Bəstəkarlar İttifaqında Natiq Vəliyev anıldı

 

Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, əməkdar müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş anım-tədbiri keçirilib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək N. Vəliyevin həyat və yaradıcılığından danışıb.

F. Əlizadə qeyd edib ki, N.Vəliyev musiqi sənətinə töhfələr verməklə yanaşı, hər zaman yeni-yeni yaradıcılıq axtarışlarında olub, öz pedaqoji fəaliyyəti ilə bir sıra nailiyyətlərə imza atıb. Musiqişünasın maarifçilik və təşkilatçılıq istedadından söz açan F.Əlizadə bildirib ki, o, yenilikçi iş üslubu ilə örnək olan sənətkarlarımızdan idi: “ Rəhbərlik etdiyi 22 nömrəli musiqi məktəbində tez-tez bəstəkar və musiqişünas həmkarlarının görüşlərini təşkil edirdi. Natiq Vəliyevin uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının hazırlanmasında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”.

Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və Kamilə Dadaşzadə çıxış edərək pedaqoqun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərinə müraciət olunub.

xudaferin.eu

10:26