“Büdcəyə gəlir vergisindən daxilolmalar kəskin azalıb”

 

“Başlıca səbəb iş yerlərinin kütləvi ixtisarıdır”
 

“Vergi növləri üzrə ödənişlərin trend təhlili göstərir ki, bu ilin birinci rübündə fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz azalıb”. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu açıqlayıb.

“Ötən ilə nisbətən 3 aylıq azalma 119,3 milyon manata çatıb”

 

“Belə ki, əgər ötən ilin birinci rübündə bu mənbədən büdcəyə daxilolmalar 323,9 milyon manat təşkil edibsə, bu ilə olan müvafiq göstərici 204,6 milyon manat olub. Bir sözlə, ötən ilə nisbətən 3 aylıq azalma 119,3 milyon manata çatıb. Fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin dəyişməsdiyi halda, bu mənbədən azalmaya vergi tutulan bazanın aşağı düşməsi və vergi ödəyicilərinin sayının azalması təsir göstərə bilər. Lakin müqayisə olunan dövrdə orta aylıq əmək haqqının 5,9 faiz artması əksinə vergi tutulan bazanın böyüdüyünü ifadə etdiyindən onda bu faktorun neqativ təsirindən danışmağa dəymir”, - deyib iqtisadçı.

““Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi fiziki şəxslərin gəlir vergisindən daxil olmaları artırmalı idi”

 

İbadoğlunun fikrincə, əslində 2017-ci ildən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi fiziki şəxslərin gəlir vergisindən daxil olmaları artırmalı idi: “Çünki bu Qanuna görə 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır. Bu isə qeyri-formal əmək haqqı və digər ödənişlərin leqallaşdırılmasına gətirib çıxarmlı idi. Bəs onda nə baş verib və nədən 1-ci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə fiziki şəxslərin gəlir vergisindən büdcəyə daxil olmalarda kəskin azalma olub?”

“Bunun başlıca səbəbləri iş yerlərinin kütləvi ixtisarı hesab oluna bilər”

“Apardığımız təhlillər göstərir ki, bunun başlıca səbəbləri iş yerlərinin kütləvi ixtisarı hesab oluna bilər. Bu amilin təhlili göstərir ki, yalnız vergi ödəyicilərinin sayının azalması belə kəskin azalmanı şərtləndirə bilər. Amma əksinə, statistika məlumat verir ki, 2017-ci ilin I rübü ərzində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb. Bəs onda nədən fiziki şəxslərin gəlir vergisindən daxilolmalar azalıb?

Belə çıxır ki. bu ilin birinci rübündə bağlanan iş yerlərinin sayı yeni açılanlardan çox olub. Görünür, burada böyük yalan yeni açılan daimi iş yerlərinin sayının şişirdilməsindədir. Həqiqətə yaxın olan odur ki, faktiki olaraq bağlanan iş yerlərinin sayı yeni yaradılanlardan dəfələrlə çox olub. Əks təqdirdə büdcəyə fiizki şəxslərin gəlir vergisindən daxilolmalar azalmalı deyildi”, - deyə iqtisadçı əlavə edib.

Şamo
Hurriyyet.org

 

09:26