15 June 2018

Ermənilər Qazax sakinini yaraladılar

Qazax rayon sakini silahlı insident nəticəsində güllə yarası alıb.

Xudaferin.eu APA-ya istinadla xəbər verir ki, yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı Quşçu Ayrım kənd sakini, 1991-ci il təvəllüdlü Ağamaliyeva Gulanə Afiq qızıdır. Düşmən tərəfində açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı Qazax rayon Müalcə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xudaferin.eu

Şamaxıya sel gəldi, kəndlə əlaqə kəsildi

Dağlardan axıb gələn sel suları Şamaxının daha bir kəndində torpaq sürüşməsinə səbəb olub. Nəticədə Zaratxeybəri kəndinin avtomobil körpüsü uçub, 300-ə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Xudaferin.eu Xezerxeber-ə istinadən xəbər verir ki, kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb. 

Avtomobil yolunda isə torpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.

Sabah 32 dərəcə isti gözlənilir

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Temperatur gecə 18-20° isti, gündüz 26-31° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti olacaq.

Antarktikada buzların əriməsi rekord səviyyəyə çatıb - VİDEO

Cənub qütbündə buzların əriməsi tezliyi son beş il ərzində üç dəfə artaraq rekord səviyyəyə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

İki son elmi tədqiqata (ABŞ və Britaniya)  görə, 1992-ci ildən bəri Antarktika buzlaqları üç trilyon tona yaxın buzdan məhrum olub.

Müqayisə üçün bu miqdar, bütün Texas ştatını dörd metr səviyyədə su altında qoymağa kifayət edər.

Buzların əriməsi sürətləndiyindən hər il planetimizdə dəniz səviyyəsi 3 mm artır.

Xudaferin.eu

Dövlət departamenti Moskvanı sərt ittiham etdi

ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert öz “Twitter” hesabında Rusiyanı  İdlib vilayətində (Suriya) yaşayış məntəqələrini bombalamaqda ittiham edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.

“Biz Suriya xalqını, Suriya hökuməti və ona yardım edənlərin qurbanlarını dəstəkləyirik və Rusiyanı Suriyada dinc vətəndaşların soyuqqanlı şəkildə qətliamına son qoymağa çağırırıq”, -deyə Nauert bildirib.

Onun sözlərinə görə, Zərdan qəsəbəsinə düşən Rusiya raketləri 44 nəfərin həyatına son qoyub.

Gürcüstanda azərbaycanlı icra başçısı həbs olunub

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki,  bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.

T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib. 

İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub. 

Xudaferin.eu

Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirilib

Rusiyanın Qara dənizi və Krım hərbi dəniz donanmasının  qüvvələri ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi fonunda hərbi hazır vəziyyətə gətirilib.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Reuters” Rusiyadan olan hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dünya çempionatı ərzində Ukrayna tərəfindən təxribatın törədiləcəyini gözlənilir. Belə ki, mənbə Kiyevin turnir ərəfəsində Azov dənizi və Qara dənizdə hərbi iştirakını artırdığını iddia edir.

Türkiyədə AKP deputatına silahlı hücum: 4 nəfər ölüb – FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.

Xudaferin.eu Anadolu-ya istinadla xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib.

Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.

Faktla bağlı araşdırma aparılır.