10 April 2018

Azərbaycan filmləri Rumıniyada nümayiş olunacaq

Rumıniyanın paytaxtı Buxarestdə aprelin 16-dan 20-dək Rusiya Elm və Mədəniyyət Mərkəzi və bu ölkədə akkreditə olunan MDB ölkələri səfirliklərinin təşkilatçılığı ilə “Qanadlar” film festivalı keçiriləcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 5 gün ərzində təşkil olunacaq festivalda hər bir ölkə öz fimlərini nümayiş etdirəcək. Aprelin 17-də tamaşaçılar Azərbaycan istehsalı olan “Nabat”, aprelin 20-də isə “Qırmızı bağ” bədii filmlərini (ingilis alt yazıları ilə) seyr edə biləcəklər.

Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş böyük konsert keçirilib

Rusiyanın paytaxtı Moskvada məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə daha bir böyük konsert keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, xatirə gecəsində yubilyarın bəstələdiyi mahnılar, Dmitri Şostakoviçin "Hamlet" filmi üçün bəstələdiyi musiqidən süitalar, həmçinin Qarayevlər sülaləsinin bəstəkarlıq ənənələrini gözəl şəkildə davam etdirən Fərəc Qarayevin "Tristessa I" əsəri səslənib.