17 June 2018

Moskvada taksi piyada yoluna çıxaraq 8 nəfəri vurub

Moskvanın mərkəzində taksi piyada yoluna çıxaraq 8 nəfəri vurub.

Xudaferin.eu xəbər verir ki, Rusiya paytaxtının mərkəzi küçəsi olan İlyinkada taksi avtomobili piyada yoluna çıxıb. Nəticədə 8 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub. Sürücü hadisə yerindən qaçmağa cəhd göstərsə də, polis tərəfindən saxlanılıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hadisə nəticəsində iki Meksika vətəndaşı xəsarət alıb. Qırğızıstan vətəndaşı olan taksi sürücüsü ilkin dindirmə zamanı hadisəni bilərəkdən törətmədiyini deyib.

İstanbulda İŞID üzvü olmaqda şübhəli bilinən 30 əcnəbi saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulun 7 rayonunda eyni vaxtda 12 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində İŞID terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 30 xarici vətəndaş həbs edilib.

Xudaferin.eu Türkiyə mətbuatına istinadla xəbər verir ki, axtarış aparılan ünvanlardan İŞID-ə məxsus ədəbiyyat və terrorçuluqda istifadəsi nəzərdə tutulan xeyli ləvazimat aşkarlanıb. Bildirilir ki, həbs olunan şəxslər Suriyadakı münaqişə bölgələrinə getməyə hazırlaşırdılar.

Əfqanıstanda terror aktı nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətində Ramazan bayramı münasibətilə keçirilən mərasimə terrorçu-kamikadze tərəfindən hücum edilib.

Xudaferin.eu xəbər verir ki, Tolo news telekanalının hüquq mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, yaralananların sayı isə 50-ni ötüb. Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

“Instagram”da daha bir YENİLİK

İyunun 20-dən etibarən “Intagram”da uzun video dönəmi başlayır.

Xudaferin.eu “Techcrunch”a istinadla xəbər verir ki, foto və video paylaşım platforması olan “Instagram” istifadəçilərə uzun videolar paylaşmağa imkan verəcək.

İyunun 20-də “Instagram” istifadəçilərinin sayının bir milyarda çatdığının açıqlanması da gözlənilir.

Platforma videoların vaxtını uzatmaqla yanaşı, 4K, tam ekran və videoların istiqamətinin dəyişdirilməsi kimi imkanlar da yaradacaq.

Müxalifət Tsiprası istefaya göndərə bilmədi

Müxalifət Aleksis Tsipras başda olmaqla Yunanıstan hökumətinı istefaya göndərə bilməyib - Yunanıstan parlamenti şənbə günü etimadsızlıq votumunu rədd edib.

Xudaferin.eu xəbər verir ki, etimadsızlıq votumunun qəbul olunması üçün müxalifətin səsi çatmayıb.

Yunanıstan Kommunist Partiyası səsvermədə iştirakdan boyun qaçırıb. Səsvermənin nəticələri hələlik rəsmən elan olunmayıb.

İcmalçıların fikrincə, hökumətin istefaya göndərilməsi təşəbbüsü əvvəlcədən iflasa məhkum idi. Belə ki, Tsipras hökuməti parlamentdəki 300 yerdən 154-nə sahibdir.