Çevrilişlə hakimiyyətə gələn prezident seçki ilə gedir

Qambiyanın fəaliyyətdə olan prezidenti Yahya Camme seçkiləri uduzub, – seçki komissiyasının sədri Alie Momar Ncie xəbər verib. O, müxalifətdən olan Adam Barrounun qalib gəldiyini elan edib. Barrou seçicilərin 45.5%, Camme isə 36.7% səsini qazanıb. Ölkəni 22 il idarə etmiş Yahya Camme seçkilərlə bağlı hələlik heç bir açıqlama verməyib. Gözlənilir ki, cümə günü axşam o, çıxış edərək öz rəqibini təbrik edəcək və xalqa müraciət ünvanlayacaq.

“Bu qədər uzun müddət hökuməti idarə etmiş şəxsin öz məğlubiyyətini etiraf etməsi çox unikal hadisədir”, – Qambiya seçki komissiyasının rəhbəri deyib. 51 yaşlı Yahya Camme 1994-cü ildən prezidentlik postunu tutur. O, 1965-ci ildən ölkəni idarə etmiş Dauda Cavaranı hərbi yolla devirərək hakimiyyətə gəlib. Hüquq müdafiəçiləri jurnalist və müxalifətçiləri təqib etdiyinə görə prezident Cammeni tənqid edirlər.

Azadliq.info

12:12