Cəlil Məmmədquluzadənin Tiflisdəki Ev Muzeyi təmir olunacaq

 

Xeyli vaxtdır baxımsız qalan binanın divarlarında çatlar yaranıb

Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tiflsidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi də tam yararsız vəziyyətə düşüb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və müavini Mayak Nemətov böyük ədib, dramaturq Cəlil Məmmədquluzadənin Tiflisin mərkəzi Besik küçəsindəki Ev-muzeyində olublar.

D.Həsənov deyib ki, böyük ədibin ev muzeyi 1997-ci il oktyabrın 11-də açılıb. “Qeyrət” mətbəəsi də vaxtilə bu evin zirzəmisində yerləşib. Onun sözlərinə görə, Azərbaycanın Tiflisdəki səfirliyinin əməkdaşları artıq binaya baxış keçiriblər. Burada saxlanılan kitablar, avadanlıq, foto və video, jurnal və digər yazılı materialların siyahısı hazırlanıb: “Təəssüf ki, bəzi kitablar, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi yararsız vəziyyətə düşüb. Biz çalışacağıq ki, binanın təmir və yararsız vəziyyətə düşmüş mal materiallarını bərpa edək”.

Diplomat bununla əlaqədar olaraq, Azərbaycan və Gürcüstan hökumətlərinə, müvafiq strukturlara müraciət olunacağını bildirib. Cəlil Məmmədquluzadə Azərbaycan mədəniyyəti, incəsənəti və jurnalistikasının inkişafında böyük xidmətləri olmuş şəxsiyyətdir: “Böyük ədib 1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyib. Onun yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olub. “Şərqi-rus” qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi”.

Qeyd edək ki, ədibin “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilib.

İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

06:40