02 March 2019

Rusiya ABŞ-ın kosmosun militaristləşdirilməsi planına adekvat cavab verəcəyini bildirib

Rusiya ABŞ-ın kosmosun militaristləşdirilməsi planına adekvat cavab verəcəyini bildirib.

Xudaferin.eu RT telekanalına istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəisi Valeri Gerasimov bəyan edib ki, Moskva Vaşinqtonun kosmosun militaristləşdirilməsi addımına cavab verməyə məcbur olacaq. O deyib: “Son zamanlar Pentaqon dəfələrlə kosmosun hərbi məqsədlər üçün istifadə edilməsi niyyətini bəyan edib. Bunun üçün yeni qoşun növü – kosmik qoşun formalaşdırılır və bu da kosmik fəzanın militaristləşdirilməsi ilə nəticələnəcək”.

Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında birgə sədrliyə başlayır

Fransa və Almaniya mart-aprel aylarında BMT tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasında iki ölkənin birgə sədrliyinə başlayacaq.

Xudaferin.eu TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iki ölkənin daimi nümayəndələri Fransua Delatr və Kristof Hoysqgen tərəfindən martın 1-də təqdim olunan hazırkı gündəliyə əsasən, Yaxın Şərq problemləri, Koreya yarımadasının nüvəsizləşdirilməsi, həmçinin Afrika ölkələrində vəziyyət Təhlükəsizlik Şurasında əsas debat mövzuları olacaq.

Azərbaycanlı atlet qış Avropa çempionatının finalına yüksəlib

Azərbaycan idmançısı Nazim Babayev Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanma üzrə təsnifat mərhələsində çıxış edib.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın birinci günündə N.Babayev ilk cəhddə 16,81 metr nəticə ilə finala yüksəlib.

Digər idmançımız Zəkiyyə Həsənova bu gün 60 metr məsafəyə qaçış yarışında gücünü sınayacaq.

Avropa Gimnastika İttifaqının nümayəndələri Bakıda görüş keçiriblər

Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri Bakıda səfərdə olublar.

Xudaferin.eu xəbər verir ki, mayda paytaxtımızda təşkil olunacaq iki Avropa çempionatının təşkilati məsələlərinin müzakirəsi üçün ölkəmizə səfər edən nümayəndələr Azərbaycan Gimnastika Federasiyasının yerli Təşkilat Komitəsi ilə iki görüş keçiriblər.

Aerobika gimnastikası və bədii gimnastikaya həsr olunan iclaslarda əsasən zalın hazırlığı, media, akkreditasiya məsələləri, könüllülərlə iş və digər məsələlərlə bağlı müzakirələr aparılıb.