Büdcəni talan edən nazirliklər

 

Natiq Cəfərli: “44 nazirlik və komitə  Azərbaycan kimi kiçik bir dövlət üçün böyük rəqəmdir”

Əli Orucov: “Nazirlər Kabinetinin işləmək qabiliyyəti yoxdur”

Nazirliklərinin sayının azaldılması məsələsi yenidən gündəmə gəlib. Müzakirələrə qoşulan mütəxəssislərin qənaətinə görə, Azərbaycan kimi kiçik ölkə üçün 20 nazirlik çoxdur. Buna görə də hökumətə təklif olunur ki, birləşdirmə, yaxud ləğv yoluyla strukturların sayı 10-dək azaldılsın. Azərbaycandan ərazisinin ümumi sahəsinə (357.021 min kv.km) görə 4, əhalisinin sayına (82 milyon) görə 8 dəfə çox olan Almaniyada cəmi 14 nazirlik fəaliyyət göstərir. Avropanın inkişaf etmiş və Azərbaycandan böyük olan digər dövlətlərində - Fransa, İspaniya, Türkiyə, İtaliya və Norveçdə də oxşar strukturların sayı 15-i keçmir.

Qənaət rejiminə keçid

İqtisadçılar hesab edirlər ki, iqtisadi və maliyyə böhranı içində olan Azərbaycanda dövlət büdcəsindən maliyyələşən nazirliklərin sayının çox olması əlavə maliyyə itkisi deməkdir. Hesab olunur ki, manatın kəskin dəyər itirməsi və neftin qiymətinin azalması fonunda qənaət rejiminə keçmək daha məqsədəuyğundur. Qənaət rejiminə keçid isə həm də hökumətin tərkibinin azaldılmasını, bir-birinin funksiyalarını təkrarlayan nazirliklərin ləğvi və ya birləşdirilməsini tələb edir. Məsələ ilə bağlı fikirlər hətta Milli Məclisin iclasında da səsləndirilib. Millət vəkili Əli Məsimli hökumətə Azərbaycanda mövcud nazirliklərin sayının azaldılması təklifini verib. Ə.Məsimli hesab edir ki, nazirliklərin sayı çoxdur: “Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi mane olan amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər”.

“İl ərzində gözləniləndir”

REAL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə katibi Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda təkcə nazirliklərin yox, dövlət komitələri və idarələrinin də sayı çoxdur. N.Cəfərlinin sözlərinə görə, 44 nazirlik və komitə var ki, Azərbaycan kimi kiçik bir dövlət üçün bu, böyük rəqəmdir: “Bu qədər dövlət orqanının olması suallar yaradır. Əgər idarəetmə sistemində ciddi islahatlar barədə düşünülürsə, kiçik və effektli hökumət modeli yaradılmalı, bunun üçün də ilk növbədə nazirlik və komitələrin sayı azaldılmalıdır. İdarəetmənin təkmilləşdirilməsi yönündə atılacaq addımlar iqtisadiyyatın inkişafına da kömək olacaq. Yəni, iqtisadi inkişafın yolu idarəetmədəki ciddi problemlərin həllindən keçir. Bu baxımdan da biri-birlərinə paralel olan bir sıra nazirlik, yaxud komitələrin birləşdirilməsi, o cümlədən ləğv olunması məsələsi aktualdır. Həmin addımların atılması məntiqli olardı. Bu, idarəetmənin keyfiyyətini artırardı və inzibati problemləri həll edərdi, biznes üçün münbit şəraitin yaranmasına səbəb olardı. İl ərzində gözləniləndir ki, hökumət idarəçiliyi təkmilləşdiriləcək”.

“İslahatlar hakimiyyətin sonuna çıxa bilər”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə hökumətin dövlət qurumlarının sayını azaltmayacağını deyib. Ə.Orucov hesab edir ki, hökumət ümumiyyətlə islahat barədə düşünmür: “Bu siyasi sistemdən islahat gözləmək absurddur, sadəlövhlükdür. Mətbuatın bu məsələni niyə gündəmdə saxladığını başa düşə bilmirəm. Bunu birdəfəlik bilmək lazımdır ki, bu sistem heç vaxt islahata getməyəcək. Çünki bu islahatların aparılması, hökumətin sonu deməkdir. Kim özünə əvvəldən qəbir qazar? Digər yandan indiki Nazirlər Kabineti çox şişirdilib və bunun iş görmək əmsalı da sıfırdır, işləmək qabiliyyəti yoxdur. Hansısa qurumu ləğv edirlər, adını dəyişib başqa bir struktur yaradırlar. Ad dəyişir, amma məna dəyişmir. İslahat o zaman olacaq ki, bu hökumət komanda formasında istefaya gedəcək. İlk növbədə siyasi sistemin özü dəyişməlidir. Bunun alternativi yoxdur”.

Mənsur Rəğbətoğlu

13:21