Bütün sürgünlərin və repressiyaların zirvəsində duran böyük şair

Çağdaş Azərbaycan ədəbiyyatının ünlü simalarından biri də Vəli Xramçaylı imzası ilə tanınan böyük şairimizdir. Ədəbiyyatımızın, şeirimizin və ruhumuzun VƏLİ-si. Bu gün “Ocaq” adlı bir gündəcin (qəzet) təsisçisi və baş redaktoru kimi bütün könüldaşlarını, soydaşlarını tək bir OCAQ-da bütünləşdirməyin hədəfini sərgiləyən Vəli Xramçaylı. O, 1955-ci ildə uzaq Sibirdə, sürgünlərdə dünyaya göz açmışdır. Ailəsi stalnizm rejiminin ən acı dönəmində Sibirə sürgün olmuşdu. Qəddar sovet rejimi unudurdu ki, qoca Türkü bunca sürgünlər, repressiyalarla onun varlığını və kimliyini danmaqla sındırmaq olmaz. Bu mümkün olan bir iş deyildi. Çünki, yerdə Türkü, göydə Tanrını danmaq bəşəriyyətin maymaq və gülünc ironiyaya çevrilən bumeranqı deməkdir. İllər sonra Nəsiblilər nəslində Eldar və Vəli adlı iki milli şairimiz sürgünlərdən doğma Qazağa geri döndülər. Bütün bunlar azmış kimi, Şıxlı kəndinin ədəbi ruhunu Azərbaycanın mənəvi qidasına öz şeirləri ilə çevirə bildilər.

Vəli Xramçaylının kim olduğunu bilmək üçün, onun simasına baxmaqla yetinmək olmaz. Onun şeirlərini diqqətlə oxumaq, nələri demək istədiyini duymaq da azdır. Şeirlərindəki hər bir misranın dərin anlamlı ruhu var. O ruhu anlamaq Vəli Xramçaylını dərk etmək deməkdir. Vəli Xramçaylının şeirlərində insanların nə demək istədikləri deyil, nəyi deyə bilmədikləri ədəbi düşüncənin dili ilə ifadə olunub. Bu, onun istedadının, ədəbi düşüncə düzənin böyük bir parçasıdır.
Bu gün Azərbaycan ədəbiyyatının 1980-ci illərdən bu yana “unutdurulmuş ədəbi nəsil” siyasətinə qarşı ən böyük mücadiləni də məhz Vəli Xramçaylı vermişdir. Uzun illər onun təmsil olduğu ədəbi nəsli “unutdurmaq” siyasətini aparanların özləri canlı ikən bu gün unudlmaqdadırlar. Tarixin dəhşət saçan ironiyasına bax. Həyatın sərt üzündə yer alan “unutdurmaq” fəlsəfəsini özlərinə peşə seçənlərə elə bağışlanılmaz zərbələr vurur ki, bizlər sadəcə bu prosesi zamanla təqib edirik. Vəli Xramçaylının təmsil etdiyi ədəbi nəslin hər bir üzvü “unutdurulmuş ədəbi nəsil” siyasətini yürüdənlərə onların bədii irsinin  böyük şapalaq olduğunun da fərqindəyik. 
Vəli Xramçaylının mənsub olduğu ədəbi nəsil heç bir zaman milli anlama, düşüncə və dəyərlərə xəyanət etmədi. “Şöklü Məlik”i “Qıpçaq Məlik” adlandırmaqla Oğuz Türkünü  Qıpçaq Türkünə, Qıpçaq Türkünü isə Oğuz Türkünə qarşı qoymadı. Ruslar demişkən “ustanovka” (bayağılıqla qafa yuma) siyasətinə çevrilmiş ədəbi prosesdə iştirak etmədilər. Bizim fikrimizcə bu gün “unutdurulmuş ədəbi nəsil” adı ilə bilinən çağdaş Azərbaycan ədəbiyyatının ünlü simaları 1980-ci ildən üzü bu yana ədəbi prosesə gəlmiş əsil şair, yazıçı, dramaturq, ssenarist, rejissor, rəssam, bəstəçilərdir. Çünki, onların məfkurəsi, ədəbi-bədii enerjisi ilə dünyanın ən nəhəng imperiyası olan Sovetlər Birliyi çökmüşdür. Bu ədəbi nəslin ötənlərdə olduğu kimi unutdurulması siyasəti necə aparılmışdısa, min dəfələrlə təəssüflər olsun həmin qavramlar bu dəfə kürəsəlçi (qlobal) düzənlə davam etdirilir. Sovetlər Birliyinin “ustanovka” ədəbi düzəninə indi “kürəsəlçi” yanaşım əlavə olunmaqla gerçək milli ədəbi-bədii prosesə mümkün qədər sarsıdıcı sərbələr vurulmaqdadır. Bütün bunlara baxmayaraq, gerçək ulusalçı ədəbi proses bütün bunlara qarşı öz dirənişini öncələrdə olduğu kimi davam etdirməkdədir. Bu ədəbi nəslin ünlü simalarından biri də məhz Vəli Xramçaylıdır.
Hər bir xalqın ictimai, mədəni, sosial  və digər sahələrdə zamanla yeni nəslin gətirdiyi bir enerjisi olur. Həmin enerji dövlətin və ulusun birgəyaşayam düzəninə möhtəşəmlik gətirəndə bu iki tandemdə daha güclü oluruq. Azərbaycanda təəssüflər olsun ki, bu proses yox kimidir. Ona görə ki, 1980-1990, 1990-2000, 2000-2017-ci illər ədəbi-bədii prosesi dərindən və köklü şəkildə incələnmir. Öz dəyərini hələ də almayıb. Ötən yüzilin “altmışıncı illəri”ndə ilişib qalmış düşüncə tərzi dinamizə çevrilmədiyi üçün, bu ədəbi nəslin məngirlədiyi “ədəbi və elmi bürokratiya” imkan vermir ki, “unutdurulmuş ədəbi nəsil” ulusal düzənlə inkişaf etsin. Çünki, bu ədəbi nəslin simalarının hər birinin əsərləri çoxdan orta və ali məktəblərdə dərsliklərə salınmalıydı ki, yeni yetişən nəsil də böyük Azərbaycan ədəbiyyatı anlayışını görə bilsin.
Biz cəsarətlə qeyd edə bilərik ki, əgər “unutdurulmuş ədəbi nəsil” analayşının üzərindən bütün pərdələr götürülmüş olsa, o zaman ötən yüzilin ədəbi mirası kimi kök salmışların çoxunun bədii məziyyətləri də öz yerini bulacaqdır. İsmayıl Şıxlı, İsa Muğanna, Sabir Əhmədov, Bəxtiyar Vahabzadə, Fərman Kərimzadə, Əzizə Cəfərzadə, Hüseyn Arif, Məmməd İsmayıl, İsa İsmayılzadə, Əli Kərim, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Sabir Azəri, Vaqif Nəsib, Ramiz Rövşən, Əkrəm Əylisili, Seyran Səxavət, Məmməd Oruc, Mövlud Süleymanlı, Altay Məmmədov və Vaqif Bayatlıdan savayı 60-70-ci illər ədəbi nəslindən kimsə sağ çıxa bilməyəcək. Ağamalı Sadiq Əfəndi, Məmməd İlqar, Vəli Xramçaylı, Əlisəmid Kür, Akif Səməd, Adil Mirseyid, Saday Budaqlı, Murad Köhnəqala, Şaiq Vəli, Ramiz Qusarçaylı, Səməd Qaraçöp, Hüseyn Əfəndi, Zahid Sarıtorpaq, Eyvaz Əlləzoğlu, Elbariz Məmmədli, Allahverdi Təhləli, Rafiq Hümmət, Şücaət, Bəhmən Vətənoğlu, Məhəmməd Astanbəyli, Elçin Hüseynbəyli və başqalarının yaradıcılığı ötən yüzlin 80-90-cı illərinin ən möhtəşəm ədəbi prosesi kimi dəyərləndirilməlidir. Biz hələ 2000-ci illərdə ədəbi prosesə gələn yeni nəslin yaradıcılığı haqqında danışmırıq. Bu ədəbi nəsil ümumiyyətlə tam azad düşüncəli ədəbiyyatın özü kimi dəyərlidir.
Vəli Xramçaylı yeddi şeir kitabının müəllifidir. Yetər ki, onun bu kitablarının səhifələrində yer alan şeirlərini oxuyasan. Bu şerilər dupduru könül duyğuları ilə o qədər zəngindir ki, insan ruhunun bu qədər zəngin olduğuna görə onun qarşısında bəzən diz çökmək istəyirsən. Ruhun azadlığı, bu azadlığın şeirə-nəğmələrə çevrilməsi Vəli Xramçaylının qələmindən çıxması nə qədər heyrətləndirici olsa da, bir o qədər də qürurvericidir. Yəni gerçək Azərbaycan ədəbiyyatı beləcə yaşayır və inkişaf edir. Təbii olaraq, Qazaxdan, özəlliklə də Şıxlıdan belə bir ruhun qidalanmasının sirri də var. Bu sirr Vəli Bəyin Xramçaylı imzasına çox bağlıdır. Xram çayının mənbəyini Türkiyədən götürərək Ahısqaya, oradan Borçalıya və sonunda Qazaxda Kür çayı ilə birləşməsi böyük bir anlamın dəyəri kimi başa düşülür. Xram sözünün anlamı məbəd deməkdir. Vəli Xramçaylı bir şair kimi bu imza ilə tanınır. Deməli Türkün ruhunun söz məbədinin keşiyində durması dəyəri elə buna görə onun ədəbi yaradıcılığının ana hədəfidir. Heç bir sürgündən, yasaqlardan çəkinməyən və qorxmayan Vəli Xramçaylı imzasının sirri də bundadır.

Ənvər BÖRÜSOY

 

Yurd

Bu yurda yeganə gəm ağacıyam,

Dərdim puçurlayar budaqlarında.

Bayatı, oxşama, nəğmə acıyam,

Nəğməm pıçıldayar dodaqlarımda.

Soruşma halımı, halım necədi?

Köksümün altında ürək çat verib.

Dərdimin bilinməz sayı neçədi?

Dərdim üstü-üstə neçə qat verib?

Ele bu dərd ile tənhayam, təkəm,

Yağar gözlərimdən qəm narın-narın.

Gərək ağrısını mən özüm alam,

Gözümnən könlümə bu yağan qarın.

 

Yelkənli gəminin dor ağacıyam,

Küləklər qovacaq əlimdən məni.

Bu yurdda yeganə dar ağacıyam,

Bir gün asacaqlar dilimnən məni.

*****

Yollar

Bu dunyanın yolları var,

Bir-birindeə seçmək olmur.

Körpüsü var bu dunyanın,

Körpüsündən keçmək olmur.
 

Bulağı var bu dunyanın,

Min illərdir quruyubdu.

Bilinməyir hansı nəsil,

Neçə əsr qoruyubdu.
 

Məzarı var bu dunyanın,

Unudulub bas dası da.

Torpağında yatır hələ,

Bir gözəlin göz yaşı da.

 

O göz yaşı yuxuludu,

Gül meyli gül qoxuludu.

Gəl əl vurma qorxuludu,

Su götürər bu dunyanı...

*****  

Həsrət  

Həsrətəm qayıdıb dönən yoluna,

Əlim əlləriəe uzalı qalıb...

Daha sənin adın özgə ünvana,

Xatirən qəlbimə yazılı qalıb...
 

Yox, mən istəməzdim yollar bölünə,

Hər yolun özünün yolçusu varmış...

Mən isə ümidlə yaşadım demə,

Onun da bir həddi, ölçüsü varmış...
 

İndi tənha qalan sənsiz ürəyim,

Bu dərdi, möhnəti götürə bilmir...

Səni ürəyimdən aparan yollar,

Səni ürəyimə gətirə bilmir...

*****

Ay zavallı məmləkət, ay zavalli millətim

Yağıların əlində əsir qalan dağların,

Çəməni gül bitirməz, solub baxça- bağları,

Analarin köksündə çarpaz sinə dağları,

Ay zavallı məmləkət, ay zavalli millətim

Haqq üzülüb, nazilib, ancaq hələ sınmayıb,

Vəzifədə kef çəkən bunu hələ danmayıb,

Halına da bir dəfə, bircə gilə yanmayıb,

Ay zavallı məmləkət, ay zavalli millətim

Sənin varın, dövlətin özgə millətin oldu,

Üstündə daim əsən qara yellərin oldu,

Sənin qara qızılın qara ellərin oldu,

Ay zavallı məmləkət, ay zavalli millətim

Bir budaqdan ayrılıb haçalandıq neçə yol,

Soy kökündən ayrılıb, parçalandın neçə yol,

Cır köklərə calanıb, hey calandın neçə yol,

Ay zavallı məmləkət, ay zavalli millətim

*****

Daha bu dünyadan çıxıb gedirəm

Dostlar, bu yurdun dərdi bəllidi,

Qardaş heç soruşma yüzdü, əllidi.

Dərd məni şum edib elə bellədi,

Kədərin əlini sıxıb gedirəm.
 

Daha bu dünyadan çıxıb gedirəm,

Nə elə zirvəyəm. nə də ucayam.

Nə elə cavanam. nə də qocayam,

Nə bir bəzirganam, nə də xocayam.
 

Ömrümu günümü yığıb gedirəm,

Daha bu dünyadan çıxıb gedirəm.

Bu el üz çevirdi bəs niyə haqqa,

Beləcə verdillər haqqı nahaqqa.
 

Gündə də bir oyun, gündə bir hoqqa,

Gözum görə- görə baxıb gedirəm,

Daha bu dünyadan çıxıb gedirəm.

Hər nadan önundə çətin, mən yenəm.
 

Yolum haqq yoludu, çətin, mən dönəm,

Nə vaxtdı köksümdə quruyub sinəm.

Çay kimi köksumdən axıb gedirəm,

Daha bu dünyadan çıxıb gedirəm.
 

Kimi ağlasa da, güləcək kimi,

Ayları, illəri bir əlcək kimi.

Ömrümü çiynimə bir pençək kimi,

Atıb bu dünyadan çıxıb gedirəm,

Daha bu dünyadan çıxıb gedirəm.

*****

Səni

Yollar qanadına götürdü səni,
Gotürüb şəhərə ötürdüi səni,
Ötürüb şəhərdə itirdi səni,
Itirdi, itirdi, ay Dərviş Vəli.

Yaman həsrət ilə doludu könlün,

Daha həsrətinin quludu konlün,

Gozündə bitirdi, buludu könlün,

Bitirdi, bitirdi ay Dərviş Vəli.
 

Nə ada, şöhrətə vara yetirdi,

Dərd verib köksündə yara yetirdi.

Şukur, hec olmasa yara yetirdi,

Yetirdi,yetirdi ay Dərviş Vəli…

*****

Anam Eldar amanatı

(Canım torpaq, gözüm torpaq,
Torpaq anam amanatı.
Sənin ayağın altına olsun
mənim üzüm torpaq.
Torpaq anam, amanatı.
Eldar Nəsibli Sibirel)

Qəfil qəza bitirbidi,

El yığışıb götürübdü,

Tale özü gətiribdi.

Məzarına qurban anam.
 

Anam Eldar amanatı,

Dərdlər mənə yovuşubdu,

Nə də məndən sovuşubdu.

Torpağına qovuşubdu.
 

Məzarına qurban anam

Anam Eldar amanatı

Hey boşalıb, dolan idik,

Bir alınmaz qalan idik.
 

İki Sibir balan idik

Məzarına qurban anam

Anam Eldar amanatı,

Ölüm, torpaq dadındadı.
 

Söz vermişdin yadımdadı,

Mənim yerim yanındadı.

Məzarına qurban anam

Anam Eldar amanatı...

*****

Bir dərvişəm yer üzündə

Sel su tək boşalıb dolan,

Yaş quruyub bu gözumdə.

Bu yollara yoldaş olan

Bir dərvisəm yer üzündə.
 

Yolum cox uzaqdı Paşam,

Ayağına qəm dolaşan,

Dərə kecib,dağlar aşan,

Bir dərvişəm yer üzündə.
 

Yurdun qəmiylə yuklənən,

Elə bu yuklə təklənən,

Üc telli sazda köklənən,

Bir dərvişəm yer üzündə.
 

Sazam, sözəm deyişmərəm,

Amalında dəyişməyən,

Bu dünyaya uyuşmayan,

Bir dərvişəm yer üzündə.
 

Eh,nə deyim belə ömrə,

Yanıb, yanıb dönub kömrə.

Gözun aydın,Yunis İmrə,

Bir dərvisəm yer üzündə.

*****

Dağlar, məni oğul eylə özünə

Könlümdə bir qucaq səhər gəlmişəm,

Sinəmdə bir ətək qəhər gəlmişəm,

Əlimdə üzəngi, yəhər gəlmişəm,

Dağlar, bir də ağ olmaram üzünə.

Dağlar, məni oğul eylə özünə.
 

Bir ünvanın qapısında əsən kim,

Incidən kim, inciyən kim, küsən kim,

Heç soruşma pambıqla baş kəsən kim,

Daha bir də ağ olmaram üzünə,

Dağlar, məni oğul eylə özünə.
 

Nəfəsimi qoy doyunca dərim bir,

Günlərimi qurudum bir, sərim bir,

Həsrətini çox çəkmişəm yerin bir,

Daha bir də ağ olmaram üzünə,

Dağlar, məni oğul eylə özüne.
 

Gətirmişəm uduzduğum oyunu,

İcazə ver çiçəiyində yuyunum,

Üst- başımdan kədərini soyunum,

Daha bir də ağ olmaram üzünə,

Dağlar, məni oğul eylə özünə.

*****

Dağlar
 

Arı alar qoxusunu,

Baxmaz, sancar çoxusunu.

Çiçəklərin yuxusunu

Alar dağlarda, daglarda.
 

Qaya bükər biləyini,

Bulud qovar küləyini,

Durnalar da lələyini

Salar dağlarda, dağlarda.
 

Bir gün gələr yaz qoynunda

Yaz ömründə, yaz qoynunda.

Dərviş Vəli saz qoynunda,

Ölər dağlarda, dağlarda.

*****

Səməd Vurğunu andım
 

Üçcə ilim qalıb Vurğun yaşıma,

On ildi addadım Muşfiq yaşını.

Göz açıb dünyaya Sibirdə gəldim,

Sinəmdə göyərməz qurğuşun daşı,

Mən yurda dirilib qəbirdən gəldim.
 

Mənimlə duel də mənim içimdə,

Bir şair olubdu Puşkin yaşında.

Vallah, bu dünyanin köchaköçündə,

Məzarım da durur dağlar başında.
 

Bir çətən külfətlə anam Sibirdə,

Doğmaq istəməyib məni neyləsin.

Məni götürməyib o gün qəbir de,

Tanrı verdiyini necə eyləsin.
 

Üçcə ilim qalıb Vurğun yaşına

Başıma haranın daşını salım.?

Başıma salmağa daş da tapılmır.

Gözümün yaşını haraya töküm?

Gözümdən tökməyə yaş da tapılmır.

 

*****

Bir şərab süz, şərab saqi…

Bu yurd sənin, həm mənimdi,

İçim çölümə qənimdi.

O gördüyün künc mənimdi,

Bir şərab süz, sərab saqi.
 

Mən özüm özümə yükəm,

Ağrısını gərək çəkəm,

İçimdə tənhayam, təkəm,

Bir şərab süz, şərab saqi.
 

Mənəm yurdda qəm daşıyan,

Bir qəmli ömür yaşayan,

Yenə sözlə baş başayam,

Bir şərab süz, şərab saqi…

Xudaferin.eu

00:36