Cenevrədə Suriya üçün ilk planda ikitərəfli görüşlər keçirilir

 

İsveçrənin Cenevrə şəhərində Suriya ilə bağlı danışıqların 4-cü mərhələsi başlayıb.

Həmin çərçivədə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura tərəflərlə ayrı-ayrılıqda görüşüb. Mistura əvvəl Suriyadakı rejimin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri başçılığındakı heyətlə bir araya gəlib. Yarım saata yaxın davam edən görüşdən sonra Mistura müxalifət heyəti ilə görüşüb. Mistura danışıqların formatının hələ qeyri-müəyyən olduğunu dilə gətirib. Müxalifət isə dünən axşam yaydığı bəyanatda vaxt itirməmək üçün Bəşər Əsəd rejiminin heyətilə birbaşa görüşmək istədiklərini vurğulamışdı.

BMT-dəki yığıncağın açılış hissəsində müxalifət və Bəşər Əsəd rejiminin heyətlərilə yanaşı Rusiya, Türkiyə, İran və ABŞ-ın da daxil olduğu Uluslararası Dəstək Qrupu üzvlərinin nümayəndələrinin qatılacağı gözlənilir. Danışıqlarda Türkiyəni xarici işlər nazirliyinin Orta Doğu üzrə müşavir müavini Sədat Önal və müşayiətindəki heyət iştirak edir. ABŞ-nı Suriya üzrə xüsusi nümayəndə Mixael Ratney, Rusiyanı BMT-dəki Cenevrə daimi nümayəndə Aleksey Borodavkin təmsil edəcək. Rusiyanın xarici işlər nazirliyi Orta Doğu və Quzey Afrika direktoru Sergey Vershinin də Cenevrədə olacağı gözlənilir.

Mistura dünən verdiyi bəyanatda danışıqların çərçivəsinin BMT təhlükəsizlik Şurasının 2254 saylı qərarı olduğunu elan etmişdi. Həmin qərar müxalifət və rejim heyətlərinin müzakirələri nəticələndirməsindən sonra keçiş höküməti qurulmasını nəzərdə tutur. Yeni hakimiyyət 12 aylıq vəzifə müddətində yeni konstitusiya hazırlayıb ölkəni ədalətli seçkiyə aparmalıdır.

Xudaferin.eu
“Avropa Bürosu”

09:43