BU DƏFƏ AĞLAMADIM

"Burda üfüqlər sakitdir" filmini deyirəm. Dünən İTV yayımladı. Yəqin müharbə filmi olaraq.
Hər dəfə bu filmə baxanda evdə hamı ağlayırdı bu qızlar öldükcə. Ağlamadım, çünki fikrim özümüzünkülərin – şəhidlərin, əlil olmuş qazilərimizin yanında idi. Burda üfüqlər sakit deyil çünki.
Niyə də ağlayım? Siz bizim üçün ağladınızmı? Bir də ki niyə ağlayasınız axı? Bizi siz öldürmədinizmi? Geriyə baxıram – 37! Başımızı kəsib qanımızı tökmüsünüz... Sağa baxıram – 20 Yanvar – tanklarla əzdiniz bizi. Sola baxıram – Xocalı!
Bu gün başladığınız Vətən müharibənizə baxıram yüz minlərlə şəhidim var. Müharibə dövründə ayağınızı yerdən götürən biz idik – oktan benzini! Unutmusunuz ! 600 min oğlumuzu göndərdik – yarısı qayıtmadı! Unutmayın! Bizə borcunuzu qaytarın!
Zaman-zaman bizi ağladanlar, bizi yetim qoyanlar, evin tək çırağını söndürənlər – siz! Guya bizə müstəqillik vermişdiniz – yalan! Müstəqilliyi də belə anlayırdıq – “irahatca gedirdik Moskvaya, ordan Leninqrada bazarlığımızı edirdik; yağımızı, konfetimizi alırdıq, irahatca da qayıdırdıq”. Müstəqillik, istiqlal anlayışımız bu idi. Macal vermirsiz ki, burda da üfüqlər sakit olsun! Dindaşınız erməninin yanındasınız! Bizi öldürürsüz, qətl edirsiz və bizdən də üzünüzə gülümsəməyi tələb edirsiz !
Biz də gülümsəyirik. Zabit heyəti göndəririk ki, sizinlə Qələbə paradınızda yanaşı dursun! Məğlub ölkənin hərbi heyəti qalib ölkənin bayramına gedir!..Və bizi məğlub etməkdə birbaşa əli olan ölkənin özü də! “Ərimgəldinin yetimləri” kimi yadların qələbəsinə sevinirik! Mən, şəxsən sizin itiniz də – "Qaraqulaq ağ Bim"iniz – öləndə də ağlayırdım, filminizə baxanda! Hətta anam acıqlanıb deyirdi ki, itdən ötrü az ağla!
Müharibə vaxtı Azərbaycana qaçqın gəlmiş bir rus qadını bizim evdə yaşayıb. Sonra bir rus tapıb ərə getmək istəyib, nənəm ona cehiz yorğan -döşək də verib. Bu bizik!.. Bəs siz!? Oralarda bazar küncündə binəgüzarlıq edən adamlarımızın başına müsibətlər gətirirsiniz! Siyasətiniz batsın! Unutmayın ki, ötən əsrin əvvəllərində yesir kimi gəlmişdiniz Bakıya – neft mədənlərinə!
Biz də qələbə sevinci yaşamaq, qələbə paradı keçirmək istəyirik. 30 ildir bu arzu ilə yanıb -tökülürük! Niyə imkan vermirsiz? Niyə bizə nifrət edirsiz? Bütün çaldığınız havalara oynamırıqmı?
Məgər Berlinə qədər sizinlə vuruşa-vuruşa gedən oğullarımız bizdən deyildimi?
Biz Qarabağı müharibəsi edirik, niyə yanımızda deyilsiniz? Bu da bizim Müqəddəs müharibəmizdir! Neçə nəfər gəldiniz sıramıza qoşuldunuz? Əgər bizimlə bərabər düşmənimizə qarşı o qardaşlıq dediyiniz köməyi etsəydiniz, mən 75 illik Qələbə sevincinizə qoşulardım! Amma qoşulmuram, çünki sizdən zəhləm gedir! 1990-cı ilin 20 Yanvardan bəri!
İstəyirsiniz mənə militarist, sionist, aparteid , neofaşist deyin! Bu, vazkeçilməz mövqeyimdir! İndi kimsə mənə tarix dərsi keçməsin burda – mən tariximi ədəbiyyatım qədər bilirəm!
Və... bizə Qarabağ savaşında kömək etməyin, amma mane də olmayın! Berlinə qədər gedən oğullarımız indi də çoxdur!
Qarabağda üfüqlər sakit deyil! Bağrıqanın yaxası kimi bağrı qandır!
Bir gün "Qarabağda üfüqlər sakitdir" filmini çəkəcəyik. Sizin ata sözünüzdür – “Bir gün bizim küçədə də bayram olar!”
 
 
Sözardı:
"Sizin Böyük Vətən müharibəsi dediyiniz savaşa 600.000 əsgər göndərdik. Yarısı geri qayıtmadı. Qarabağ da bizim Vətən müharibəmizdir. Bir əsgər belə göndərmədiniz. Yardımı erməniyə elədiniz. Torpaqlarımız sayənizdə işğal olundu... “Burda üfüqlər sakitdir” filminə hər baxanda evdə hamı ağlayırdı. Bu dəfə ağlamadım. Ağlamadım, çünki fikrim özümüzünkülərin yanında idi. Bizdə üfüqlər sakit deyil çünki. Niyə də ağlayım? Siz bizim üçün ağladınızmı?". Bəsti İsmayılovanın “Bu dəfə ağlamadım” essesi Putinin parad keçirdiyi günə möhür yazıdır. Bir hünərli rusdilli sayt ola, çevirə, dərc edə. Biz də elliklə yayaq. Bu da bizim Putin Rusiyasına mesajımız ola. (Vahid Qazı)
 
xudaferin.eu

17:20