Cəbrayıl “vicdan məhbusları”nın həbs müddəti uzadılıb

 

Mayın 11-də Nəsimi rayon məhkəməsi Biləsuvar rayonunda qaçqın şəhərciyində elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyasında iştirak edən Cəbrayıl rayonundan olan beş məcburi köçkünün həbs müddətini bir ay uzadıb.
 

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, qərardan şikayət veriləcək. 2016-cı il dekabrın 22-də məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbədə əhalinin borcları ilə əlaqədar elektrin enerjisinin kəsilməsinə qarşı etiraz aksiyaları keçirilib. Aksiya polis tərəfindən dağıdılıb və onun beş iştirakçısı: Cəlal Quliyev, Zaur Firuz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov iğtişaşlarda, başqasının əmlakını məhv etməkdə və polisə qarşı zorakılıqda ittiham olunaraq həbs ediliblər.

Müdafiə tərəfi ittihamları əsassız hesab edir, hüquq müdafiəçiləri isə həbs olunanları siyasi məhbus elan ediblər, belə ki, onlar dinc şəkildə etirazlarını bildirirdilər. Sonradan hakimiyyət etirazçıların tələblərini qismən təmin etmək, qəsəbələri qazlaşdırmaq məcburiyyətində qalıb, çünki elektrik enerjisi ilə isinmək sakinlərə baha başa gəlirdi.

 

TURAN İA

09:18