Büdcəni həm də abituriyentlər dolduracaq: 6 manatlıq imtahana 20 manat ödəməklə

 

Yeni qərara əsasən ali məktəbə qəbul olunmaq istəyən abituriyentlər sınaq imtahanlarında iştirak etmək üçün 20 manat ödəniş edəcək. Əvvəlki illərin təcrübəsinə dayanaraq Azərbaycanda sınaq imtahanlarına qatılan abituriyentlərin sayının 50 mindən artıq olmasını və bu cür imtahanların bir neçə dəfə keçirilməsini nəzərə alsaq, Dövlət İmtahan Mərkzinin keçirdiyi pullu sınaq imtahanı qazanc yeri olacaq.

İqtisadçı-ekspert Qadir İbrahimli açıqlamasında deyib ki, sınaq imtahanlarının keçirilməsi üçün tələb olunan məbləğ4-6 manat arasında dəyişilə bilər: “Sınaq imtahanlarının 20 manat olması düzgün deyil. Bir sıra özəl kurslarda təşkil olunan belə sınaq imtahanları 6 manata başa gəlirdi. Düşünürəm ki, sınaq imtahanına qatılmaq üçün 6 manat ödəniş etmək normaldır. Lakin dövlət səviyyəsində keçiriləcək bu sınaq imtahanlarına görə məvacibin 20 manat müəyyənləşdirilməsi düzgün deyil. Məqsəd bu yolla da qazanc əldə etməkdir. Görünür ki, hökumət sınaq imtahanları vasitəsilə də büdcəni doldurmağa çalışır”.

Bu isə o deməkdir ki, 25 min şagirdin təkcə bir sınaq imtahanında iştirakından hökumət əlavə olaraq 350 min manat gəlir əldə edə biləcək.

İmtahan pullu oldu: Sənəd verənlərin sayı kəskin azaldı

Məlum olduğu kimi bu gün, 17 mart saat 23:59-da Dövlət İmtahan Mərkəzinin magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı bitirdi. Amma DİM bu müddəti martın 28-dək uzadıb. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hələ indiyə qədər sənəd qəbulu bitən zaman bu qədər əlavə vaxt verilməmişdi:  “Səbəb imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərinin sayının keçən il ondan əvvəlki illərlə müqayisədə dəfələrlə az olmasıdır. 2016-cı ildə 22 min, 2015-ci ildə 24 min, 2014-cü ildə 25 min bakalavr sənəd qəbulunda iştirak etmişdisə, bu il, yəni 2017-ci ildə heç 11 min nəfər yox idi. Bunun bir səbəbi var, o da imtahan qiymətlərinin fantastik olmasıdır”. 

Ekspertin fikrincə, hələ abituriyentlərlə bağlı daha ciddi rəqəmlər ortaya çıxacaq: “Təsəvvür edin ki, magistraturaya qəbul üçün 25 min bakalavr sənəd verəndə plan yeri 80 faiz dolurdusa, indi heç ali məktəblərin plan yeri 50 faiz dolmayacaq. DİM sədri bu gün deyib ki, qəbul imtahanın 1-ci mərhələsində iştirak etmək istəyən 22 mindən çox şəxs artıq elektron ərizə verib. DİM-in rəsmi saytına əsasən saat 12:21 - ə olan məlumata əsaəsn bakalavr, magistr, rezidentura, kolleclərə qəbul olmaq üçün bütün verilən sənəd qəbullarını hesablasaq 15 min nəfər etmir. Yalnız magistraturaya qəbul üçün 10 mindən bir az artıq, bakalavra qəbul üçün isə 3 mindən az şəxs elektron ərizə verib”.

 

Nigar Məhərrəm
Cebhe.info

 

08:50