Cəbhədə “tufanqabağı sakitlik”

Prezidentdən Ermənistan rəhbərliyinə növbəti sərt xəbərdarlıq

Sentyabrın 20-21-i tarixlərində cəbhə xəttində təxribatlara əl atan işğalçı ölkənin mövqeləri susdurulandan sonra Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttindəki gərginlik səngiyib.

Ancaq bir çox müşahidəçilər və ekspertlər şübhə etmirlər ki, bu, “tufanqabağı sakitlik” də ola bilər. Belə görünür ki, düşmən atəşkəsə riayət etməkdə maraqlı deyil və sadəcə, növbəti alçaq niyyətlərini həyata keçirmək üçün fürsət axtarır. Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi, həmçinin növbəti mövqelər əldə etmək üçün cəhdlər göstərməsi Azərbaycan xalqının nifrət hissini alovlandırıb. Elə son sutka ərzində Tovuzdakı izdihamlı dəfn mərasimi, digər həmsərhəd rayonumuzda - Qazaxda insan selinin bir araya toplaşması, ölkəmizin hər yerindən çağırış məntəqələrinə vətənpərvər ruhlu şəxslərin axışması, minlərlə könüllünün hərbi hazırlıq məntəqələrinə üz tutması düşmənə nifrətin və yüksək döyüş ruhunun növbəti nümayişidir. Artıq hər kəs əmindir ki, Qarabağı danışıqlar yolu ilə qaytarmaq mümkün olmayacaq, bıçaq sümüyə dirənib və düşmənin burnu ovulmalıdır.

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində prezident İlham Əliyev Azərbaycan xalqının adından çıxış edib və işğalçı Ermənistanla bağlı xəbərdarlıqlarını çatdırıb.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində  keçirilən Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib

Dövlət başçısı İrəvanın son təxribatlarından bəhs edərək bildirib ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Dövlət başçısı daha sonra deyib: “Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun ”Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır".

İ.Əliyev bəyan edib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir: “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Bu, həm işğalçı Ermənistana, həm də onun havadarlarına yüksək tribunadan edilən ciddi xəbərdarlıqdır. 

“Azərbaycan Prezidenti öz çıxışında Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini vurğuladı və bütün üzv dövlətlərin BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən,  gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüklərini xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, buna baxmayaraq, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib”.

Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Qeyd etdi ki, prezident İlham Əliyevin bu fikirləri BMT Nizamnaməsinin 51-ci maddəsinin sessiya iştirakçılarının diqqətinə çatdırılması kimi qəbul olunmalıdır: “BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verir. Prezident İlham Əliyev eyni zamanda bildirdi ki, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. Amma məlum olduğu kimi, beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunmasına yönəlmiş addımlar atılmır və işğalçı sülhə məcbur olunmur. Belə olduğu təqdirdə, BMT Nizamnaməsindən doğan vəzifələrin yerinə yetirilməsi Azərbaycanın üzərinə düşür”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Belə bir ehtimal da var ki, Ermənistanın növbəti dəfə Qarabağdan kənar istiqamətdə təxribatlara əl atması Paşinyanın Rusiyadan üz çevirib, Qərbə üz tutmaq istəyindən irəli gəlir. Bu istiqamətdə əvvəllər də vaxtaşırı fikirlər söyləyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iyul ayında baş verən Tovuz döyüşləri zamanı bununla bağlı dediklərinin üstündə qalır: “Ermənilərə dəfələrlə xəbərdarlıqlar edilsə də, görürük ki, onlar bu taktikadan əl çəkmək istəmirlər. Düşmənin təxribatlarının növbəti ünvanı Naxçıvan istiqamətindən ola bilər. Ermənilərin fəallaşmasının səbəbi bəllidir. Rusiyanın onlara münasibətini sınaqdan keçirib, istənilən halda Rusiyanı ittiham edib, Qərbə üz çevirmək istəyirlər. Onlar başa düşürlər ki, Ankara-Moskva qarşıdurması Rusiyanın istəmədiyi  məsələdir. Ancaq hər vəchlə gərginlik yaratmağa çalışırlar. Ona görə də növbəti təxribatları Naxçıvan istiqamətində proqnozlaşdırmaq olar”.

Ancaq T.Zülfüqarov şübhə etmir ki, Ermənistanın Naxçıvan istiqamətində təxribatlarına Türkiyədən kəskin reaksiya gələcək. Həmçinin Türkiyə və Azərbaycanın erməni işğalına qarşı birgə hərəkətə keçməsini də mümkün sayır: “Naxçıvanın təhlükəsizliyinə dair Türkiyənin beynəlxalq öhdəliyi var, həmçinin Türkiyənin müvafiq bəyanatları var. Elə son bəyanat onu göstərir ki, Türkiyə bu münaqişənin iştirakçısıdır. Türkiyə NATO ölkəsidir. NATO-nun nizamnaməsinə görə, üzv ölkələrdən hər hansı biri müharibəyə müdaxilə edər və ya ona qarşı hücum olarsa, digər üzv ölkələr qeyri-şərtsiz həmin ölkəyə hərbi yardım etməlidir. Ermənilər itki versələr də, Rusiyadan qopmaq üçün bəhanə axtarırlar. Demək istəyirlər ki, bizi müdafiəsiz qoyduğu üçün Rusiyadan üz çevirdik”.

Ermənistanın müdafiə naziri David Tonoyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşməsi təbii ki, düşmənin narahatlığından xəbər verir. Məlumata görə, Ermənistanın müdafiə naziri və Qarabağ separatçılarının lideri “təhlükəsizlik problemlərinı” müzakirə ediblər.

İşğal altında olan Qarabağdakı separatçı rejimin başçısı da vurğulayıb ki, “Ermənistan və Qarabağın hərbi imkanları daim genişləndirilməlidir”. Bir gün əvvəl Qarabağ separatçılarının başçısı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. Düşmən Azərbaycanın xəbərdarlıqlarının ciddiliyini anlayır. Vətən savaşına və düşmənin istənilən təxribatlarına cavab verməyə dövlət və millət olaraq hazır olmalıyıq!

xudaferin.eu

12:18