08 February 2019

Gənc karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı davam edir.

Xudaferin.eu xəbər verir ki, Azərbaycan karateçisi Roman Heydərov 18-21 yaşlı gənclər arasında kata yarışının finalına vəsiqə qazanıb.

Bu gün bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrin yarışında oğlanların (52 kq, 57 kq, 63kq, 70 kq və +70 kq), eləcə də qızların (47 kq, 54 kq və +54 kq) yarışlarında qaliblər müəyyənləşəcək.

Paralimpiyaçımız Dubayda ikinci olub

Azərbaycanlı paralimpiyaçı Pərvin Məmmədov pauerliftinq üzrə dünya kuboku yarışlarında gümüş medal qazanıb.

Xudaferin.eu xəbər verir ki, Dubayda təşkil olunan turnirin ilk günündə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan P.Məmmədov 145 kiloqramlıq nəticə ilə ikinci olub.

Turnirdə P.Məmmədov ilə yanaşı, Şamo Aslanov və Nurlan Babacanov da ölkəmizi təmsil edirlər. Fevralın 13-dək davam edəcək dünya kuboku yarışları “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verir.

Xudaferin.eu

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqram Azərbaycan və Latviya hökumətləri arasında təhsil sahəsində əməkdaşlığa dair sazişə əsasən elan olunub.

Qadın cüdoçularımız Avstriyada Avropa kuboku yarışlarında mübarizə aparacaqlar

Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçular arasında Avropa kuboku yarışları start götürəcək.

Xudaferin.eu xəbər verir ki, Azərbaycanı yarışda dörd tatami ustası təmsil edəcək. Qitə kubokunda cüdoçularımız Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq) və Günel Həsənli (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparacaq.

Xudaferin.eu

Ukrayna Prezidenti postu uğrunda 44 namizəd mübarizə aparacaq

Fevralın 8-də Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydə alınması prosesini başa çatdırıb.

Xudaferin.eu xəbər verir ki, MSK-nın sədri Tatyana Slipaçuk bu barədə mətbuat konfransında məlumat verib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlardan 24-nün namizədliyi partiyalar tərəfindən irəli sürülüb.

Bu sayda namizədin qeydə alınması Ukraynanın prezident seçkiləri tarixində yeni rekord göstəricidir.

Açıq Avropa kubokunda Azərbaycanın on cüdoçusu mübarizə aparacaq

Fevralın 16-da İtaliyanın paytaxtı Romada cüdo üzrə kişilər arasında açıq Avropa kuboku start götürəcək.

Xudaferin.eu xəbər verir ki, 49 ölkədən 311 idmançının mübarizə aparacağı turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. Turnirdə Oruc Vəlizadə, Davud Məmmədsoy, Rövşən Əliyev (60 kq), Tərlan Kərimov, İbrahim Əliyev (66 kq), Fəqan Quluzadə, Afiq Səfərli (81 kq), Qurban Qurbanov (90 kq), Sənan Əhmədov (100 kq), Ayxan Cəfərov (+100 kq) qüvvələrini sınayacaqlar.

Turnirə fevralın 17-də yekun vurulacaq.

Xudaferin.eu

Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorçuya abidə qoyulmasına etiraz edirlər

Gürcüstan parlamentinin hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan azərbaycanlı və gürcü deputatlar bu ölkənin Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Abxaziyada və Azərbaycanın işğal altında olan ərazilərində dinc əhaliyə qarşı qatı cinayətlər törətmiş Mixail Avakyana abidə qoyulması ilə əlaqədar müraciət qəbul ediblər.

Xudaferin.eu xəbər verir ki, müraciəti deputatlar Mahir Dərziyev, Savalan Mirzəyev, Tamaz Naveriani və Ruslan Hacıyev imzalayıblar.

Qış idman növləri üzrə Asiya çempionatında fərqlənən paralimpiyaçılarımızla görüş keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov qış idman növləri üzrə Asiya çempionatında fərqlənən idmançılarımız Gülnar Rəhimova (dağ xizəkçiliyi) və Aytac Qasımova (snoubord) ilə görüşüb.

Xudaferin.eu xəbər verir ki, komitənin prezidenti qış idman növü üzrə ilk qızıl medalın qazanılmasını əlamətdar hadisə kimi qiymətləndirib. Bu hadisənin ölkəmizdə rəğbətlə qarşılandığını deyən komitə sədri idmançılarımıza yeni uğurlar arzulayıb, əsas hədəfin “Pekin 2022” Qış Paralimpiya Oyunlarında iştirak və medal qazanmaq olduğunu bildirib.

Azərbaycanlı və gürcü gənclər, siyasətçilər Tiflisdə parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər

Gürcüstanda yaşayan azərbaycanlılar fevralın 8-də paytaxt Tilisdə, parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər.

Xudaferin.eu xəbər verir ki, aksiyada gürcü xalqının nümayəndələri - siyasətçilər, tələbə gənclər də iştirak ediblər.

Aksiyanın təşkilatçılarından olan Sevinc Hümbətova bildirib ki, Gürcüstan ərazisində separatçı bir nəfərə abidə qoyulması təxribatdır. Bu addım Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır. Bu abidənin qoyulması, eyni zamanda, Gürcüstan dövlətinə qarşıdır və biz bu büstün tezliklə götürülməsini tələb edirik.

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulun Kartal rayonunda çökən səkkizmərtəbəli binanın dağıntıları altından yaralı olaraq xilas edilən vətəndaşları Kartal Tədris və Araşdırma Xəstəxanasında ziyarət edib.

Xudaferin.eu xəbər verir ki, ziyarətdən sonra mətbuata açıqlama verən F.Koca ölənlərin sayının 15-ə çatdığını bildirib. Bildirib ki, xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan yeddisi reanimasiya şöbəsindədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib.