“Bu dəfə premyaranı sənsiz edəcəyik”

 

Hər zaman onu görəndə istər istəməz üzümdə çox qəribə bir sevinc dolu təbəssüm yaranırdı. Çünki maraqlı bir insan olmaqla yanaşı həm də dostluğa, yoldaşlığa etibarlı birisi idi. Artıq, onu sıralarımızda görmürük. Zalım fələk, amansız ölümün kələyi onu bizdən çox tez alıb uzaqlara apardı. Heç bilməzdim ki, onun haqqında belə tez yazmaq qərarına gələçəm. Sanki buna heç hazır da deyildim. Ançaq, yazmaq qərarına gəldim.

Bir həftə önçə Gəncə Dövlət Kukla teatrının qarşısında görüşüb teatrın fəaliyyəti haqqında yazmaq istədiyimi ona bildirəndə başını aşağı salıb gülümsədi və dedi : “Yeni tamaşanın premyerası günü gələrsən həm tamaşaya baxarıq həm də müsahibə verərəm”. Heç düşünməzdim ki, belə tez sıralarımızı tərk edib, ölüm adlı birisinə yoldaş olub gedəçəksən. Bu gedişin isə bizi odlara qərq etdi. Düşünə bilmədiyin andaca kül etdi. Çünki sənə ölüm adlı bir məkanı belə tez yaraşdırmaq olmazdı. Bayram Fətəliyev 15 yanvar 1959-cu ildə Gəncədə dünyaya gəlib. 1991-ci ildən isə Gəncə Dövlət Kukla Teatrına rəhbərlik edirdi. Bu müddət ərzində kiçik bir kollektivi olan Gəncə Dövlət Kukla teatrı sözün əsl mənasında özünün intibah dövrünü yaşayıb. Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən beş kukla teatrından biri də Gəncədə fəaliyyət göstərir. Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı ildə yaradılan teatr Gəncənin ən gözəl memarlıq obyektlərindən biri kimi sayılan alman lüteran kilsəsinin binasında yerləşir. Tarixə nəzər salsaq görərik ki, bu bina XIX əsrin yadigarı olaraq 1885-ci ildə Gəncədə yaşamış almanlar tərəfindən inşa edilib. Bu gün xüsusi olaraq qeyd etmək istəyirəm ki, Bayram Fətəliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Gəncə Dövlət Kukla teatrının kollektivi Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına hər zaman xidmət edib. Məhz onun rəhbərliyi dövründə teatrın repertuarı zənginləşdirilmiş bu müddət ərzində bir-birindən maraqlı, orjinal 100-ə yaxın səhnə əsəri tamaşaya hazırlanmışdır. Xalq nağılları əsasında hazırlanmış “Qız qalası”, “Məlikməmməd”, “Göyçək Fatma”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, Nizami Gəncəvinin “Gül və zəhər”, “Xeyir və Şər ”, Əli Səmədlinin “ Artıq tamah baş yarar”, “Meşə çaqqalsız olmaz”, “Əhmədin vəfalı xoruzu”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, R. Həsənlinin “Ağca və sarıca”, M. Seyidzadənin “Büllur qəsr”, Rafik Səməndərin “Çətin məsələ”, Rəhman Əlizadənin “Keçəlin toyu”, Məhəmməd Alimin “Noxudu keçəlin nağılı” dünya ədəbiyyatı nümunələrindən olan N. Kassionun “İki dəcəl şirciyəz”, A. S. Puşkinin “ Qızıl balıq” və digər əsərlərinin uğurlu səhnə taleyi məhz Bayram Fətəliyevin yaradıçı kollektivlə birgə gərgin zəhmətinin bəhrəsi kimi dəyərləndirilməlidir.

Danılmaz faktordur ki, Gəncədə kiçik aktyor heyəti ilə körpələrin estetik zövqünün formalaşmasında, onların dünyagörüşünün zənginləşməsində Kukla teatrının rolu böyükdür. Həmçinin Bayram Fətəliyevin rəhbərliyi zamanı hər il bir-birindən maraqlı və rəngarəng yeni ilin gəlişi münasibətilə “Karnaval, karnaval”, Novruz bayramı münasibətilə “Novruz gəlir, yaz gəlir” həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünyanı uşaqlara verək”, məktəblilərin payız tətili günlərində onların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsi üçün “Ən yaxşı uşaq tamaşalarına baxış” devizi altında silsilə tamaşaların nümayiş etdirilməsi xüsusi ənənə halına cevrilmişdir. Onun rəhbərliyi ilə məhz Gəncə Dövlət Kukla teatrının uğurlu fəaliyyətini şərtləndirən amillərdən biri də iştirak etdikləri festivallar, əldə etdikləri nailiyyətləri idi. Belə ki, 1994-cü ildə Qazaxıstanın Almata şəhərində keçirilən Şərq xalqları kukla teatrlarının festivalı həmçinin 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində təşkil olunan beynəlxalq kukla teatrları festivalındakı uğurlu iştirakları məhz bu nailiyyətlərin davamı kimi diqqət mərkəzində dayanırdı. Bundan əlavə, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi kukla və kölgə oyunları festivalında, 2004-cü ildə isə keçirilən 10-cu Beynəlxalq Bursa Qaragöz kukla və kölgə oyunları festivalında da Azərbaycan Mədəniyyətinin xüsusilə Gəncə mədəni həyatının uğurla təmsil edilməsi də Bayram Fətəliyev kimi bir sənət fədaisinin və yaradıçı kollektivinin böyük nailiyyəti demək idi. O, hər zaman yaradıçılıq axtarışında idi. Elə bunun nəticəsi idi ki, bir-birinin ardınca bir sıra teatr festivallarına dəvətlər alır və maraqlı cıxışları ilə diqqət mərkəzində olmağı bacarırdı. 2005-ci ildə Bolqarıstanda keçirilən “Sehrli pərdə” uşaq tamaşaları festivalının və Ukraynada təşkil edilən “Milli klassiklər kukla teatrlarının səhnəsində” teatr tədbirinin fəal iştirakçısı olmuş, 2008-ci ildə “Keçəlin toyu” tamaşası ilə Ukrayna, 2009-cu ildə isə “Artıq tamah baş yarar” əsəri ilə Bolqarıstanda qastrol səfərlərində uğurla cıxışlar etmişlər. Təsadüfi deyil ki, Ukraynada keçirilən festivalda məhz “Milli adət-ənənələrin qorunub saxlanılması” nominasiyasında Gəncə Dövlət Kukla teatrı diploma layiq görülmüşdü. Bayram Fətəliyev hər zaman bu festivallarda iştirak etməklə dünya mədəniyyətinə inteqrasiya olmağın yollarını dərindən öyrənməklə bu nəzəri, praktiki bilik və bacarıqları Gəncə Dövlət Kukla teatrında tətbiq etməklə məşğul idi. Onun fikrincə hər bir tədbirdə iştirak etməklə müəyyən mənada görüb-götürmək, yeni nə isə öyrənmək baxımından çox əhəmiyyətli idi. Xarici ölkə teatrları ilə tanışlıq teatr kollektivinin inkişafına müsbət təsir göstərməklə yanaşı həm də teatrın yaradıcılıq potensialını artırmış olurdu. Bu mənada hər zaman təşkil olunan beynəlxalq kukla teatrları festivallarıında iştirak etməyə xüsusi əhəmiyyət verirdi. Sözsüz ki, bu gün teatrın uğurlu fəaliyyətini şərtləndirən əsas faktorlardan biri isə təbii ki, onun tamaşaçı auditoriyasıdır. Bu da öz növbəsində hazırlanan tamaşalardan, repertuar siyasətindən asılıdır. Elə bu səbəbdən də Bayram Fətəliyev teatra rəhbərlik etdiyi müddət ərzində repertuar siyasətini daim diqqət mərkəzində saxlamağı bacarırdı. Bu diqqətin nəticəsi olaraq da hər zaman teatrın repertuar planı əsasən yerli, klassik və xarici ölkə müəlliflərinin əsərlərinə əsaslanırdı. Fəaliyyəti müddətində Bayram Fətəliyev həm də çox gözəl anlayırdı ki, bu gün hər hansı bir formada kukla teatrı üçün rejissor və aktyor kadr potensialını tapmaq, onu teatra cəlb etmək olduqca çətindir. Hər zaman bir rəhbər olaraq kollektivin problemləri ilə maraqlanar və bu kimi məsələlərin həlli istiqamətində köməklikliyini əsirgəməzdi. Məhz Gəncə Dövlət Kukla teatrının hər bir üzvü bu diqqət və qayğını hər zaman yüksək dəyərləndirir. Bu gün yaxşı xatırlayıram ki, hər dəfə onunla görüşəndə mütləq şəkildə teatrın bir sıra problemləri və cətinlikləri eləçə də tamaşaçı auditoriyası haqqında danışar, fikir mübadiləsi edərdik. Tamaşaçı qıtlığından söhbət düşəndə hər dəfə gülümsəyər və deyərdi : “Uşaqların teatra marağını artırmaq üçün mütəmadi olaraq uşaq müəssisələri ilə əlaqə saxlamaq lazımdır. Uşağa onun başa düşəcəyi tərzdə söz və ifadəni demək, göstərmək gərəkdir. Bu gün müasir dövrümüzdə texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqların intellektual səviyyəsi də yüksəlir, tələbi artır. Buna görə də teatrda uşağa elə tamaşalar göstərməlisən ki, yaxşı mənada, onu təəccübləndirə biləsən”. Bu sözlər Bayram Fətəliyevin bir daha sənətinə və teatrın yaradıçılığına göstərmiş olduğu məsuliyyət, diqqət və qayğısından xəbər verirdi.

Bu ilin sentyabr ayının 19-da Gəncə Dövlət Kukla Teatrı özünün 32-ci teatr mövsümünə start verdi. Həmin gün mən də teatrda idim. Çox həyəcanlı idi. Bu həyəcanı onun gözlərindən oxumaq və titrəyən əllərindən hiss etmək mümkün idi. Çox böyük şövqlə yeni mövsümdə təqdim ediləçək tamaşalardan danışırdı. “Şəngülüm, şüngülüm”, “Qumral quzunun kələyi”, yeni hazırlanan tamaşalardan “Pinokionun sərgüzəştləri”, daha sonra yerli yazarımız olan Sahib İbrahimlinin “Səlim və sehirbaz”, “ Çippolino ”, “Qırmızı papaq” kimi tamaşaların balacalara təqdim olunacağını deyirdi. Gözlərində olan böyük sevinc hissi ilə teatrın aktrisası Mahirə Haqverdiyevanın ilk rejissor işi olan “Cik-cik xanımın nağılı”nın da artıq hazır olduğu söyləyirdi. Yazının əvvəlində qeyd etmişdim ki, o, məni yeni tamaşanın premyerasına dəvət edib və müsahibə verəcəyinə söz vermişdi. Ançaq belə olmadı. Bu dəfə heç zaman olmadığı kimi Bayram Fətəliyev vədinə əməl etmədi. Ölüm adlı birinin yoluna yolçu olaraq uzun, uzaq və məkanı biliməyən bir səfərə cıxdı. Bu dəfə premyaranı sənsiz edəcəyik. Sənin ruhunun qarşısında son imtahan tək. Başladı sələflərimin yarpaq tökümü. Ruhun hər zaman şad olsun!

Anar Bürcəliyev,
teatrşünas

09:42