Büdcəni yeyən nəzarətedici qurumlar

Neftin ucuzlaşması ilə dövlət büdcəsində yaranan gərginliyin çözülməsi yönündə hökumətin çabaları büdcənin əvvəlki ilə nisbətən üçdən birinin – 8 milyard manatının azalması ilə sonuclandı. Bu 8 milyardın isə sadə vətəndaşın, elmi işçinin, müəllimin maaş kartından “yoxa  çıxması” acı gerçəkdir. Bəs büdcəni talayan kimlərdir və dövləti, onun büdcəsini bu talandan necə qurtarmaq olar? Büdcənin talanmasında başlıca rolun nəzarətedici qurumların və hüquq mühafizə poqonlarının oyndığını demək olar. Fikir verin, dövlət orqanlarının, nazirliklərin, onların yanındakı  qurumların hamısının daxili nəzarət orqanları, aparatları, bir-birini təkrarlayan şöbələri, idarələri, departamentləri həmin nazirliyə, orqana ayrılan vəsaitin ortalıq yarısına yiyələnir. Başlıca işi görənlər isə qəpik-quruşun ümidinə qaldıqlarından qanunsuz yollarla ciblərini doldurmağa üstünlük verirlər. Təbii, bu doldurmadan həmin nəzarətedici qurumlara da pay düşür. Beləliklə, rüşvətə, korrupsiyaya geniş meydan açılır və bu meydanda “quru yurdda qalan” elə sadə vətəndaş olur. Fikrimiz analaşılsın deyə, məsələn, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun, Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDX) başlıca görəvinin rüşvət , korrupsiya qarşılığında köməkçilik, xidmətçilik etdiyini vurğulayaq. ASİHMDX-nın işi istehlakçı hüququnun pozulması barədə şikayətçilərə hüquq pozucusunun qanunsuz cavabını təkrarlamaqdırsa, büdcədən bu qurumun maliyyələşməsinə nə hacət? Hüquq mühafizə orqanlarına gəldikdə isə xidməti görəvin poqonla uzlaşmasının əsassız büdcə xərclərinə, sosial ədalətsizliyə nədən olması rahatsızedici haldır. Vergilər Nazirliyindən tutmuş Gömrük Komitəsinə, Ədliyyə Nazirliyinə kimi az qala on işçidən biri generaldır! (??) Hər qurumun da öz qospitalı, öz poqonlu həkimləri, öz cinayət – istintaq departamenti, öz poqonlu vergi, rüsum yığanları, araşdırmaçıları , müstəntiqləri , poqonlu mətbuat, maliyyə idarələri və s. və i.a.!!??

Lap elə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Baş Prokurorluq olsun, maliyyə, mətbuat, tibbi və s. xidmət işçilərinin poqon daşımasının büdcəyə nə qədər ziyan vurması açıq-aşkar deyil? Bu qurumların mülki işçilərdən təşkil olunmasından dövlət nə itirər? Özü də belə “poqon xidməti”nin korrupsiyaya yol açması da söz qonusudur. Döyüşlərdə canını verən hərbçilərlə görüm-baxımla, məsələn, maliyyə xidmətində “döyüşənlərin” maliyyə durumlarına baxın! Ölkənin baş(lıca) nazirliyinin Müdafiə Nazirliyi olması təbidir. Canını xalq üçün, vətən üçün qoyanlar da bu nazirliyin döyüşçüləri olduğu halda, mülki xarakterli işlərdə poqon gəzdirənlərdən də az əmək haqqı alırlar!(??) Müdafiə Sənayesi Nazirliyinin baş(lıca) nazirliyin  yanına verilməsi də büdcə xərclərinin azalmasına nədən olar. Xüsusi Dövlət Mühafizə Xidmətinin Prezidenti qorumaqdan başqa elə bir işi görsənmir. Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis binalarında minlərlə manat qarşılığında keşik çəkməyi, qəbula gələn xanımların çantalarını eşələməyi, eldə deyildiyi kimi, nənəm də bacarar. Eyni zamanda DİN-in nəzarətilə mülki mühafizə yolu ilə də binaların mühafizəsini təşkil etmək olar.
Biz hərbi çinə – poqona, nəzarət etməyə qarşı deyilik. Amma dədə-babalarımız demiş, çörəyi ver çörəkçiyə.., poqonu da döyüşçüyə. Məmməd Araz da yaxşı deyib : BİR AZ DA ƏSGƏR ŞƏRƏFİ İLƏ YAŞAYAQ !

Məğrub Bədəlsoy

10:59