Bəxtiyar Vahabzadənin oğlundan Zərdüşt Əlizadəyə sərt sözlər: “Universitetdə kimdən soruşsalar…”

 

Politoloq Zərdüşt Əlizadənin mətbuata növbəti müsahibəsi yenidən qalmaqal yaradıb. Daha doğrusu, politoloq ənənəvi ampluasına sadiq qalaraq bu dəfə də Atatürkün, Nuru Paşanın, alovlu şair Xəlil Rzanın, Elçibəyin… nəhayət, türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin “bostanına” daş atıb…

 

Bakını erməni-rus işğalından xilas edən Nuru Paşanı rüşvətxor, Atatürkü Leninlə separat sövdələşməyə gedən sərkərdə, Elçibəyi siyasi Şeyx Nəsrullah… adlandıran politoloq ustad Bəxtiyar Vahabzadəni isə başqa formada gözdən salmağa çalışır. Onun “Bəxtiyar Vahabzadə yaxşı yaşamaq üçün xalqa türkçülükdən şeirlər deyirdi”, -kimi şantaj xarakterli, əttökən və yersiz yalanları cəmiyyətdə də birmənalı qarşılanmadı və tanınmışlar onun cavabını verdilər…

Azər Vahabzadənin atası, Türk Dünyasının ustad şairlərindən olan Bəxtiyar Vahabzadə haqqında politoloq Zərdüşt Əlizadənin söylədiklərinə cavabı sərt oldu:

“Azərbaycanda əlizadələr qardaşlarının kim olduğunu əlavə şərh etməyə lüzum varmı? Zərdüşt Əlizadəyə gəlincə, vaxtilə prezidentlik iddiasına düşən, namizədliyini irəli sürən bu adamın danışıqlarına yəqinki fikir vermisiniz…
Jurnalistin “Elçibəyi birmənalı şəkildə qəbul etmirsiniz, anladıq. Bəs 90-cı illərdə, elə bu gün də yaradıcılığında türkçülük ideyalarını təbliğ edən, bu amal uğrunda yazıb-yaradan şairlər, yazıçılar olub. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Rüstəm Behrudi. Bunlar da yanlış yolda olublar”, -sualına Zərdüşt Əlizadə belə cavab verir:
“…Siz mənə Bəxtiyar Vahabzadəni tanıtmayın. Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. O, türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü üçün, ailəsi üçün yaşayıb… Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi…”, -kimi siyasi kinli, sürüşkən, düşməncəsinə cavab.
Zərdüşt Əlizadə yaxşı tanımasa da, mənim atam Bəxtiyar Vahabzadəni bütün Türk Dünyası yaxşı tanıyır və bu gün nəinki Azərbaycanda, eləcə də Türkiyədə, Orta Asiya Respublikalarında, Ukraynada, Rusiyada, bir çox Avropa ölkələrində Bəxtiyar Vahabzadənin əsərləri oxunur, təbliğ olunur, abidəsi ucaldılıb, adına xiyabanlar salınıb, xatirəsi əziz tutulur…
Bəxtiyar Vahabzadənin təkcə “Gülüstan” poeması milli təfəkkürü və qeyrəti olan hər kəs üçün o illərdə bir mənlik məktəbi, məslək əsəri idi. O ki qaldı, Bəxtiyar Vahabzadənin Zərdüşt Əlizadəgilə tez-tez getməsinə, o həmin illəri yaxşı xatırlayırsa, bilməlidir ki, onların evinə daha çox, özü də tez-tez Zeynəddin müəllim, bir də Zinət xanımın tələbələri gedirdi… Universitetdə indi kimdən soruşsalar, Zinət xanımın necə müəllim olduğunu, tələbələrini necə çox istədiyini… ətraflı təsvir edərlər…
Bir adam ki, cümləsinin əvvəlində milli mənsubiyyətin qatı əleyhdarı, türkçülüyün qatı düşməni kimi danışa, milli ruhun qabardılmasının ziddində ola və cümləsinin sonunda isə Elçibəyin kürd olmasını dilə gətirə, bununla da onun dolayısı ilə gözdən salınması niyyətini ortaya qoya, beləsindən nə ağıl gözləyəsən…
Fikir vermisinizsə, o, müsahibəsində özünün türk olduğunu bildirir, ardınca da deyir ki, “…Mən nəyin əleyhinəyəm? Qışqıra-qışqıra deyirsən ki, mən türk oğlu türkəm. Türk olub neyləmisən? Ümumiyyətlə, mənim nəyimə lazımdır sənin atan-baban kim olub? Özün nə etmisən? Elçibəy özü kürd idi. Bunu bilirsənmi?” və sair sərsəm fikirlər…
Odur ki, qoy Zərdüşt Əlizadə bir də təxminən 30-40 il keçmişə qayıdıb anası Zinət xanımın universitetdə çalışdığı illəri yenidən yadına salsın. Və bir də Azərbaycanın işıqlı insanlarına çamur atmağı, şər-şəbədə söyləməyi, gənc nəslin beyninə zəhər toxumu əkməyi, Azərbaycanın işıqlı gələcəyi yolunda həyatını şam kimi əritmiş ziyalı insanları gözdən salmağı… tərgitsin…”

Tezadlar.az

 

09:23