Bəşər Əsədə alternativ tapıldı: Kölgədə saxlanan general kimdir?

 

ABŞ-ın Bəşər Əsəd rejiminin sonunun çatdığı barədə konkret mövqe ortaya qoyması Suriyadakı diktatura rejiminin yaxın perspektivdə dəyişəcəyinə dair qənaəti möhkəmlədir. Rəsmi Vaşinqton bu məsələdə Rusiyanı razı salmaq üçün Kremllə diplomatik təmasları intensivləşdirib. Ancaq xaosun hökm sürdüyü Suriyada bu prosesin həyata keçirilməsi mexanizmi hələ müəyyən edilməyib. Bəşər Əsədin hakimiyyətdə qalması artıq beynəlxalq ictimaiyyət üçün ciddi başağrısına çevrilib. O, prezidentlıikdən çəkilməyə razılıq verərsə, post-Əsəd dövründə Suriyada sabitliyin və ölkənin ərazi bütövlüyünün necə təmin ediləcəyi ilə bağlı suallara hələ cavab verilməyib.

 

Suriya münaqişəsində birbaşa iştirak edən Rusiya, İran və Türkiyə ayrılıqda özünün geosiyasi maraqlarına üstünlük verir. ABŞ isə “Şayrat” hərbi hava bazasını vurmaqla Suriyadakı maraqlarından imtina etmədiyinə dair ciddi mesaj verdi. Paralel olaraq, prezident Donald Trampın Əsəd hakimiyyətinin sona çatdığı barədə açıqlama verməsi Suriya hakimiyyətini dəstəkləyən Rusiya və İranın bölgədəki fəaliyyətinin Birləşmiş Ştatların maraqlarına təhdid yaratması kimi başa düşülə bilərdi. Son vaxtlar bu münaqişənin həlli məsələsində fəallaşan Ağ Ev həmçinin, Suriyanın gələcək statusunun Birləşmiş Ştatların iştirakı olmadan müəyyənləşə bilməyəcəyinə işarə edir. Əgər Amerika Bəşər Əsədin hakimiyyətdən çəkilməsinin vacibliyinə Rusiyanı razı sala bilsə, o zaman Suriyada keçid hökumətinin formalaşması məsələsi gündəmə gələcək. Müvəqqəti hökumətə rəhbərlik edə biləcək şəxs isə müharibəni dayandırmaqla yanaşı, ölkədəki bütün dini və etnik qrupların, o cümlədən, Suriya müxalifətinin qəbul etdiyi bir şəxs olmalıdır. O da məlumdur ki, Bəşər Əsəd özünün və ailəsinin təhlükəsizliyinə təminat almadan prezident vəzifəsindən könüllü imtina etməyəcək. Bu baxımdan, hakimiyyət başına gələn şəxs B.Əsəd üçün etibarlı bir şəxs olmaqla yanaşı, onun toxunulmazlığına zəmanət verməlidir. Artıq Rusiyanın Bəşər Əsədin prezidentlikdən kənarlaşdırılmasına razılıq verdiyi bildirilir. Livanda nəşr olunan “Əd-Diyar” qəzetinin yazdığına görə, artıq Bəşər Əsədin yerinə namizəd də tapılıb: “Son vaxtlar Rusiyanın Suriya ordusundakı yüksək rütbəli bir zabiti Bəşər Əsədin varisinə çevrilmək istədiyinə dair məlumatlar yayılır. Bu xəbər Suriya müxalifətindəki mənbələrdən əldə edilib. Həmin açıqlamaya görə, Rusiyanın rəsmi şəxsləri özlərinin amerikalı həmkarlarına bildiriblər ki, əgər maraqlı tərəflər siyasi nizamlanmanı təmin edə bilsələr, Suriya Ərəb Ordusunda Bəşər Əsədin yerini tutmağa hazır olan yüksək rütbəli bir zabit var. Əvvəllər döyüşlərdə iştirak etmiş və ərazini yaxşı tanıyan həmin zabitin Suriya ordusunda böyük təsirə malik olduğu təsdiq edilir. Hazırda o, öz təhlükəsizliyi üçün daha çox gizli şəkildə diqqətdən kənarda qalır. Yanvarın 12-də Suriya müxalifəti Rusiya fayllarının sızması nəticəsində tapılan məlumat açıqlayıb. Rusiyanın general-mayor Aus Əli Aslanı keçid dövrü üçün prezident Bəşər Əsədlə əvəz edilməsinə dair planı dərc olunub. Rusiya bu planı müxtəlif danışıqlar və görüşlər vasitəsilə həyata keçirməyə çalışacaq. Plan artıq Suriyanın yüksək vəzifəli şəxslərinin diqqətinə çatdırılıb. Sonuncular bu barədə kimsəyə danışmasalar da artıq öz fəaliyyətlərini bu plana uyğun olaraq əlaqələndirirlər.

Aus Aslan kimdir?

 

General Aus Aslan Əsəd ailəsinə yaxınlığı ilə tanınan zabitlərdəndir. Onu prezidentlə etibarlı, Suriya dövlətinin saxlanılmasında və terrorizmə qarşı mübarizədə möhkəm əlaqələr bağlayır. Ötən ilin yanvar ayında prezident Əsəd general Aslanı İkinci Ordu Korpusunun komandanı təyin edib. Aus Aslan əslən əksər üzvləri hərbi xidmətdə olan ailədəndir. Onun atası, istefada olan Əli Aslan hazırda Bəşər Əsədin prezident iqamətgahında hərbi məsələlər üzrə müşavirdir”.
Bununla yanaşı, “Ər-Əbyad” qeyd edir ki, şayiə xarakterli bu məlumat Suriya prezidentinin yaxın ətrafı və etibarını qazanmış hərbçilərlə arasında nifaq yaratmağa xidmət edən yalan da ola bilər. Bir neçə gün isə Livanın “Ən-Nahar” saytı Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədin hərəkətlərindən narazı olduğunu, lakin bununla bağlı aşkar dəlillərinin olmadığını yazmışdı: “Lakin Qərbin Əsədi devirmək üçün vahid cəbhənin formalaşdırmaq səyləri qarşısında Putin indi baş verdiyi kimi onu müdafiə etməkdən daha böyük çətinliklə qarşılaşa bilər. Beynəlxalq ictimaiyyətin Han Şeyhundakı qırğını yekdilliklə pisləməsi Moskvanı divara dirədi. Putinə hücum etmək onu şəxsən təhqir etməkdir. Özünü sülhməramlı kimi göstərən Kreml rəhbərinin 2013-cü ildə Əsədlə kimyəvi silah arsenalının ləğv edilməsi barədə müqaviləsi Qərbi inandıra bilmişdi. İndi bütün dünyanın gözü qarşısında Putin Suriya prezidentinin, ya da bu silahın saxlanılmasına dair fırıldaqçı müqavilənin qurbanı kimi dayanıb. Əsəd Rusiya prezidentini pis vəziyyətdə qoyur. Əlbəttə, Əsəddən imtina etmək Putin üçün asan olmayacaq. Rusiya prezidentinin onu dəstəkləmək üçün bir resursları qalır. Lakin Əsədin müdafiəsi ona daha ağır gələcək və arxasınca ciddi nəticələr gətirəcək. Əgər ABŞ Suriyada İŞİD-in məhv edilməsinə qarşı vəzifəsini yerinə yetirə bilsə, Suriyadakı müharibəni yekunlaşdırmağa başlasa, münaqişənin siyasi yolla nizamlanması üçün təzyiqləri artıracaq”.

Livan mediasının açıqlamaları Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyini bu gün nə qədər real səslənməsə də geri çəkə biləcəyini deməyə əsas yaradır. Belə ki, Suriyada özünün siyasi hədəflərinə çatmış Rusiya rəhbərliyi üçün Əsəd rejimi artıq siyasi maneəyə çevrilməyə başlayıb. Rusiya və İranın dəstəyi hesabına hakimiyyətini və nəzarətində olan əraziləri genişləndirən Suriya diktatoru son vaxtlar müstəqil qərarları ilə Moskvaya ciddi problemlər yaradır. Ona görə də Kremlə daha sözəbaxımlı və öz davranışı ilə Rusiyanın bu bölgədəki maraqlarını qoruya biləcək yeni prezident lazımdır. Əks təqdirdə, ABŞ son mövqeyi Qərbin Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlayacağını göstərir. Rusiya isə Suriyada ABŞ və ya NATO ilə ilə qarşıdurmaya getmək istəmir. Bu səbəbdən də Moskva üçün ən əlverişli variant Bəşər Əsədin Qərblə razılaşdırılmış bir namizədlə əvəz edilməsi ola bilər.

Müşfiq Abdulla

 

06:17