözlərinə görə bu layihədə marağı olan tranzit ölkələr-Gürcüstan və Türkiyədir: “Onların hökumətləri, qeyri-hökumət təşkilatları Bakı Forumlarında səslənə son fikirləri öz cəmiyyətlərinə o prizmadan çatdırarlar ki, layihədən gözləntilər özünü doğruldacaqmı? Nə qədər qazanc olacaq, bunlar iqtisadiyyata, işsizliyə, iqtisadi aktivliyə illər boyu və sair indikatorlara necə təsir edəcək?Azərbaycan öz təcrübəsinə əsasən belə bir addım atıb.Məsələn, Bakı-Tbilisi-Ceyhan inşa edilən zaman bu formatda görüşlər yox idi.Nəticədə BTC əleyhinə həm Gürcüstanda, həm Türkiyədə, həm də Londonda daha nələr etmirdilər.Maraqlıdır ki, bunu həm o ölkələrin qeyri-hökumət təşkilatları edirdi, həm beynəlxalq qeyri-hökumət təşkilatları, həm də əl altından hökumətlər.Məsələn, Gürcüstanda Saakaşvili hakimiyyətə gələn kimi Borjomi məsələsi hay-küylə qalxdı, düz 6 ay boru kəmərinin tikintisi yubandı və.s.İndi isə hər şey əvvəlcədən edilir”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:09