13 October 2018

Himalayda alpinistlər öldü

Cənubi Koreyadan və Nepaldan olan doqquz alpinist Himalayda qar uçqunu nəticəsində ölüb.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Himalayan Times” qəzeti məlumat yayıb. 

“Trekking Camp Nepal” şirkətinin nümayəndəsi Vanqçu Şerpa bildirib ki, qar uçqunu nəticəsində Qurya Himal dağında yerləşən düşərgə məhv olub. Alpinistlər düşərgədə havanın yaxşılaşmasını gözləyirdilər. 

Alpinistlərin cəsədlərinin çıxarılması üçün həmin rayona xilasedici helikopter göndərilib. 

Xudaferin.eu

Azərbaycan Olimpiadada daha bir medal qazandı – FOTO

Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında daha bir medal qazanmışıq. 

Oxu.Az xəbər verir ki, ağırlıqqaldırma üzrə oğlanların yarışında 85 kq çəki dərəcəsində Tərmenxan Babayev körpücük üzərinə çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), altıqat rekordçu olan 16 yaşlı ağır atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə II yeri tutub. Tərmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də II yerə çıxıb.

Bakıda avtobus sürücüsü qəza törətdi: ölən var

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, oktyabrın 12-də, saat 22:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı, 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub. 

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Azərbaycanda meşələrin girişlərinə şlaqbaumlar quraşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görməyə davam edir.

Bu barədə Oxu.Az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.