Burada yəhudi azan səsindən qaçmır - "Qırmızı qəsəbə - Sinaqoqdan xalçayadək...”

Bu sahildə olan yəhudi qarşı sahildəki müsəlman qardaşının ona üz tutub ibadət etməsindən qürur duyur.

Bu yaxınlarda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialından yazı hazırlamaq üçün yenicə istifadəyə verilmiş filiala getmişdik. Filialdan hazırladığımız reportajı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Orada yaradılmış sərgidə “Azərbaycan xalçaları” jurnalının müxtəlif sayları da sərgilənir. Jurnalları vərəqləyərkən 13-cü sayda maraqlı bir yazı qarşımıza çıxdı. Professor Vidadi Muradovun “Qırmızı qəsəbə: Sinaqoqdan xalçayadək” sərlövhəli məqaləsində dağ yəhudilərinin Azərbaycanda məskunlaşması, bu qəsəbənin tarixi barədə zəngin məlumatlar vardır. Tarixi faktlar əsasında qələmə alınmış bu araşdırma yazısının oxucularımız üçün də maraqlı olduğunu nəzərə alaraq onu hissə-hissə təqdim edəcəyik.

Qırmızı qəsəbə: Sinaqoqdan xalçayadək

Quba Azərbaycanın məşhur rayonlarındandır. Əsrarəngiz təbiəti – meşələri, bulaqları, şəlalələri, məhsuldar torpaqları, alma bağları… Quba haqqında istənilən qədər tərifli söz eşitmək mümkündür. Bu tarixən belə olub və indi də belədir. Keçmişdə də, indi də Azərbaycana gələn qonaqları paytaxta yaxın olduğuna görə ilk növbədə məhz Qubaya dəvət ediblər. Respublikamızın etnoqrafik xəritəsinin rəngarəngliyi bu rayonun əhalisi ilə bilavasitə əlaqədardır. Qubada ləzgilər, tatlar, xınalıqlılar, buduqlar, qrızlar əsrlər boyu Azərbaycan türkləri ilə dostluq və əmin-amanlıq şəraitində yaşamışlar. Dağ yəhudilərinin məskunlaşdıqları Qırmızı qəsəbənin də məhz bu rayonun ərazisində yerləşməsi Qubanı məşhurlaşdıran olduqca vacib cəhətdir. Qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt halda yaşadıqları inzibati vahiddir. Müasir dünyanın etnosiyasi mənzərəsində Qırmızı qəsəbə əsl fenomendir. Tarixən adı dünyanın siyasi-ictimai, elmi, mədəni, iqtisadi proseslərində tez-tez hallanan, qanlı-qadalı müharibələrlə, soyqırımlarla, didərginliklə üzləşən, lakin bununla belə məhv olmayan, inkişaf edən və inkişafı ilə bəşəriyyəti heyrətləndirməyi bacaran, böyük dühaları, alimləri, yazıçıları, rəssamları, memarları, musiqiçiləri ilə öyünən, təmsilçilərinin dünyanın düzənini dəyişəcək ən böyük kəşflərə imza atdığı bir xalqın – yəhidilərin bir parçası olan dağ yəhudilərinin Azərbaycan ərazisində kompakt halda yaşadıqları yer belə adlanır.

Bu qəsəbəyə gedərkən hələ uzaqdan böyük, qırmızı rəngli hərflərlə yazılmış “Qırmızı qəsəbə” sözləri diqqət çəkir. Qırmızı dam örtüklü evlər, qırmızı bayraqlar… Bir sözlə, qırmızılıq bu qəsəbəyə xas olan cəhətdir. Bir qədər Bakı kəndlərinə bənzərlik var buralarda. Asfalt döşəməli, səliqəli yolların kənarı boyu tikilən evlər bir-birinə bənzəmir. Bu, eynitipli sovet memarlıq nümunələrinin qalıqları deyil, fərdi layihələrdir. Lakin onların hamısının ümumi göstəricisi “Davudun möhürü”dür. Burada gözə dəyən ən dəbdəbəli saraylardan tutmuş ən kasıb görkəmli evlərədək tikililərin hamısının əsas bəzəyi həmin bu “möhür”dür. Qəsəbədə əsrlər boyu ciddi, lakin ədalətli yəhudi qayda-qanunları ilə sülhsevər, ağıllı və zəhmətkeş insanlar yaşamışlar. Bu qayda-qanunlar atadan-oğula, nəsildən nəslə ötürülmüşdür. Bilik qazanmaq, alimə ehtiram, valideynlərə və müəllimlərə hörmət, ciddi ailə intizamı, qarşılıqlı kömək, xeyirxahlıq və əlbəttə ki, əbədiyyətə qovuşanlara, ümumiyyətlə, kökə bağlılıq, dinə sadiqlik hər bir yəhudi ailəsinin tərbiyəsində mühüm rol oynamışdır.

Alimlərin böyük əksəriyyətinin fikrincə, dağ yəhudiləri İsraildən İrana sürgün edilmiş yəhudilərin varisləridir. Onlar burada yerli dili mənimsəmiş, lakin sonradan Qafqaz ərazisinə köçmək məcburiyyətində qalmışlar. Onlar əvvəlcə atəşpərəstlərin, əsrlər sonra isə müsəlmanların təqibi ilə üzləşmişlər. Bəzi tədqiqatçılar isə hesab edir ki, dağ yəhudiləri əslində İran mənşəli tatlardır və onlar VIII-X əsrlərdə Xəzər xaqanlığı dövründə yəhudi dinini qəbul etmişlər. Dağ yəhudiləri özləri Qafqazla bağlılıqlarını 2500 il əvvələ aid edirlər.

İlk əvvəl yəhudi əhali dağlarda məskunlaşmışdı. Tarixçilər bu məskunlaşmanı onların bu və ya digər səbəblərə görə daim müdafiə olunmaq məcburiyyətində qalmaları ilə izah edirlər. İndiki Qırmızı qəsəbədən bir neçə kilometr uzaqlıqda, Qudyalçayın sol sahilində yəhudilər “Kulqat” adlı ərazidə yaşayırmışlar. Nadir şahın hücumları zamanı yerlə-yeksan edilən Kulqat ərazisində indi də köhnə qəbir daşlarının olması vaxtilə burada yəhudilərin yaşadığından xəbər verir. Və nəhayət, hücumlardan və təqiblərdən qaçan dağ yəhudiləri qubalı Hüseynəli xanın himayəsinə sığınırlar. Hüseynəli xanın (1722-1758) və onun oğlu Fətəli xanın (1758-1789) hakimiyyəti illərində inkişaf edən Quba xanlığı şimal-şərqi Azərbaycan və cənubi Dağıstan torpaqlarını – Dərbənddən Lənkəranadək olan əraziləri əhatə edirdi. Bu dövrdə də paytaxt Quba yaxınlığında çoxmillətli yəhudi qəsəbəsinin yaranması heç də təsadüfi hal deyildi. Bu tarixi fakt üzərində bir qədər əhatəli və dərindən düşünək. Hüseynəli xanın atdığı bu addım o dövr üçün heç də birmənalı qarşılanmamışdı. Milli, dini ayrıseçkilik zəminində müxtəlif problemlərin yarana biləcəyi şübhəsizdi. Lakin bu, bütöv Azərbaycan uğrunda mübarizənin bir mərhələsi idi. Hüseynəli xanın daha böyük əraziləri – bütün Azərbaycan xanlıqlarını vahid dövlət olaraq birləşdirmək siyasəti daxildən, milli azlıqlardan başlamışdı. Və yəhudilərin xanlığın paytaxtı Quba şəhərinin yaxınlığında yerləşdirilməsi də bu siyasətin ilk mərhələlərindən idi. 1722-ci ildə Qudyalçayın sol, qərb sahilində dağ yəhudilərinə yer ayrılmış, elə həmin ildən etibarən də onlar burada məskunlaşmağa başlamışlar. Çayın digər nisbətən hündür, şərq sahilində isə Quba şəhəri özü yerləşmişdi. İndi də müxtəlif siyasi-ictimai dəyişikliklərə baxmayaraq, dağ yəhudiləri Hüseynəli xanın “müəyyənləşdirdiyi” ərazidə yaşayır, tarixi nizamı pozmamağa çalışırlar. Yəhudi qəsəbəsində kütləvi məskunlaşma əsasən 1731-ci ildən başlamışdır. 1758-ci ildə Hüseynəli xanın ölümündən sonra Quba xanlığı onun oğlu Fətəli xan tərəfindən idarə olunmağa başlayır. Atasının siyasi xəttini uğurla davam etdirən Fətəli xan yəhudi qəsəbəsinin inkişafını, əhalinin güzəranını daim diqqətdə saxlamış, onlardan öz himayəsini və dəstəyini əsirgəməmişdir. Dağ yəhudilərinin sadiqliyini, müdrikliyini, əməksevərliyini yüksək qiymətləndirən xan burada onlara kənd təsərrüfatı, bağçılıq, ticarət, sənətkarlıqla məşğul olmaq üçün geniş imkanlar yaradır. Qubada yəhudilər üçün yaradılmış əlverişli yaşayış şəraiti buraya Qusar, Ücgün, Şuduq, Qrız kimi digər əfraf kəndlərdən, hətta Bakıdan, İrandan, Türkiyədən və digər yerlərdən yəhudilərin axınına səbəb olur. Lakin bu kütləvi axın qəsəbənin daxili bölgüsündə qarışıqlıq yaratmır. Qəsəbə sakinləri burada “kimin kim olduğunu” heç vaxt unutmurlar.

Ayrı-ayrı yerlərdən buraya köçüb gələn yəhudilər qəsəbənin doqquz məhəlləsində yaşamışlar. Artıq qeyd edildiyi kimi, Kulqat kəndindən gələnlər qəsəbənin ən qədim sakinləridir. Onların ardınca Qusar yəhudiləri də Qubaya üz tutmuşlar. Gilandan qəsəbəyə köç 1780-ci illəri əhatə edir. Gilanlıların məskunlaşdıqları Giləki məhəlləsi Qırmızı qəsəbənin tam mərkəzində yerləşir. Bakıdan və Qubanın özündən qəsəbəyə yerləşənlər isə Mizrahi (tərcümədə “şərqi”) məhəlləsində yaşamışlar. Müxtəlif yerlərdən buraya köçmələr qəsəbə əhalisinin məşğulluq sahələrinin müxtəlifliyinə də təsir göstərmişdir. Məsələn, dağlıq bölgələrdən buraya köçən yəhudilər ayrı-ayrı kənd təsərrüfatı sahələri ilə, İrandan köçənlər isə ticarətlə məşğul olurdular. Maraqlıdır ki, bu məhəllələrin əhalisi arasında, hətta digər xalqlarla qohumluq əlaqələri olmasına baxmayaraq, indinin özündə də kimin hansı məhəllədən olması dəqiqdir. Hər kəs öz məhəlləsinin əfsanəsini, bu torpaqlara köçmə səbəbini yaxşı bilir. Dağ yəhudilərinin Qafqaz ərazisində qeydiyyat tarixi XIX əsrin sonlarını əhatə edir: rəsmi şəkildə yəhudilər Qafqazın 34 yaşayış məntəqəsində 21 138 nəfər olaraq 1881-ci ildə qeydiyyata alınmışlar. Lakin Qudyalçayın sahilləri boyunca məskunlaşan müsəlman və yəhudi əhali bir qədər təcrid olunmuş şəkildə yaşamışlar. Hətta hər iki sahili birləşdirən ilk taxta körpü 1851-ci ildə, daş körpü isə 1910-cu ildə inşa edilmişdir. Əslində bu heç də təsadüfi deyil. Hüseynəli xan milli və dini ayrıseçkiliyin feodal pərakəndəliyi zamanında hansı problemlərə yol açacağını nəzərə almış və yəhudiləri məhz bu cür təcrid olunmuş yerdə məskunlaşdırmışdır. Köçkünlərə, onların həyat və məişət tərzinə, dünyagörüşünə, dininə öyrəşmək, bir qədər kənardan – Qudyalçayın digər sahilindən tamaşa etmək, saf-çürük etmək üçün, çətin, ağrılı günlərdə dostu düşməndən seçmək üçün müsəlman əhalinin kifayət qədər zamanı olmuşdur. Zaman ən böyük sınaqdır. Bu sınaqdan da hər iki sahilin camaatı üzüağ, alnıaçıq çıxa bilmişdir. Son yüzilliklər ərzində Azərbaycanda dağ yəhudiləri ilə yanaşı, digər etnolinqvistik qruplar da – aşkenazlar, krımçaklar, kürd yəhudiləri, gürcü yəhudiləri də yaşamışlar. Lakin XIX əsrdən etibarən respublikamızın yəhudi əhalisinin böyük əksəriyyətini dağ yəhudiləri təşkil etmişlər. Tarixi mənbələr XIX əsrin sonlarında Vartaşendə (indiki Oğuzda) və Mücidə də (Şamaxı rayonu) dağ yəhudilərinin məskunlaşmaları haqqında məlumatlar verir. Məsələn, qeyd olunur ki, 1864-cü ildə Vartaşendə əhalinin çox hissəsini yəhudilər təşkil edirdi və burada üç ibadət evi fəaliyyət göstərirdi. Yəhudi aşkenazların Azərbaycan ərazisinə axını XIX əsrin əvvəllərində – Rusiya imperiyasının işğalından sonra başlayır. Həmin dövrdə Bakıda neft sənayesinin dinamik inkişafı buraya dünyanın bir çox xalqlarını, həmçinin yəhudiləri  də cəlb etməyə başlayır. Bakıya köç edən yəhudilər əsas etibarilə mühəndislər, müəllimlər, həkimlər və vəkillər idilər. Sovet hakimiyyəti illərində Azərbaycanda yaşayan yəhudilərin sayı üç dəfə artmışdır. SSRİ-də antisemitizmdən ən az zərər çəkənlər də məhz Azərbaycan yəhudiləri olmuşdur. Respublikamızda yaşayan yəhudi icması heç zaman antisemitizm təzahürləri ilə qarşılaşmamışlar. İcmanın bir çox nümayəndələri Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal şəkildə iştirak edirlər. Hətta İttifaq dağıldıqdan sonra belə, iqtisadi və sosial sahələrdə ciddi dəyişikliklərə baxmayaraq, Azərbaycandan yəhudi əhalinin xaricə axını digər postsovet respublikaları ilə müqayisədə çox zəif olmuşdur.

Qəsəbədə maraqlı həmsöhbət tapmaq o qədər də çətin deyil. Qəsəbəlilərin “Qırmızı qəsəbəni Simanduyevlərdən soruşun!” məsləhətinə əməl edərək Qudyalçayın sahilində yerləşən Altıgünbəzli sinaqoqa üz tuturuq. Qarşı sahildəki məsciddən ucalan əzan sədalarının altında sinaqoqa yaxınlaşırıq. Şahidlərin dediyinə görə, Yerusəlimdə də belədir. Bir tərəfdə müsəlman məscidi, digər tərəfdə isə yəhudi sinaqoqu… Müasir dünyanın siyasi-ictimai düzəninə görə paradoksaldır. Lakin bu paradoksallıq Azərbaycana şamil edilə bilməz. Burada yəhudi əzan səsindən qaçmır, ona nifrət etmir, bu səs onu qıcıqlandırmır, hiddətləndirmir. Əksinə, bu sahildə olan yəhudi qarşı sahildəki müsəlman qardaşının bu səsin sorağıyla eyni məkanı qibləgah bilməsindən, ona üz tutub ibadət etməsindən qürur duyur. Pilləkənlərlə yuxarı qalxırıq. Məhəccərdən qarşı sahil daha gözəl görünür. Dəmir işləməli məhəccərin “yəhudi ulduz”larının arasından görünən məscid minbəri fərqli təəssürat oyadır.

                                                                                                                                                                         Ardı var... (Cahanpress.com)

17:47