Bəstəkarlar İttifaqında “Alətşünaslıq” əsərinin təqdimatı keçirilib

 

Azərbaycan Bəstəkarlar İttifaqında əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun “Alətşünaslıq” kitabının təqdimatı keçirilib.

Tədbirə müəllifin “Düşüncələr” - Simli orkestr üçün Simfoniyasının videotəqdimatı ilə başlanılıb. Xalq artisti Teymur Göyçayevin bədii rəhbər və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin ifasında təqdim edilən musiqi əsəri böyük maraqla qarşılanıb. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, bu gün M.Umudovun həm müəllif konsertinin, həm də yeni kitabının təqdimatıdır.

Məmmədağa Umudovun yaradıcılığını yüksək qiymətləndirən Xalq Artisti bildirib ki, o, bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, musiqinin bütün janrlarında bir-birindən gözəl əsərlər yaradıb və bu əsər yerli və beynəlxalq tədbirlərdə səsləndirir.

Müəllifin yeni kitabını yüksək qiymətləndirən Firəngiz Əlizadə bildirib ki, simli alətlərin harmoniyasında rəngarəng musiqi tablosu yaradan M.Umudovun “Alətşünaslıq” əsəri musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün Azərbaycan xalq çalğı və simfonik alətlər üzrə dərslikdir. Bu dərslik müasir dövrdə ölkəmizdə bu və ya digər formada istifadə edilən musiqi alətlərinin tarixi, quruluşu, səslənməsi və ifa üslubları haqqında bilgilərin tələbələrə çatdırılmasında dəyərli mənbə olacaq.
Vurğulanıb ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə dərslik kimi təsdiqlənmiş bu kitabın elmi redaktoru sənətşünaslıq elmləri doktoru, professoru Abbasqulu Nəcəfzadədir.

Tədbirdə musiqişünas, sənətşünaslıq namizədi, dosent Jalə Qulamova və sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə çıxış edərək M.Umudovun həyat və yaradıcılığından danışıblar, yeni dərs vəsaiti ilə bağlı fikirlərini bölüşüblər. Sonra müəllifin musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Xudaferin.eu

09:41