Bütün həyatını millətinin tərəqqisinə həsr etmiş Xudu Məmmədov

Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, eyni zamanda Vətən naminə çalışmaq, yolunda qəhrəmanlıq və fədakarlıq göstərmək, xalqa xidmət etmək və ölkənin hər bir uğuruna sevinməkdir. Milli Azadlıq Qərargahı təşkilatının qurucusu, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü, bənzərsiz elmi təfəkkürə malik olan professor, xalq müəllimi Xudu Məmmədov Azərbaycanın yetişdirdiyi nadir şəxslərdən, millətçi vətənpərvərlərdən biri idi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətlərinə görə, "Şərəf nişanı” ordeni və medallarla təltif edilib. 

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdamın Mərzili kəndində anadan olub. Onun üçün nə xüsusi müəllim tutublar, nə də oxuması üçün xarici ölkələrə göndəriblər. Onun dünyagörüşünün formalaşmasında, elmə, təhsilə marağının artmasında indiki Sankt-Peterburq Tikinti Akademiyasını bitirmiş atası Surxayın mühüm rolu olub. Evdar qadın olan anası Yaxşı xanım da üç övladının - Xudunun, Oqtayın və Məhbubun ənənəyə sadiq bir övlad kimi böyüməsi üçün əlindən gələni əsirgəməyib. 1946-cı ildə Ağdamda məktəbi bitirən X. Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub. İkinci Dünya Savaşının doğurduğu maddi və mənəvi sıxıntılara mətanətlə dözərək təhsilini davam etdirib. Onun yaşıdlarından çoxu, bir qarın çörəyə möhtac vəziyyətdə yaşamağa dözməyərək ali məktəbi atıb işləməyə, güzəranlarını təmin etməyə gedirlər. Ancaq o, nəinki aclığa, qışın soyuğunda nazik geyinməyə, qızdırılmayan otaqda yatmağa dözür, hətta təhsil əlaçısı kimi müəllimlərinin sevimlisinə çevrilir. 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin məsləhəti ilə təyinatını Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna alır. Doğulub boya-başa çatdığı bölgədən aldığı bilik, xüsusən Qarabağın musiqi dünyası gənc Xudunun elmi axtarışlarına da öz təsirini göstərir. O, dəqiq elmlərlə mədəniyyətin, xüsusən də musiqinin bir vəhdətdə olduğunu görür. X. Məmmədov o dönəmdəki SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Ona elmi tədqiqatlar aparmaq və elmi iş yazmaq tapşırılır. 1953-cü ildə Londonda keçirilən III Beynəlxalq Sempoziumda görkəmli fizik Con Bernal deyir: "Sementin kimyəvi bağlayıcılığını və bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”. Bu çıxışdan sonra dünyanın bir çox görkəmli alimləri və dövrün müasir cihazları ilə təmin edilmiş elmi-tədqiqat laboratoriyaları kristalın quruluşunu açmağa girişir. Akademik Belov bu məsələ ilə məşğul olmağı X. Məmmədova tapşırır. 1956-cı ildə Moskvaya Beynəlxalq Konfransa gələn Con Bernal Xudu müəllimlə görüşür və onun elmi işinin nəticələri ilə tanış olur. Onu Londona "Sement silikatlarının quruluşunun tədqiqi” elmi mərkəzinə dəvət edir. Böyük alimin gənc həmkarına belə diqqət yetirməsi çoxlarının diqqətindən yayınmır. Ali rəhbərlik X. Məmmədovu Moskva və Leninqrad şəhərlərindəki elmi tədqiqat institutlarının laboratoriyalarında işləməyə, ali məktəblərdə dərs deməyə dəvət edir. Əlbəttə, bu dəvətlərin arxasında imtiyazlar, lazımi iş və mənzil şəraiti dururdu. Lakin X. Məmmədov bütün imtiyazlardan imtina edərək canından çox sevdiyi vətənə dönməyi qərara alır. Bildiklərini vətən övladlarına öyrətmək, burada kadrlar yetişdirmək, yüksək səviyyəli laboratoriyalar hazırlamaq üçün 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasında işə başlayır. Onun Con Bernalla tanışlığı sonradan dostluğa çevrilir. Bir neçə dəfə onunla görüşür və 1966-cı ildə bir il Con Bernalın laboratoriyasında çalışır. Bernal da gənc həmkarını diqqətdən kənarda qoymur və X. Məmmədova ingilis dilində elmi monoqrafiya yazmağı məsləhət görür. Millətsevər alim ingilis dilində yazmağı bacarsa da, ana dilinə məhəbbətindən kitabı Azərbaycan türkcəsində yazır və öz səyi nəticəsində 1960-cı ildə Bakıda nəşr etdirir. Texniki terminlərin zəif olduğu bir dildə gənc alimin belə uğurlu kitab yazması çoxlarının heyrətinə səbəb olur. Dərin elmi biliyi nəticəsində kimya-fizika sahəsində bir çox sirləri açması Xudu Məmmədova böyük şöhrət qazandırır. Onun kəşfləri, ixtiraları, sanballı elmi məqalələri yalnız dəqiq elmlər sahəsində çalışan alimlərin deyil, humanitar elmlərlə məşğul olanların, yazıçı və şairlərin, tibb sahəsinin mütəxəssislərinin də diqqətini özünə çəkir. Çingiz Aytmatov onun haqqında belə yazır: "Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk Dünyasında Xudu müəllim kimi nəhəng ziyalı var”.
Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri olan alimi dostları və yaxınları həm də rəssam, musiqiçi, jurnalist, şair kimi tanıyıblar. O, "Naxışların yaddaşı”, "Qoşa qanad” kimi məşhur kitabları ilə humanitar sahəyə fərqli baxışıyla diqqəti cəlb edib. Xudu müəllim təbiətlə, riyazi qanunlarla sənətin harmoniyasını heyrətamiz şəkildə, coşquyla qələmə alan, dilə gətirən, təbliğ edən şəxs kimi Azərbaycan televiziyasında uzun müddət "Elm və həyat” verilişini aparıb. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək, neçə gəncin elmə marağını formalaşdırmaq, millətini maarifləndirmək baxımından olduqca önəmli idi. X. Məmmədov həmişə vətənini və millətini düşünən bir alim olub. Milli azadlıq hərəkatının ön sıralarında olan bu insan hərəkəti, davranışı, danışığı ilə rəhbər vəzifə tutanlara, özlərini ziyalı adlandıraraq xalqdan uzaq duranlara nümunə göstərib. Rusiyanın hakim dairələrinin təkidi ilə özlərini erməni millətçisi adlandıranlar Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistanın tərkibinə qatmaq istəyəndə, görkəmli alim tez-tez Qarabağa getmək, xalqla birgə olmaqla yanaşı, Bakıda da fəal ictimai iş aparıb. Sözü keçən alimlərə, rəhbər işçilərə təsir etməyə, onları xalq hərəkatının sıralarına qoşmağa səy göstərib. Kükrəyib ayağa qalxmış xalqın düzgün istiqamətləndirilməsinə böyük ehtiyac olduğunu görən Xudu müəllim toplumu doğru yola yönəldən bir təşkilata güclü ehtiyac olduğunu görüb. Bunun üçün də müxtəlif dünyagörüşlü, cəmiyyətin müxtəlif təbəqələrindən olan adamların bir təşkilatın çatısı altında birləşməsinə can atıb. Elə bu yolda da canını vətəninə və millətinə fəda edib. 1988-ci il oktyabrın 15-də yenicə formalaşmaqda olan Azərbaycan Xalq Cəbhəsinin Üzeyir Hacıbəylinin ev muzeyində təşkil edilmiş toplantılarının birində ürəyi dayanıb. Onun ölümündən az sonra Bakıda izdihamlı mitinqlər başlayıb. Bu etiraz dalğaları təkcə Azərbaycanın sovet müstəmləkəsindən qurtarmasına yol açmır. Həm də SSRİ-nin dağılmasına, əsarət altında olan xalqların bir çoxunun azadlığa çıxmasına şərait yaradır. X. Məmmədov "Qoşa qanad” əsərində yazır: "İnsanın ən böyük qüdrəti ondadır ki, nəinki təbiətdəki gözəllikləri duyur, dərk edir, bunlardan həzz alır, habelə özü öz dünyagörüşünə, arzusuna uyğun gözəlliklər yaradır. Bu gözəlliklər də öz növbəsində insan üçün eyni dərəcədə həzz mənbəyinə çevrilir”.
Gözəllik vurğunu olan X. Məmmədov yaddaşlarda elmi kəşfləri ilə yaşayacaq bir alim olaraq qalmayacaq, o həm də vətənin və xalqının çətin günündə özünü önə atan bir cəngavər kimi yaşayacaq. X. Məmmədov həm də özünəməxsus bir elmi-ədəbi istedada malik sadə insan idi. Onun hələ sovet dönəmində SSRİ-nin dağılması, Türkiyə ilə sərhədlərin açılması barədə fikirləri zamanında çoxlarına xülya kimi gəlirdi. Amma Türk Dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin alim barədə söylədiyi bir xatirəsi hər halda nəticə çıxarmağa əsas verər. Bəxtiyar müəllim deyirdi: "1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın cənublu-şimallı birliyində xoşbəxtliyini görmək olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: "Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan Türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm... Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə...” B.Vahabzadə bu arzuya belə şərh verir: "Xudu ötən əsrin 70-ci illərində onu görürdü və arzulayırdı ki, bir gün sərhədlər açılacaq. Üzümüzə bağlı olan Türk Dünyası qucağımızda olacaq. Sovet quruluşu dağılacaq, bir gün isə türk əsgəri hətta Bakıya əlində silah gələ biləcək, Azərbaycanı düşmənlərdən qorumaq üçün, arxa durmaqdan ötrü...”
Rusiya EA-nın həqiqi üzvü, görkəmli kimyaçı alim Yuri Timofeyeviç 2005-ci ildə Moskvada nəşr edilmiş "Biganə qala bilməyi bacarmayan insan” kitabında görkəmli Azərbaycan alimi X. Məmmədov haqqında sensasiyalı faktlar açıqlayıb: "... Bu bəstəboy insan öz xalqını və ölkəsini dəlicəsinə sevirdi. O, vaxtilə Azərbaycan EA-nın prezidentinə müxalif mövqedə olub. Onu bu mövqeyinə görə faktiki olaraq elmi fəaliyyətdən məhrum ediblər. Lakin şükürlər olsun ki, Azərbaycan EA-da rəhbərlik dəyişdikdən sonra o, laboratoriya müdiri vəzifəsinə bərpa edilib. O, Azərbaycan xalqının milli ornamentləri ilə maddələrin atom quruluşu arasında paralellik apararaq elmi bağlılıq axtarıb tapıb. Ancaq heç bir elmi məşğələ, heç bir inzibati qərar və ya ailə problemləri onu Azərbaycanın hansısa ən ucqar bir rayonunda xəstələnmiş və onu arzulayan qohumu, yaxud bir çobanla belə görüşünün qarşısını ala bilməzdi...”.
Kitabın 466-cı səhifəsində də X.Məmmədov haqqında daha bir maraqlı hissə var.1980-ci illərin sonlarında baş verən hadisələrdən, milli münaqişələrdən danışan müəllif yazır: "SSRİ məkanında və Qafqaz ölkələrində faciələr yaşanırdı... Dəhşətli hadisələr bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı "erməni xalqının düşmənləri” siyahısına salındı. Lakin ermənilər heç cürə onu öldürməyə macal tapa bilmədilər”. Bu faktlar bir daha sübut edir ki, X.Məmmədov 1987-88-ci illərdə Rusiyada və Azərbaycanda rusdilli mətbuatda ermənilərin İrəvanda və Dağlıq Qarabağda qaldırdıqları milli münaqişələrə, əsassız torpaq iddialarına sərt tənqidi yazıları və tarixi-elmi əsaslandırmaları ilə cavab verdiyindən ermənilər onun adını "erməni xalqının düşməni” kimi ölüm siyahısına daxil edib.

İsmayıl

12:45