Cenevrədə həmyerlimizin adını daşıyan beynəlxalq müsabiqənin qalibləri təltif edilib

 

BMT-nin Cenevrə bölməsində Fransada və İsveçrədə həmvətənimiz Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbir “Millətlər sarayı”nda baş tutub.

Azərbaycan, Çin, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Polşa, Macarıstan və digər ölkələrdən olan 287 pianoçu müsabiqə boyunca 2 təsnifatda – gənclər və peşəkarlar kateqoriyalarında qüvvələrini sınayıblar. Final mərhələsində pianoçular Bethoven, Şopen kimi dünya şöhrətli bəstəkarların yaradıcılığına müraciət etməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də səsləndiriblər.
Münsiflərin qərarı əsasında üç pianoçu gənc iştirakçılar arasından, daha üç nəfər isə peşəkar iştirakçılar arasından seçilərək mükafata layiq görülüblər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 11-ci sinif şagirdi Cavid Yusifzadə isə “Gənc ümidlər” nominasiyası üzrə müsabiqənin qalibi olub. O, müsabiqənin xüsusi mükafatına layiq görülüb və Paris Konservatoriyasında təhsil almaq üçün təqaüd qazanıb. BMT Cenevrə bölməsinin baş direktoru Mixael Möller və Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxışlarında beynəlxalq müsabiqənin musiqinin, incəsənətin təbliğində xüsusi rola malik olduğunu vurğulayıb, müsabiqəyə qatılan gənc istedadları bəşəriyyətdəki sülhün, sabitliyin və inkişafın gələcək təminatçısı adlandırıblar.

Daha sonra Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Mərasim müsabiqədə qalib gəlmiş pianoçuların ifasında konsert proqramı ilə davam etdirilib. Konsert zamanı səsləndirilən dünya klassik musiqi inciləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Xudaferin.eu
“Avropa Bürosu”

09:35