18 June 2018

İŞİD Suriyada əsas istinadgahını itirib

Kürd PYD/YPG qüvvələri Suriya və İraq sərhədində yerləşən əl-Hasaka əyalətinin cənubunda yerləşən rayonları İŞİD terrorçu qruplaşmasından azad edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Fırat News” məlumat yayıb.

Son döyüşlərdən sonra “Suriya demokratik qüvvələri”  Əd-Dəşişə yaşayış məntəqəsini İŞİD yaraqlılarından təmizləyib.

Agentliyin məlumatına görə, şəhər İŞİD-in Suriya və İraqdakı silsilə məğlubiyyətlərindən sonra qalan ən iri istinadgahı sayılırdı.

Xudaferin.eu

Yaponiyada baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb

Yaponiyada baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.

Rusiyanın raket gəmiləri Aralıq dənizinə daxil olub

Rusiynın “Qrad Sviyajsk” və “Velikiy Ustyuq” raket gəmiləri Bosfor və Dardanel boğazlarından keçərək Aralıq dənizinə daxil olub.

Xudaferin.eu xəbər verir ki, bu haqda “RİA Novosti” Rusiyanın Qara dəniz hərbi dəniz donanmasının informasiya təminatı şöbəsinə istinadən məlumat yayıb.

Hərbi gəmilərin Aralıq dənizinin hövzəsinə daxil olması planlı olub. Raket gəmiləri uzaq dəniz zonasında olan Rusiya hərbi dəniz qüvvələrinə qoşulacaq.

Yaponiyada zəlzələ: ölənlər var

Yaponiya hökuməti zəlzələ nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.

Xudaferin.eu xəbər verir ki, bu haqda NHK telekanalı məlumat yayıb.

Məlumata görə, Takasuki şəhərində doqquz yaşlı şagird məktəbin hovuz zalında çökmüş divarın altında qalıb.  Osaka şəhərində isə iki nəfər həlak olub.

Yaralı sayı 50 nəfərdən çoxdur.  Ciddi dağıntılar barədə məlumat olmasa da, təbii fəlakət ölkənin aviasiya və dəmiryolu nəqliyyatını iflic edib. Ölkənin cənub-qərb bölgəsində sürət və adi qatarların hərəkəti tamamilə dayandırılıb.

Niderlandda avtobus izdihama çırpılıb: ölənlər var

Niderlandda avtobus sürücüsü idarə etdiyi maşını kütlənin üzərinə sürüb.

Xudaferin.eu “Reuters”ə istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsi məlumat yayıb.

Məlumata görə, Limburq əyalətində avtobusun piyada yoluna çıxması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

İnsident “PinkPop” rok festivalının keçirildiyi məkanda baş verib.

Cinayətkar hadisəni törətdikdən sonra ərazidən qaçıb. Hazırda onun axtarışları həyata keçirilir. İnsidentin terrorla əlaqəli olub olmadığı hələ ki bildirilmir.

Xudaferin.eu

Ərdoğan Antarktikada baza yaratmaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Ankaranın Antarktikada elmi baza yaratmağı planlaşdırdığını bəyan edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda Ərdoğan öz “Twitter” hesabında məlumat yayıb.

Onun sözlərinə görə bu layihənin 2019-cu ildə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Ərdoğan bildirib ki, həmin elmi bazanın hesabına Türkiyə cənub qütbündə stansiyaları olan dövlətlərin sırasına düşəcək.

ATƏT yanında 25 daimi nümayəndə Azərbaycana səfər edəcək

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

Xudaferin.eu-nun ATƏT-ə istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək. 

Sabahdan iyunun 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq. 

ABŞ Suriya ordusunu bombalayıb

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib.

Xudaferin.eu xəbər verir ki, bu haqda SANA agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var.

Pentaqon bu informasiyanı təkzib edib:

“ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur”,- deyə müdafiə nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey bildirib.