“Candoco” rəqs ansamblı Bakıda çıxış edəcək

 

Böyük Britaniyanın “Candoco” rəqs ansamblı sağlam və fiziki imkanları məhdud rəqqasları bir araya gətirir. Bu məşhur kollektiv “British Council” təşkilatının təşəbbüsü ilə Bakıda çıxış edəcək. “Candoco”nun qastrolu YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə reallaşacaq.

Britaniyalı artistlər Bakıda ikihissəli tamaşa təqdim edəcəklər: “Beheld” və “Set and Reset”. Tamaşa martın 7-8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Artistlər fiziki imkanları məhdud şəxslər üçün inklüziv mədəniyyət mövzusunda seminar da keçirəcəklər.

“Candoco” rəqs ansamblı Bakıda təşkil olunacaq çıxışları ilə əlil artistlərə püxtələşmək və beynəlxalq səviyyədə əməkdaşlıq etmək imkanı yaradan yeni proqrama start verir. Əsası 1991-ci ildə qoyulan ansamblın repertuarını müasir rəqs təşkil edir. Əlil insanları rəqs sənətinə qoşmaq kollektivin fəaliyyətinin ayrılmaz hissəsidir. Ansamblın əsasını qoyan Selesta Dendeker deyib: “Fiziki imkanları məhdud rəqqas öz bədəninin dilini tapmalı, hiss və emosiyalarını ifadə etməyi öyrənməlidir. Bu zaman belə artistlərin sosial adaptasiyası deyil, onların özünüifadəsi və səhnə yaradıcılığı daha çox lazımdır”.

Xudaferin.eu

 

10:00