Bərzaninin “nəfəsi” kəsilir

 

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Türkiyə İraq Kürdüstanından neft nəqlini dayandırsa qiymətlər yüksələcək. Putin OPEC+ sazişinin müddətinin 2018-ci ilin sonunadək uzaldıla biləcəyini də bildirib. Onun sözlərinə görə, 2018-ci ilin mart ayındakı vəziyyətə görə qərar veriləcək.

Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin nəzarəti altında olan ərazidədir. Hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir. Bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir. Şimali Kürdüstan dünya bazarlarına nefti Türkiyənin Ceyhan limanından ixrac edir. Türkiyə Kürdüstanı müstəqllik referendumuna görə, ərazisindən neft nəqlini dayandıracağı ilə hədələyib. Maraqlıdır, Bərzani geri çəkilməsə, Türkiyə neft nəqlini dayandıra bilərmi? Putinin belə bir bəyanat verməsi nəyə hesablanıb?

Siyasi şərhçi Natiq Miri açıqlamasında deyib ki, Türkiyədən keçən neft kəmərinin bağlanması Ankaranın Quzey İraqa qarşı atacağı son addımlardan biridir: “Çünki bu neft Türkiyənin neft və qaz təchizatını müəyyən mənada ödəyir. Eyni zamanda tranzit ölkəsi olaraq bundan müəyyən valyuta qazanır. Bu baxımdan belə bir addımın atılması Türkiyənin maraqları çərçivəsində deyil. O ki qaldı Putinin bu cür açıqlamasına, əslində bunu birmənalı olaraq göstəriş kimi qəbul etmək doğru deyil. Çünki bu gün neftin qiymətinin qalxması Rusiyanın birbaşa maraqlarına xidmət edir. Bu cür hadisələri süni surətdə yaradırlar ki, neft ölkəsində neft və qazın qiyməti qalxsın. Çünki Rusiya dövlətinin büdcəsi 65 faiz məhz enerji daşıyıcılarının satışından formalaşır. Hətta bəzi fikirlər səslənir ki, guya Putin dolayısı yolla Türkiyə və İrana müəyyən qadağalar qoyur. Qətiyyən belə deyil. Əksinə, Putin maraqlıdır ki, bu cür insidentlər yaşansın, neft və qazın qiyməti qalxsın, bununla da Rusiyanın daxili maliyyə imkanları artsın. O ki qaldı Türkiyənin konkret olaraq bu addımı atmasına, əgər regionda vəziyyət düzəlməsə və Bərzani tərslik etsə, hərbi müdaxilə məsələsi artıq zərurətə çevrilsə, onda Türkiyə məcbur olub Quzey İraqın yeganə “oksigen borusunu” qapadacaq. Çünki bu “boru” qapanarsa, artıq Bərzani və hökuməti təngənəfəs olacaq. Artıq İraq dövləti bütün valyuta hesablaşmaları ilə bağlı banklara göstəriş verib. Bu hesablaşmaların həyata keçirilməsini dondurub. Bundan əlavə Quzey İraqda fəaliyyət göstərən məmurların maaşlarının verilməsi məsələsinə də sanksiya tətbiq olunub. Düşünürəm ki, qısa müddətdən sonra Quzey iraqda bunun səsi çox pis çıxacaq”. 

Politoloqun fikrincə, Rusiya neftin dünya bazarında bahalaşmasında maraqlıdır: “Bu ölkənin iqtisadiyyatı kiçilməyə doğru gedir. Moskva bunun fonunda öz daxilində heç bir ciddi iqtisadi islahatlar aparmır və apara bilmir. Rusiya maraqlıdır ki, Quzey İraqda bu cür məsələlər, fitnə-fəsadlar qalxsın ki, neftin və qazın qiyməti artsın”

Alçina Amilqızı

Cebhe.info

 

12:03