Çilinin “Infogate” agentliyi İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətin təhlil edildiyi məqalə yayıb

Çilinin “Infogate” xəbər agentliyində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Ermənistanla Azərbaycan arasında sülhün gələcəyi yanaşmaların ciddi nəzərdən keçirilməsini tələb edir” başlıqlı məqaləsi dərc olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət təhlil edilərək, gələcəkdə mümkün olacaq sülhə dair proseslər barədə şərhlər təsvir olunur.

Müəllif bildirir ki, müharibədən sonra münaqişənin geosiyasi nəticələri ilə bağlı Qərb mediasında çoxsaylı məqalələr dərc edilib və beynəlxalq ekspertlər və jurnalistlər daha çox Cənubi Qafqazda dayanıqlı sülhün təsirlərindən yazmaq yerinə regional güclər və qərb blokunun maraqlarından yazmağa başlayıblar.

F.Şəfiyev yazır ki, ilk dəfə 1988-ci ildə Ermənistan millətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirməyə dair “miatsum” şüarını səsləndirdiyi bir vaxtda Ermənistanda lobbiçilər və influenserlər bunu öz müqəddəratını təyinetmə mübarizəsi kimi təqdim ediblər, Qərb siyasətçiləri və ekspertləri isə bu hərəkatı sovet sistemi ilə mübarizə imkanı kimi dəyərləndiriblər: “Qərb 100 əvvəl Osmanlı imperiyası ilə mübarizədə erməni məsələsindən istifadə etdiyi kimi Ermənistanın bu layihəsinə eyni şəkildə rəğbət bəslədi”.

Müəllif qeyd edir ki, Avropa və ABŞ institutları tərəfindən maliyyələşdirilən bir sıra ekspert və alimlər müxtəlif proqram və layihələr vasitəsilə Ermənistan və Azərbaycanı barışdırmağa cəhd edirdilər, lakin hər dəfə Dağlıq Qarabağ tarixi Ermənistan ərazisi kimi göstərilirdi. Azərbaycan isə hər zaman Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilməsi zəmanəti ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geri qaytarılmasında israr edib.

Müəllif münaqişə ilə bağlı vasitəçilərin təqdim etdiyi Madrid Prinsiplərindən yazır və bunun hər iki münaqişə ölkəsi tərəfindən qəbul edilməsinə baxmayaraq, beynəlxalq vasitəçilərin onun müddəalarını icra etmək üçün Ermənistana heç bir təzyiq göstərmədiyini diqqətə çatdırır.

Məqalədə bildirilir ki, Ermənistan qonşuları ilə yaxşı münasibətlərə meyillənməklə gələcəklə bağlı yeni yanaşma sərgiləməlidir. Belə ki, Yerevan Dağlıq Qarabağın müstəqilliyi və digər absurd iddiaları davam etdirsə, ölkə gələcəkdə müstəqil xarici və iqtisadi siyasəti olmayan daha dərin təcrid vəziyyətinə düşəcək. Müəllifin sözlərinə görə, ən acınacaqlısı odur ki, Ermənistandakı vəziyyəti pisləyən Qərb, bu ölkəni hazırkı vəziyyətə salan mövqeyi təkrar səsləndirməyə davam edir. Bu baxımdan, müəllif Fransa Prezidentinin anti-Azərbaycan açıqlamalarını və Fransa Senatının Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyən bəyanatını xatırladır. Qeyd edir ki, bölgədə Rusiya-Türkiyə əməkdaşlığı münaqişənin həllində aktiv iştirak edə bilməyən Qərb gücləri arasında qısqanclığa səbəb olub: “Rəsmi Moskva və Ankara Qafqazdakı iki etnik qrupu bir araya gətirmək üzərində işləyə bilər və bu kimi səylər dəstək görəcək”.

Müəllifin sözlərinə görə, təəssüf ki, bu günə kimi verilmiş siqnallar gələcəkdə davamlı sülhün qurulması ilə bağlı kəskin dəyişikliklərlə bağlı az ümid verir, lakin bununla yanaşı, gələcək əməkdaşlıqla bağlı bir sıra fikirlər artıq səsləndirilib. O, bu baxımdan Prezident İlham Əliyevin dekabrın 1-də xalqa etdiyi müraciətində Naxçıvana çəkiləcək dəhlizin bütün regional ölkələr üçün yeni imkanlar açacağına dair açıqlamasına diqqət çəkir.

Xudaferin.eu

16:09