"BU İQTİDAR İNSANİ DƏYƏRLƏRİ BEYİNLƏRDƏN SİLİB"

“Xalq müxalifətə heç nə vermədən hər şey almaq istəyir”

“Bir tövlədə yaşamağa mənəvi haqqı olmayanlar indi saraylarda, villalarda yaşayırlar”

Istər yerli, istər də beynəlxalq ekspertlərin dediklərinə görə, 2017-ci ildə Azərbaycanda ciddi sosial böhran olacağı qaçılmazdır. Bunu ayrı-ayrı dövlət rəsmiləri də etiraf edir. Odur ki, hökumət bu böhrana qarşı önləyici tədbirlər görməkdə, müəyyən sahələrə aid “Strateji yol xəritəsi” hazırlamaqdadır. Maraqlıdır, sosial böhranın qapımızın ağzında olduğu bir vəziyyətdə müxalif partiyaların rolu və fəaliyyəti nədən ibarət olmalıdır? Ümumiyyətlə, Azərbaycan müxalifətinin növbəti 1 illik inkişaf planı və strategiyası varmı? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. S.Cəlaloğlu deyir ki, ADP ölkədə yaranmış vəziyyətdən asılı olaraq müəyyən siyasi xətt tutacaq: “Nəyisə planlaşdırmaq fikrimiz yoxdur. Çünki vəzifəmiz bu çətin ildə Azərbaycan xalqının əmin-amanlıqda qalması, dövlətimizin suverenliyinin, cəmiyyətimizin stabilliyinin qorunmasına xidmət etməkdir. Biz bu iki vəzifəni yerinə yetirməsək, ondan sonra hər hansı bir siyasi proqramın heç bir mənası yoxdur. Çalışmalıyıq ki, bu il Azərbaycanın suverenliyinə təhlükə yaradan faktları aradan qaldıraq, ağır sosial-iqtisadi şəraitin Azərbaycanda iç stabilliyin pozulmasına gətirən təzahürlərinə qarşı mübarizə aparaq. Təbii ki, eyni zamanda hakmiyyətin yanlış sosial-iqtisadi siyasətinə də qarşı mübarizə aparmalıyıq ki, böhran dərinləşməsin. Böhranlı vəziyyətdə ayrıca bir partiyanın cəmiyyətin həyatı ilə bağlı hər hansı bir layihə, strategiya irəli sürməsi düz olmaz”.
Bununla belə, ADP sədri dedi ki, onların ölkəni bu vəziyyətdən çıxarmaq üçün strategiyası var: “Bunun birinci şərti idarəetmənin dəyişilməsidir. Azərbaycanda bu gün mövcud aşağı keyfiyyətli idarəetmə var. İnsanlar prezidentə şəxsi sədaqətinə görə vəzifələrə qoyulurlar. Onlar da prezidentə şəxsi sədaqət nümayiş etdirib, dövlətə və xalqa qarşı xəyanət yolunu tuturlar. Nəticədə bügünkü iqtisadi böhran meydana çıxır. Bu gün bu iqtisadi şəraitdə belə, ayrı-ayrı dövlət müəssisələrində iri məbləğlərdə korrupsiya faktları davam edir. Bir cinayətkarı çıxardıb başqasını qoyurlar. O, yerləri dağıtmaqda davam edir. Təsəvvür edin ki, bu gün hakimiyyətdə bir tövlədə yaşamağa mənəvi haqqı olmayanlar indi saraylarda, villalarda yaşayırlar. Bu da onların qudurğanlığına gətirib çıxarır. Nə millət, nə xalq, nə konstitusiya sayan var. Cəzasızlıq şəraitində öz bildiklərini edirlər. Bu gün insanlar var ki, xəstəsini sağaltmağa, uşağını oxutmğa, adicə gündəlik ehtiyacını ödəmyə pul tapmırlar. Bunların uşaqları xaricdə xalqdan oğrulanmış pulları sözün həqiqi mənasında havaya sovururlar. Oğurlanmış pulları boş-boş əyləncələrə, qeyri-adi dərəcədə şəhanə həyat tərzinə israf edirlər. Hansı ki, heç buna layiq deyillər də. Belə bir kriminal, mafiyalaşmış iqtidar birinci dəyişilməlidir. Strategiyanın birinci hədəfi budur”.
S.Cəlaloğlunun fikrincə, ondan sonra Azərbyacanda sözün həqiqi mənasında xalqa yönəlik bir siyasət aparan komanda formalaşdırılmalıdır: “Ancaq bu gün müxalif partiyaların heç biri hakimiyyəti əvəz edəcək gücə malik deyil. Hakimiyyətə gələcək komanda isə bütün müxalifətin spektrindən çıxmalıdır ki, ölkədə həm sabitlik qorunsun, həm də düzgün bir komanda formalaşsın. İndiki halda Azərbaycan müxalifətinin üzərinə heç bir vəzifə düşmür. Çünki Azərbaycan müxalifəti bu günə kimi xalq tərəfindən nə maliyyə, nə də insan resursları baxımından lazımi şəkildə dəstəklənib, nə də hökumət Azərbaycan müxalifətinə hansısa bir şərait yaradıb. Ona görə, bizim üzərimizə o zaman vəzifə düşə bilərdi ki, bizim mövcudluğumuz üçün kimsə çalışsın, biz də onun qarşılığı olaraq üzərmizə vəzifə götürək. Biz sadəcə olaraq özfəaliyyət şəklində öz gücümüzlə və potensialımızla fəaliyyət göstəririk. Zaman-zaman da çalışırıq ki, Azərbaycanın suverenliyi və xalqın əmin-amanlığı uğrunda gedən mənfi meyllərin qarşısını alaq, müsbət istiqamətə yönəldək. Təsəvvür edin ki, bir atınız var. Ata arpa verməsən minə bilməzsən ki. Azərbaycan xalqı belə düşünür ki, Azərbaycan müxalifətinə nə üzv olmaq lazımdır, nə mənəvi yardım, nə də maliyyə yardımı vermək lazımdır, amma müxalifət xalqın bütün problemlərini həll etməlidir. Heç nə vermədən hər şey almaq istəyirlər. Bu cür ədalətsiz yanaşma ilə nə Azərbyacanda müxalifət olar, nə də müxalifət öz üzərində hansısa bir vəzifə müəyyənləşdirə bilər. Birinci növbədə xalq öz müxalifətini dəstəkləməlidir ki, müxalifət də xalqın maraqları uğrunda mübarizə aparsın”.
Sərdar bəy hesab edir ki, əslində, Azərbycan xalqını Əbülfəz Elçibəyin ahı tutur: “Bu gün başımıza gələnlərin əsas səbəbi odur. Çünki Əbülfəz Elçibəyə ellikcə arxa çevirdilər, o hakimiyyətin qədrini bilmədilər. Ondan sonrakı hakimiyyəti az qala göylərə qaldırdılar. Bü gün də həmin ağrıları çəkir və çəkəcəklər. Çünki ədalətsizliyə görə cəzalanmalıdır və cəzalanırlar. Təbii ki, iqtidarın apardığı indiki siyasət Azərbaycan xalqını müxalifətə tərəf istiqamətləndirəcək. Xalq indiyə qədər belə mövqe tuturdu ki, iqtidar nəsə verə bilər. Amma getdikcə vəziyyət ağırlşacaq və xalq başa düşəcək ki, artıq bu iqtidarı dəstəkləməyə ehtiyac yoxdur. Xalq bunu o zaman dərk edəcək ki, qarını beyninə komanda versin. Açığı, bizm xalqımız apolitik vəziyyətdə olduğuna görə, daha çox qarnından düşünür. Başlanğıc qarındır. Tox oldu, düşünmür. Bu baxımdan, indi gedən sosial iqtisadi vəziyyət xalqın qarnına təsir edəcək. O da dolayısı ilə onun beyninə təsir edəcək. Biz mətbuat vasitələri ilə xalqa həqiqətin harada oduğunu, hansı yolun doğru olduğunu kifayət qədər çatdırırıq. Başqa cür biz hər bir adamın evinə gedib, onun qulağına pıçıldayan deyilik. Zəhmət çəksin, xalq müxalifəti izləsin. Məni izləməsin, kimə inanır, onu izləsin. Oxusun, görsün ki, çıxış yolu nədən ibarətdir. Başqa biz nə edə bilərik?!”.
ADP sədrinə görə, ümumiyyətlə, Azərbaycan jurnalistlərinin müxalifət haqqında çox yanlış təsəvvürü var: “Siz elə bilirsiniz ki, müxalifət də iqtidar kimi bir strukturdur? Gücü, ordusu, polisi, prokuroru var? Bir insan Allaha inanmırsa, o, müxalifətə inanar!? Azərbaycan xalqının 99 faizi ateistidir. Azərbaycanda bir inamsızlıq problemi var. Buna inam vakkumu deyirlər. İnsanlar elə bil boşluğa düşüb. Birinci növbədə Allaha inanmaq lazımdır ki, ondan sonra müxalifətə, haqqa, ədalətə inanasan. Allaha inanmayandan sonra müxalifətə də ədalətsiz münasibət göstərilir. Çünki Allaha inanmaq ədalətə tabe olmaq deməkdir. Müxalfətin bölünməyinin bu məsələyə heç bir aidiyyatı yoxdur. Azərbaycan xalqı 10 milyondur. Azərbaycan müxalifət partiyalarının üst-üstə heç 20 min adamı yoxdur. O xalq milyon-milyon partiyalara dolsa, Azərbaycanda 1 milyon üzvü olan 10 partiya olar. Halbuki Azərbaycanda rəsmi 3-4 partiya var. 10 partiyanın o qədə üzvü olsa, 10 dəfə bu hakimiyyəti dəyişmək gücünə malik olar. Amma Azərbaycan xalqının, 0,1faizi siyasiləşib. Partiyalar da yerdə qalan kütləni öz arxasınca apara bilmir. Hətta məscidə gedənlərdə Allaha inam yoxdur. Birincisi, uzun müddət kölə vəziyyətində qalmışıq. Ikincisi, bu iqtidar 30 ildə Azərbycan xalqının “beynini yudu”. Insani dəyərləri beyinlərdən sildi, onun yerinə tamamilə dağıdcı aqressiv bir dəyərlər gətirib qoydu ki, əlinə fürsət düşən kimi başqasının hqüqunu tapdala, başqasının ruzisini əlindən al, başqasının arvadına göz dik, başqasının balasının başını kəs... Bu iqtidar 30 ildə bü cür əxlaq formalaşdırdı. Təbii ki, Azərbycanda din deyilən şey yoxdur. Dinlə məşğul olan dini liderlər də yoxdur. Bir neçə cavan dini lider var idi ki, daha çox siyasiləşdilər, indi hamısı həbsxanadadır. Yoxsa, onlar özləri cəmiyyətdə kifayət qədər aktiv iş aparırlar. Yerdə qalan hakimiyyətin siyasətini təkrarlayan insanlardır. Hansı ki, Quranda yazılır ki, məscidləri haram pulla təmir etmək olmaz. Ancaq haram pulla edirlər. Bu cür də mənəvi deqredassiya gedir.
Sərdar Cəlaloğlu onu da dedi ki, Azərbaycan xalqının bu günə düşməsinin əsas səbəbi son 30 ildə şüursuzlaşma siyasətinin aparılmasıdır: “Yəni insanları ictimai varlıq olmaqdan çıxarıb, onları fərd halına salmaq və heyvani təbiətlərində yaşamağa məcbur etmək. Az-çox düşünən, aktiv insanlarmız isə ölkəni tərk edib, yerdə qalan hissə isə zombi kimi yaradılıb, knopka ilə idarə olunur. Jorj Smeliyan adında bir fransız sosioloqu var. O deyir ki, xalqlar ədalətsizliyə qarşı üç cür reaksiya göstərirlər. Birinci qaçırlar. Məsələn, Azərbaycanda əhalinin 30 faiz ölkəni tərk edib. İkincisi, adaptasiya olurlar. Azərbycan xalqının bir hssəsi bu zülmə uyğunlaşıb. Ücüncü tərəf isə ən təhlükəlidir. Zülm edən tərəfə keçir. Özünə daha ağır zülm etməkdə ona kömək edir. Bunlar ictimai mazoxistlərdr. Azərbaycanda üç qrupun üçü də çox güclü inkişaf edib, müqavimət göstərənlər çox az, 0, 05 faizdir. Bunlar da müxalifət və onun ətrafında olanlardır. Amma bu üç qrup: qaçanlar, uyğunlaşanlar və hökumətin tərəfinə keçib özünə zülm edənlər hərəsi 30 faizdir”.
ADP sədri vurğuladı ki, Azərbaycanda heç kəs müxalifət adına hökumətdən yararlanmır: “Məsələn, götürək məni, 4 dəfə həbs olunmuşam, işgəncələrə məruz qalmışam. Uşaqlarım hərəsi bir ölkəyə gedib. Ali təhsilli qardaşım var, Konsevatoriyanı bitirib, bu gün taksi şoferi işləyir. Təsəvvür edin ki, mənim qardaşım olduğuna görə iş vermirlər. Qardaşım Qurbanı Vəkillər Kollegiyasından bayıra atdılar. O biri qardaşım mühəndisdi, ancaq iş vermirlər. Biri müharibə əlili idi. Biz 15 il birinci qrup müharibə əlilinə müharibə əlili kimi pensiya ala bilmədik. Axırda məhkəmə yolu ilə aldıq. Mən siyasi müxalifət kimi, vətəndaşların hakimiyyət dəyişilmələri maraqlarını təşkil etməliyəm. Kimsə acından ölürsə, onun problemini həll edə bilmərəm ki. Ona görə, həmkarlar yaratmalıdırlar. Yox, onu edə bilmirlərsə, gəlin ellikcə müxalifətə üzv olun ki, müxalifət getsin hökuməti dəyişsin, normal bir cəmiyyət yaratsın. Biz istənilən fəaliyyəti göstərə bilmərik. O cümlədən də vətəndaşların sosial-iqtisadi vəziyyətini düzəltmək hökumətin işidir. Bunun bizə aidiyyatı yoxdur. Biz yalnız vətəndaşların siyasi hüquqlarını müdafiə etməliyik və siyasi istəklərini həyata keçirə bilərik. Vətəndaşların isə siyasi istəyi yoxdur. Öz hökumətini dəyişmək istəmir. Yerdə qalan istəklərin isə müxalifətə aidiyyatı yoxdur. Çünki bizim nizamnaməyə görə, qarşımıza heç bir sosial-iqtisadi vəziyyətlə bağlı vəzifə qoyulmayıb. Çünki siyasi partiyaların haqqnda konstitusion norma var. Siyasi partiyanın nə olması ilə bağlı dünyada qəbul olunmuş ümumi kriteryalar var. Hökumətin görəcəyi işin siyasi pariyalara aidiyyatı yoxdur. Vətəndaşlar acından ölür, işsizlikdir, mən də deyirəm ki, hakimiyyət düzgün idarə etmir. Mənimki bununla qurtardı. Xalq deyir ki, hakimiyyət dəyişilməsin, amma yaxşı yaşayaq. Onda müxalifətin qapısına gəlməməlidirlər. Onda müdafiə etdiyi hökumətin qapısına getməlidirlər. Yox, əgər vətəndaşlar istəyirlərsə hakimiyyət dəyişilsin, yaxşı yaşasınlar, onda müxalf partiyalara buyursunlar. Vətəndaş öz sabahını düşünmürsə, mən ona nə etməliyəm ki?! Xalq hökumətini dəyişmək istəyəndə, onda mən strategiyamı deyərəm. Amma xalq hökumətini dəyişmək istəmir. Burada müxalifətçiliyin nə işi var?! Hökuməti dəyişməyən kütlələrin müxalifətlə heç bir əlaqəsi yoxdur”.
S.Cəlaloğlunun sözlərinə görə, müxalifətin səhvi odur ki, özünə aidiyyatı olmayan bir çox vəzifələri üzərinə götürüb: “Bizim böyük bir səhvimiz odur ki, Azərbaycanda həmkarlar olmadığına görə, işsiziklə, yoxsulluqla, dilənçilklə, aclıqla qeyri-dövlət təşkilatları zəif məşğul olduğuna görə, insan hüquq və azadlıqları təşkilatları olmadığına görə, biz bu vəzifələri də əlavə yük kimi çiynimizə götürmüşük. Hətta hökumətin də bəzən yükünü çiynimizə götürmüşük. Ona görə sizə elə gəlir ki, biz bu vəzifələri yerinə yetirməliyik. Bizə bu vəzifələrin qətiyyən aidiyyatı yoxdur. Müxaliftət konstitusiyada vətəndaşların nəzərdə tutulan siyasi hüquqlarının həyata keçirilməsinə xidmət edən bir qurumdur. Bu xalq niyə düşünmür ki, bunu idarə edən hökumət ona ögey övladdan pis münasibət göstərir?! Mən xalqın əvəzinə düşünməli deyiləm. Xalq özü düşünməlidir. Bir siyasətçinin çıxışına 10 nəfər adam qulaq asır. Ancaq boş bir şeyə bir milyon adam baxır. Çünki bu insanların beyni normal səviyyəyə gəlib çatmayıb, hələ içtimai varlığa çevrilməyib. Hökumət o qədər beyinlərini yuyub ki, başa düşümürlər ki, bugünkü dünyanın insanları səviyyəsində insan deyillər. Haradasa orta əsrlərin insanlarıdır. Nə cəmiyyət, nə dövlət, nə də gələcək haqqında düşünürlər. Mən hökumət haqqında danışıram, amma girib onu oxumurlar, axı. İnternetə girib oyun oynayırlar. Bütün günü cavanlar əllərində telefon şəhərdədilər. Gör, biri informasiya oxuyur. Ya meyxanaya , ya da əyləncəli nəyəsə baxırlar. Ona görə də bu millətin gələcəyi çətin yol ilə gələcək. Allah-təala deyir ki, “siz mənə qayıdcaqsınız . Bəziləriniz könüllü, bəziləriniz zorla”. Ona görə, insanlar gələcəyə getməlidir. Biri var ki, Pribaltika kimi dinc yolla gedəsən, biri də var ki, Suriya, Ukrayna kimi, ağır yol ilə gedəsən”.

ŞAMO
Hurriyyet.org

17:02