Bəsti İsmayilova: "Köhnə Tbilisi" də...

"Yenə bu şəhərdə üz-üzə gəldik, 
Neyləyək, başqa bir şəhərimiz yox."

BDU- "Məzun" albomumuzda belə bir qeyd var: " Unutma! Görüş hər il martın 23-də "Bakı Soveti" metrosunun qarşısında olacaq." 
Hər il görüşürük... Yığışırıq bir yerə... və bu istək bizi tərk etmir nədənsə... Hələ yaşlandıqca bir-birimizi görmək istəyi vazkeçilməzimiz olur... 
Filoloqlar yenə bir yerdədilər... yenə bərabərdirlər. 25 martda yığışdıq bu dəfə... 2 gün öncə... Bakıda yer tapmadıq, "Köhnə Tbilisi" də əyləşəsi olduq. Özümüzü lap köhnə Tiflisdə hiss edirdik... Elə bil "Şərqi-rus" qəzeti redaksiyasına yığışmışdıq. Sakit-səssiz bir məkan, divarlarda Tiflisin köhnə mənzərələri... Arada Kikabidzeni, Floranı dinləyirdik...
Nənə, baba olmağımıza baxmayaraq, hələ də bir-birimizə "uşaqlar" , "qızlar" , "oğlanlar" , - deyə müraciət edirdik... Personal da bizi - "saqqallı uşaqları" anlamışdı... Yüksək səviyyədə xidmət göstərirdilər... Masanın bu başından o başına şeirlər uçuşurdu... Tələbə yoldaşlarımızın da şeirlərini oxuyurduq... Arada piano arxasına keçmək də vardı... 
O gün bir gənclik havası vardı başımızda... Elə bil indicə durub qəpikləri üst-üstə qoyub " Azərbaycan" kinoteatrında o zamanın dəbdə olan filminə - "Qum karxanasının generalları" filminə baxmağa gedəcək... sonra da "Dora" mahnısını zümzümə edə-edə dağılışacağıq...
Deyirlər, bir acı kofenin 40 il xətri var. Beş illik universitet həyatının, sən demə, bir ömür boyu xətri varmış... Bu, ürəyin, həssaslığın, zərafətin və sədaqətin xətridir!... Bizi əsla tərk etməyən bir xətir !... İtirdiklətimiz də var... Bir də onun sükutunu yaşadıq...
Ən çox bilirsinizmi. nədən məmnunam, nə bir acı etiraf dinlədik nə də bir yanlışlıq üçün "bağışla..." demədik... Çünki həssas bir fakültənin məzunlarıyıq ! Düzdür, acımasız bir həyatda bəzən bu həssaslıq bizə baha başa gəlsə də... 
Amma "Köhnə Tbilisi" də Flora yenə oxuyurdu..."Bağışla, bağışla, məni bağışla! "...

Xudaferin.eu

21:16