Bütün günahları başqalarında axtarır və…

DUMB - Azərbaycanın ƏSA teatrı ilk tamaşasını təqdim edir.

Ölkədə bir ilkə imza atan, 3 sentyabr 2016-cı il tarixində təsis edilən, əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrının ilk tamaşasının premyerasının keçiriləcəyi gün bəlli oldu. “DUMB” tamaşası 20 noyabr saat 19:00-da paytaxt Bakıda Xəzər Üniversiteti kampusunda göstəriləcək. Psixo-dram janrında qurulmuş bu teatr əsəri bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Bütün həyatını aldığı travmadan (zərbədən) qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən baş qəhrəman bütün günahları ətrafında olan hadisələrdə və şəxslərdə görür. Hətta bütün bunlarla da kifayətlənmir və ...
Tamaşada Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə oynayır. “DUMB” tamaşasının xoreoqrafı Fərid Kazakovdur. Azərbaycan Respublikasının idman ustası olan Fərid xoreoqrafiya üzrə beynəlxalq Moskva festivalı müsabiqəsinin 2 qat qalibi, Beynəlxalq rəqs olimpiyadasının, “XX Yaradıcılıq olimpiyadası” (Soçi, Rusiya) beynəlxalq yaradıcılıq festivalı müsabiqəsinin qalibidir.   Tamaşanın rəssamı İlahə Mayıl, rəssam və dizayn tərtibatçısı Naz Ramizqızı, musiqi tərtibatçısı və bədii rəhbəri teatrın təsisçisi Nihad Qulamzadədir. Təşkilati dəstək “British Council Azerbaijan”, texniki dəstək isə Xəzər Üniversiteti və "TalanT's Manager"ə məxsusdur.

Xudaferin.eu

13:04