Çilinin “Infogate” agentliyi: Dağlıq Qarabağda hərtərəfli əməkdaşlığa kömək edilməsi Cənubi Qafqazda çoxdan gözlənilən sülhə və sabitliyə gətirib çıxara bilər

Çilinin “Infogate” xəbər agentliyinin saytında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərovanın “Bərpa, yenidənqurma, barışıq və reinteqrasiya: Azərbaycan necə irəliləməyi planlaşdırır” sərlövhəli məqaləsi dərc edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, materialda Ermənistan ilə 44 günlük müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən söhbət açılır.

Qeyd edilir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2021-ci ilin büdcəsindən 2 milyard manatdan artıq vəsait ayırıb.

Ekspert yazır ki, işğal illərində Ermənistan tərəfindən minalanmış ərazilərin təmizlənməsi təhlükəsizliklə bağlı son dərəcə mühüm məsələdir. Azərbaycan ekspertləri bəyan ediblər ki, minalanmış ərazilərin tam neytrallaşdırılması üçün 10 ildən çox vaxt tələb edilə bilər. Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana verməkdən imtina etməsi bu məsələni daha da mürəkkəbləşdirir. Materilda qeyd edirlir ki, bu problemlərə baxmayaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparmaq əzmindədir və həmin əraziləri “ağıllı” şəhərlər kimi bərpa etmək nəzərdə tutulur. Bu məqsədlə ilk pilot layihəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində həyata keçiriləcək. Şəhərlərin bərpasından əlavə, yeni avtomobil yolları və dəmir yollar, azad edilmiş Füzuli və Zəngilan rayonlarında yeni beynəlxalq aeroportlar, Horadiz-Zəngilan-Ağbənd dəmiryolunun tikintisi də planlaşdırılır. Azərbaycanın işğaldan azad edilmiş rayonları bərpa olunan enerji mənbələri kimi böyük potensiala malik olan yaşıl enerji zonaları elan edilib. Azərbaycanın bütün su ehtiyatlarının 25 faizi Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə yerləşir. Lakin Çili xəbər agentliyinin materialında qeyd olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpası və cari yenidənqurma planları daha bir mürəkkəb məsələ - qonşu Ermənistanla barışığa nail olmaq və Qarabağın erməni əhalisinin reintenqrasiyası məsələsi ilə paralel olaraq həyata keçirilir.

Regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və hərətəfli regional əməkdaşlığa kömək edilməsi nəticə etibarilə Cənubi Qafqazda çoxdan gözlənilən sülhə və sabitliyə gətirib çıxara bilər. Bundan əlavə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu tədbirlər iki xalqın barışması yolunda tarixi şansdır. Müharibədən sonrakı dövrdə Azərbaycanın Ermənistana münasibətdə tətbiq etdiyi çoxsaylı güzəştlər bu inamın əsassız olmadığını göstərir. Məsələn, erməni əhali tərəfindən Gorus-Qafan şosse yolundan istifadə edilməsinə, Qarabağda erməni əhaliyə humanitar yardım göstərilməsinə, Azərbaycan ərazisindən keçməklə Ermənistana qaz nəql edilməsinə, habelə həlak olmuş çoxsaylı erməni hərbiçilərin cəsədlərinin və hərbi əsirlərin qaytarılmasına icazə verilib. Lakin Ermənistan cəmiyyətində hələ də səslənən qisasçılıq barədə fikirlər bu işə kömək etmir, əksinə, bu istiqamətdə bütün səyləri ləngidir.

Agentlik vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib: “Azərbaycan dövləti Qarabağın erməni əhalisini öz vətəndaşları hesab edir və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hər cür kömək etməyə hazırdır”.

Nigar Cəfərli

Xudaferin.eu

15:37