Bu, nadir layihədir – Abbasov

 

2016-cı il bizim üçün uğurlu olub. Təsdiq edilən iş planının icrası, habelə Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın, eləcə də ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu fikirləri Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərlə bağlı AzərTac-ın müxbirinə müsahibəsində bildirib.

O deyib ki, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi, beynəlxalq tədbirlərdə ölkəmizin iştirakı, əlamətdar günlərin qeyd olunması, Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinə dair həqiqətlərin yayılması, ulu öndər Heydər Əliyevin irsinin təbliği, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə islahatların aparılması, qarşılıqlı səfərlərin təşkili, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işlərinin aparılması, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin, dünyalarını dəyişmiş tanınmış soydaşlarımızın xatirələrinin əbədiləşdirilməsi Mərkəzin işinin prioritet istiqamətləridir. Qeyd edilib ki, Özbəkistan KİV-lərində Azərbaycanla bağlı materialların verilməsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda, həmçinin AMM-nin təşəbbüsü ilə Özbəkistanda çap olunan kitabların təqdimatlarının, mədəni tədbirlərin, sərgilərin baş tutması istiqamətində də əməli işlər görülüb. 2017-ci ildə təbii ki, bu istiqamətlərdə işlər davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, turizmə dair təbliğat işini gücləndirmək, özbək turistlərini ölkəmizə cəlb etmək məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan videoçarx ötən ilin noyabr ayından Özbəkistan Dövlət Televiziyasında nümayiş etdirilir. Videoçarx Özbəkistanın “Mədəniyyət və Mərifət” telekanalında da verilir. Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, İçərişəhər, şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi, Dənizkənarı Milli Park öz əksini tapıb. Videomaterialın musiqisində “Qarabağ şikəstəsi”dən istifadə olunub.

S.Abbasov bildirib ki, 2016-ci ildə Daşkənddəki Vestminister Universiteti, İslam Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti, Səmərqənd Dövlət Universiteti, Daşkənd Beynəlxalq Məktəbi, Daşkənddəki Britaniya Məktəbi ilə əlaqələr genişləndirilib, keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgi və stendlərdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı faktlar öz əksini tapıb, ermənilərin saxtakarlıq siyasətinə dair nəşrlər nümayiş etdirilib, Azərbaycan mədəni irsi ilə əlaqədar təbliğat işləri aparılıb, bu haqda materiallar yayılıb.

AMM-nin direktoru deyib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Qarabağ geyimlərinin maraqlı kompozisiyası yaradılıb və müxtəlif tədbirlərdə nümayiş etdirilib və bu iş davam etdiriləcək. Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.

Qeyd edilib ki, Azərbaycanın tarixi, erməniləri apardığı soyqırımı siyasəti haqqında da müxtəlif tədbirlər, Mədəniyyət Mərkəzinin dərnəklərində “açıq dərs”lər keçirilib. Bu tədbirlərdə 1918-ci ilin mart ayında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində aparılan etnik təmizləmə siyasəti, soydaşlarımıza qarşı törədilən soyqırımı haqqında məlumat verilib, Azərbaycanın Quba şəhərində aşkar olunmuş soyqırımı məzarlığına, burada yaradılan Soyqırımı Memorial Kompleksinə virtual səyahət təşkil edilib.

Öən il AMM-nin təşəbbüsü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si Olimcon Buriyevin tərcüməsi ilə toplu halında işıq üzü görüb. Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı da nəşr olunub, “Leyli və Məcnun” poeması tərcümə olunaraq çap edilməsi üçün mətbəəyə təqdim edilib. Camal Kamalla Mədəniyyət Mərkəzinin imzaladığı müqaviləyə əsasən bu il “Xəmsə”yə daxil olan digər əsərlərin də ayrılıqda çapı nəzərdə tutulub. Bu, nadir layihədir. Belə ki, indiyədək böyük şairin “Xəmsə”si Özbəkistanda tam olaraq çap edilməyib.

AMM-nin təşəbbüsü ilə özbək tarixçisi Şuxrat Salamovun rus dilində “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitabları çap edilib, bu kitabların Bakıda və Tbilisidə təqdimatları keçirilib. Azərbaycan yazıçısı Anarın “Mən, sən, o və telefon” kitabı, “Azərbaycanın mədəni irsi” toplusu özbək dilində işıq üzü görüb. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Bəxt üzüyü”, “Yol əhvalatı” kinokomediyaları, habelə Azərbaycan cizgi filmləri özbək dilinə dublyaj olunub və təqdimatları keçirilib, daimi şəkildə nümayiş etdirilməsi üçün Özbəkistan Dövlət Televiziyasına təqdim edilib.

Hər il Özbəkistan mətbuatında “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsi keçirilir və qalib gələn jurnalistlər mükafatlandırılır. Bu, özbək jurnalistlərə Azərbaycan mövzusunu daim gündəmdə saxlamağa, bir sözlə, ölkəmizin təbliğinə böyük imkanlar açır.

S.Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində Azərbaycan pavilyonunun açılışı haqqında da məlumat verib. O qeyd edib ki, bu pavilyonda ilk dəfə olaraq ziyarətçilər dünyada qədim insan yaşayış məskənlərindən olan Qafqazın ən gözəl ölkəsinin - Azərbaycanın bütün sahələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Pavilyonda Azərbaycan mədəniyyəti ilə bağlı unikal stendlər, milli geyimlər, musiqi alətləri, Azərbaycan kəndlisinin ənənəvi evi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri nümayiş etdirilib, lavaş və çörək bişirilməsi üçün təndir sərgiyə qoyulub. Sərgidə ikitərəfli əməkdaşlığa dair nadir kitablar, xəritələr, habelə ölkəmizin turizm potensialına dair ayrıca bölmə yaradılıb. Hazırda Azərbaycan pavilyonu Özbəkistan Dövlət Tarix Muzeyində fəaliyyətini davam etdirir. S.Abbasov deyib ki, bu istiqamətdə işlər növbəti illərdə də davam etdiriləcək, bir sıra mühüm layihələr həyata keçiriləcək.

Axar.az

18:23