Ceki Çan ilə eyni gündə doğulan "Səmalar oğlu"

Ana dilində fikrlərini çətinliklə ifadə edir- ölkədə yeganə azərbaycanlıdır ki, bunu ona heç kim irad tutmur…
 
Həqiqətin məxsus olduğu dil yoxdur, hansı dildə desən, həqiqət elə həqiqətdir…
 
Ziyalıdır - gördüklərini dilə gətirməkdən çəkinmir…
 
Avropa, Asiya və eləcə də Amerikada onu tanıyanlar var- Tanrı ona elə bir şey verib ki, o şey məkan tanımır. Biz ona ad qoymuşuq- İstedad!..
 
Sevilir - sevə-sevə yaşamağı bacardığındandır…
 
Amma arada susur- yəqin ki, itirmək istəmədiyi məramlar az deyil...
 
O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbdə orta təhsilini bitirərək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Və 1981-ci ildə ali təhsilini başa vurub, hüquqşünas ixtisasına yiyələnib.
1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu üzrə təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.
1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə yiyələnib.
1989-cu ildən indiki Azərbaycan Yazıçılar Birliyinin katibidir.
Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" və "Şöhrət" ordenlərnə layiq görülüb...
 
Onun da hamı kimi adı var, Çingiz! Mənası səmalar oğludur. Məşhur Ceki Canla eyni gündə doğulublar. Amma Ceki Can ondan beş il əvvəl "İnqa" söyləyib. İkisi də sevilir. Biri filmlərdə yaratdığı obrazlara, o biri isə ərsəyə gətirdiyi əsərlərə görə...
 
Bəli, aprelin 7-də Çingiz Abdullayevin 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Yeni yaşınız mübarək, "Səmalar oğlu"
 
Elman Eldaroğlu
 
xudaferin.eu

01:54