Cavanşir Feyziyev: Avropa Parlamentinin üzvləri Ermənistanda revanşist meylləri stimullaşdırmaq əvəzinə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışmalıdırlar

Ötən həftə Avropa Parlamentinin Fransadan olan üzvü, qurumun Təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazo Fransanın “Croix” jurnalında “Dağlıq Qarabağ kilsələrini qoruyaq” sərlövhəli yazı ilə çıxış edib. Ardınca Ermənistan mətbuatında Avropa Parlamentinin Fransadan olan digər üzvü Fransua-Xavier Belaminin bu ölkəyə səfəri, Ermənistanın xarici işlər naziri, bütün ermənilərin katolikosu və digər şəxslərlə görüşləri ilə bağlı materiallar və verdiyi bəyanatlar tirajlandı. Region üçün həssas bir mərhələdən keçdiyimiz dönəmdə Avropa Parlamentinin üzvlərinin destruktiv addımları birmənalı qarşılana bilməz.
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri, deputat Cavanşir Feyziyev məsələ ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
Son dövrlərdə Avropa Parlamentinin bir sıra üzvlərinin regionda gərginliyi artırmağa yönəlmiş bəyanatlar səsləndirdiyini, bölgədə formalaşmış kövrək sülh şəraitini pozmağa xidmət edən addımlar atdığını, bunların erməni lobbiçiləri və ermənipərəst dairələr tərəfindən məqsədyönlü şəkildə edildiyini bildirən deputat deyib: “Avropa Parlamenti çox mühüm siyasi qurumdur və bu qurumda təmsil olunan siyasətçilər regiondakı vəziyyətlə bağlı fikir bildirərkən öz siyasi məsuliyyətlərini başa düşməlidirlər. Avropa Parlamentinin üzvləri Ermənistanda revanşist meylləri stimullaşdırmaq əvəzinə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışmalıdırlar. Xanım Natali Luazo artıq uzun müddətdir ki, Fransa erməni lobbiçilərinin təsir dairəsində olan və ölkəmizə qarşı haqsız hücumlarda iştirak edən qərəzli siyasətçidir. Pandemiyadan əvvəlki illərdə Avropa Parlamentinə səfərlərimiz çərçivəsində qurumun Təhlükəsizlik və müdafiə alt komitəsinin sədri kimi xanım Luazo ilə bir neçə dəfə görüşməyə təşəbbüs etsəm də, təəssüf ki, heç vaxt ondan müsbət cavab ala bilməmişəm”.
PƏK həmsədri qeyd edib ki, hazırda regionda mövcud olan sülh kövrəkdir və bunu nəzərə alaraq, Avropa Parlamentinin üzvləri öz bəyanatlarında, addımlarında diqqətli və balanslı olmalıdırlar. “Avropa İttifaqı ölkələri İkinci Dünya müharibəsindən sonra qitədə siyasi-iqtisadi inteqrasiyanı təmin etmiş, Avropanı sülh qitəsinə çevirmişlər. Dolayısı ilə müharibədən sonra sülhün təmin edilməsi üçün bütün kommunikasiyaların bərpasının, əlaqələrin intensivləşdirilməsinin nə qədər vacib olduğunu yaxşı bilirlər. İndiki halda 44 günlük müharibədə qazanılmış Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla bütün kommunikasiyaların açılması, əlaqələrin tam bərpa olunması təşəbbüsünü irəli sürüb və bu təşəbbüslər 10 noyabr tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Postmüharibə dövründə Azərbaycan həmin Bəyanatın müddəalarının həyata keçirilməsinə çalışır, dünya birliyini də bölgəmizdə sülhün qorunmasına və regional əməkdaşlığın bərpa olunmasına dəstək verməyə səsləyir. Bütün bu prosesləri özünün çox da uzaq olmayan tarixində yaşamış və kifayət qədər sülhyaratma təcrübəsi qazanmış Avropa ölkələri və siyasətçiləri Azərbaycanın bu cəhdlərinə dəstək verməlidir”, - deyə C.Feyziyev qeyd edib.
Xanım Luazonun öz yazısında erməni kilsələrinin taleyindən narahatlıq ifadə etməsinə toxunan deputat bildirib ki, belə bir narahatlıq üçün heç bir əsas yoxdur: “Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkədir, öz tolerantlığı ilə əksər dünya dövlətlərinə nümunədir. Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində çoxlu kilsə və sinaqoqlar var. Paytaxtın mərkəzində erməni kilsəsi yerləşir və dövlət tərəfindən qorunur. Azərbaycanda bu gün 30 min erməni əsilli vətəndaş yaşayır. Heydər Əliyev Fondu dünyanın bir sıra ölkələrində, o cümlədən Vatikanda dini abidələrin bərpası istiqamətində layihələr icra edir. Bütün bunlar Azərbaycanın tolerantlıq və digər mədəniyyətlərin tarixi-dini abidələrinə həssas yanaşmasının bariz nümunələridir. Bütün bunların fonunda işğaldan azad olunmuş ərazilərdəki kilsələrin taleyi ilə bağlı əsassız narahatlığı dilə gətirib, qisasçı ritorikadan bəslənənlərin dəyirmanına su tökmək siyasi ciddiyyətə sığmır”.
Cavanşir Feyziyev Avropa Parlamentinin hər iki üzvünə bununla bağlı məktub ünvanlandığını və həmkarlarını daha konstruktiv mövqe tutmağa səslədiyini qeyd edib. Həmsədr bildirib ki, məktubda fransalı parlamentarilərə işğaldan azad olunmuş ərazilərdə 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktları ilə bağlı geniş məlumat verib. O deyib: “30 il ərzində işğal altında qalmış ərazilərimizdə dini və mədəni abidələrimizə, məscidlərimizə qarşı törədilmiş mədəni terror haqqında bütün məlumatları, o cümlədən xalqımızın müqəddəs dəyəri olan məscidlərimizdə donuz və başqa heyvanların saxlanıldığını da Fransalı həmkarlarımızın diqqətinə çatdırmışıq”.
Sonda deputat ümid etdiyini bildirib ki, dünya ictimaiyyəti, xüsusilə siyasi xadimlər regionun reallıqları ilə tanış olduqdan sonra bölgədə sülhün bərqərar olması üçün səylər göstərəcək, nəticədə Cənubi Qafqaz regionu sülh və sabitlik şəraitində daha sürətlə inkişaf edəcək, bölgə xalqlarının rifahı təmin olunacaqdır.

Xudaferin.eu

13:57