06 June 2018

Sabaha olan hava proqnozu açıqlandı

İyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 27-32,  Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. 

Strasburqda partlayış: Yaralananlar var

Fransanın şimal-şərqində yerləşən anbarda baş verən partlayışdan sonra güclü yanğın başlayıb. 

Xudaferin.eu “Europel”ə istinadla xəbər verir ki, hadisə Strasburq limanının ərazisində baş verib. 

Hadisə zamanı azı 11 nəfər xəsarət alıb. 

Partlayışın səbəbləri ilə bağlı hələlik heç bir məlumat verilmir. 

Hazırda hadisə yerinə fövqəladə hallar idarəsinin əməkdaşları və 70 yanğınsöndürən cəlb edilib. 

Xudaferin.eu

Floridada atışma: üç ölü

Florida ştatının Ceksonvill şəhərində baş verən silahlı insident zamanı 3 nəfər həlak olub və bir nəfər yaralanıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı Fox News telekanalı məlumat yayıb. 

Naməlum şəxslər gənclərin olduğu avtomobilə atəş açıblar. İnsident nəticəsində 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəstəxanada keçinib. Yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Hazırda şəhər polisi cinayətkarın tapılması üçün hərəkətə keçib. 

Xudaferin.eu

Ərəb ölkəsi NATO-ya daxil olmaq istəyir

Qətər NATO-ya üzv olmaq niyyətindədir. 

Xudaferin.eu AFP agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Qətərin müdafiə naziri Xalid İbn Məhəmməd əl-Attaiya məlumat verib. 

“Əgər NATO ilə əməkdaşlığımız inkişaf etsə, əsas məqsədimiz tamhüquqlu üzv olmaqdır”, - o bildirib. 

Nazirin sözlərinə görə, Qətər NATO-nun ixtisaslaşmış mərkəzlərindən birinə ev sahibliyi edə bilər. 

Bununla yanaşı, o bildirib ki, Doha Rusiyadan S-400 zenit-raket komplekslərini alacaq. 

Sarkisyan tərəfdarları onun partiyasını tərk edir

Ermənistanın Respublika partiyası parlamentdə çoxluğundan məhrum olub.

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, bu gün deputat Samvel Aleksanyan partiyanın parlamentdəki fraksiyasını tərk edib. 

“Bəli mən, Respublika partiyasının parlamentdəki fraksiyasından çıxıram. Müstəqil deputat olacam”, - o jurnalistlərə deyib. 

Bundan əvvəl biznesmen Artak Sarkisyan da partiyanı tərk etdiyini açıqlayıb. 

Ümumilikdə, son həftə ərzində Respublika partiyasını 6 deputat tərk edib. Hazırda partiya parlamentdəki 105 yerdən 52-nə sahibdir.