Bərzani BMT-yə bəyan elədi: "Referendum keçirəcəyik"

 

İraq Kürd Regional İdarəsinin başçısı Məsud Bərzani Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterresə yaxın bir zamanda müstəqillik referendumu təşkil edəcəklərini bildirib. Məsud Bərzani BMT baş katibi Antonio Quterresi və onunla birlikdə gələn heyəti Ərbil şəhərindəki rəhbərlik iqamətgahında qəbul edib. Görüş zamanı Quterres və Bərzani beynəlxalq ictimaiyyətin Kürd İdarəsindəki daxili köçkünlərə və qaçqınlara verəcəyi humanitar yardımdam, İŞİD terror təşkilatından sonrakı İraqın problemlərinin həlli və Kürd İdarəsinin taleyini təyin edən “müstəqillik referendumu”nu müzakirə ediblər.

“Ən yaxın dövrdə keçirəcəyik”

“Rudav” kanalına müsahibə verən Kürditan Demokrat Partiyasının sərd müavini Hemin Hevrani Bərzannin BMT baş katibinə bu sözləri söylədiyini bildirib: “Bizdən eşitməyini istəyirəm, ən yaxın dövrdə referendum keçirəcəyik. Bu istəyimizi anlayışla qarşılamağınız bizi çox şad edər”.

Ərbilə gəldiklərinə görə, BMT baş katibi Quterresə və onu müşayiət edən nümayəndə heyətinə təşəkkürünü bildirən Bərzani deyib: “Dünyanın İraq Kürd Regional İdarəsi xalqının öz gələcəyi haqqında verəcəyi qərardan xəbərdar olması üçün yaxın bir dövrdə müstəqillik referendumu keçirəcəyik”.

 

BMT: “Bütün imkanlarımızı səfərbər edəcəyik”

 

İraq Kürd Regional İdarəsinə etdikləri yardımları üçün beynəlxalq koalisiya qüvvələrinə və BMT-yə təşəkkür edən Barzani, Peşmərgə qüvvələri və İraq ordusunun ortaq hərəkət eləməsi nəticəsində əldə edilən böyük zəfərlərlə əlaqədar da məmnun qaldığını bildirib.

BMT baş katibi Quterres isə daxili köçkün və qaçqın məsələsində beynəlxalq ictimaiyyətin İraq Regional Kürd İdarəsinə yardım etmək məsələsində lazımi qədər səy göstərmədiyi, bu məsələnin yoluna qoyulması üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib. Quterres, xüsusilə də İŞİD hücumlarından sonrakı problemlərin həll olunması üçün BMT-nin bütün təşkilatlarının İraq və Kürd Regional İdarəsi ilə tam həmrəyliklə addım atmağa hazır olduğunu bildirib. Son günlərdə Kərkükün kürd valisi Nəcməddin Kərimin İraqın mərkəzi idarəsinə tabe olan şəhərin rəsmi idarələrində öz adamlarından ibarət şuranın qərarı ilə İRKİ-nin bayraqlarını asması bu qüvvələrin neftlə zəngin Kərkük şəhərini və Mosulu ələ keçirib öz regionlarına bənd eləmək niyyətlərindən xəbər verir. İŞİD-in regionda dəyişiklik aparmaq üçün yaradıldığı, işğal elədiyi əraziləri yerli əhalidən alıb indiyə qədər tarix səhnəsində mövcud olmayan dövlətə təhvil vermək missiyasını baş çatdırdığı barədə aydın mənzərənin yaradılması üçün daha əvvəl saytımızda dərc olunmuş bir materialı nəzərinizə çatdırırıq:

Sirvan Bərzani: “Mosulu ələ keçirən kimi Kürdüstanın müstəqilliyini elan edəcəyik”

ABŞ-ın “Böyük Yaxın Şərq layihəsi” başa çatmaq üzrədir? İŞİD öz missiyasını başa çatdırmaq üzrədir. Sivran Bərzani “Vahid İraqda heç vaxt sülh olmayacaq” deyə hökuməti təhdid edib. Maxmurdakı cəbhə xəttində kürd peşmərgə qüvvələrinə komandanlıq edən Sirvan Bərzani Mosul İŞİD-dən azad edilən kimi kürdlərin öz müstəqilliklərini elan edəcəyini bildirib. “Badische Zeitung” nəşrinə müsahibə verən Sirvan Bərzani Mosulun xilası əməliyyatından və kürdlərin siyasi gələcəyindən danışıb. O, peşmərgə qüvvələrinin İŞİD-ə qarşı 100 kilometrlik cəbhəyə hakim və Mosulun şimal və cənubunda birinci dərəcəli qüvvələr olduğunu bəyan edib. Bərzani bildirib ki, Mosul şərqdən, cənubdan və şimaldan hücuma məruz qalarsa, iki aya qədər ələ keçirilə bilər, əməliyyat hələ ki, öz axarı ilə gedir və İraq ordusunun bütün elit qüvvələri mühüm irəliləyiş əldə ediblər. Mosulun idarəsinin gələcəyinə gəlincə, Bərzani deyib ki, hələlik şəhərin azad olunmasından sonra onun kimin ixtiyarına keçəcəyi barədə heç bir razılaşma əldə edilməyib: “Biz hücum başlamazdan əvvəl müqavilə bağlanmasını istəyirdik. Amma Bağdad hökuməti bizə dedi ki, razılaşmaq üçün vaxt var, bunu şəhər azad edildikdən sonra da etmək olar. Bizim nöqteyi-nəzərimizdən bu səhvdir, çünki razılaşma əldə edilməsə, yeni islam dövlətinin yaradılması ancaq zaman məsələsi olacaq”.

Bundan savayı, Sirvan Bərzani İraqda möhkəm sabitlik əldə edilməsi üçün onun azı üç dövlətə bölünməsinin lazım olduğuna əminliyini bildirib: “Bağdad hökumətinin əvvəlki kimi can atdığı vahid İraqda heç vaxt sülh olmayacaq”.

Bərzani sünnilər, şiələr və kürdlər üçün ayrıca dövlətlər yaratmağın zəruriliyini qeyd edib. O, iddia edir ki “Yalnız o zaman insanlar daimi sülh şəraitində yaşamaq imkanı qazanacaqlar” – bir sözlə deyilsə, bunu Bərzani tərəfindən “yaşamağa qoymayacağıq” təhdidi kimi də anlamaq olar.
“Beynəlxalq ictimaiyyət müstəqli kürd dövlətini tanıyacaqmı” sualınınn cavabında Bərzani fikir müxtəlifliyi olduğunu bildirib və əlavə edib: “Biz çoxsaylı qeyri-formal təminatlar, dəstək almışıq. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp da bizim müstəqilliyimiz barədə müsbət fikirdədir”.

Xatırladaq ki, Bərzaninin Amerikanın müstəqil Kürdüstan planları barədə söylədiklərini Tramp hökumətində beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edəcəyi gözlənilən general Mayk Flinn də bu günlərdə bildirmişdi. O, Trampın kürdlərə böyük əhəmiyyət verdiyini və gələcəkdə “müstəqil Kürdüstan dövləti”nin qurula biləcəyini anons etmişdi: “Gələcəkdə qurulacaq müstəqil Kürdüstan dövlətinə ABŞ və koalisiya ölkələrinin dəstək verməsi mühümdür. Mənə elə gəlir ki, yeni bir Yaxın Şərq modeli yaranacaq, İraq ilə Suriya ərazi bütövlüyünü qoruya bilməyərək dağılacaqlar. Bu fikirdəyəm ki,Yaxın Şərqdə üç və ya dörd yeni dövlət yaranacaq və müstəqil Kürdüstan da o gələcək dövlətlərdən biridir” (bax: http://hurriyyet.org/16155-trampin-mushaviri-raq-ve-suriya-parchalanacaq...).

Kürdüstan Amerikanın Yaxın Şərq layihəsinin əsas elementidir. Qərbin bu parçalanmış Yaxın Şərq planları barədə saytımızda “Banu Avar: “Mosul Qərbin Türkiyə və İrandan əvvəlki son qanlı dayanacağıdır?” başlıqlı müfəssəl təhlil dərc olunmuşdu: “Qərb imperializminin “Parçala, hökm sür” siyasəti nəticəsində III dünya müharibəsi və nəticədə 1000-dək dövlətciklərin yaranması baş verə bilər. Amerika xarici siyasətinin ağılverəni Kissincer (Hendi Kissincer ABŞ dövlət katibi olub, Riçard Nikson və Cerald Ford kimi Amerika prezidentləri ilə birlikdə işləyib – red.) 2014-cü ildə qələmə aldığı əsərdə dünyada yeraltı sərvətlər mənbələrinin ədalətli bölüşdürülmədiyi üçün ölkələr arasındakı uçurumu böyütdüyünü, buna görə də Amerika üçün təhdid doğura biləcək ölkələri ancaq bölüb parçalayaraq Amerikanın hakimiyyətinin qoruna biləcəyini vurğulamışdı. Amerika Yardım (!) Təşkilatı USAİD bu məsələni yoluna qoymalı idi. Kissincerə görə, bundan sonra bütün dünyanı saracağı təxmin edilən xaosu “idarə edəcək” qüvvələr lazım idi. Bu qüvvələr məhz digər dövlətlərin içərisindən sıçramış marionet dövlətlər olacaqdır. Bunun da bir nümunəsi Barzanistandır”.

Bərzani ailəsindən olan hərbi komandir Kürdüstanın müstəqilliyi ilə bağlı referendumla əlaqədar belə deyib: “Mosul azad olunan kimi, öz müstəqilliyimizi elan eləməliyik”.

Maxmurdakı cəbhə xəttində kürd peşmərgə qüvvələrinə komandanlıq edən Sirvan Bərzani həmçinin, hüquq müdafiəsi təşkilatlarının ərəb kəndlərinin məhv edilməsi və peşmərgə qüvvələri tərəfindən aparılan etnik təmizləmələr barədə hesabatları ilə bağlı sualı da cavablandırıb: “Əlbəttə, hər bir müharibədə səhvlər olur, amma biz etnik təmizləmə aparmırıq. Düzdür, təhlükəsizlik tədbiri olaraq sünni ərəblərin öz azad edilmiş kəndlərinə qayıtmasına imkan vermirik. Kürdlərlə xristianlar da gözləməlidirlər. Bir çox rayonlar əvvəlki kimi minalanıblar. Cəbhəyanı bölgələrin hansı tərəfinə qədəm qoysanız, orada partlayıcı maddələrlə rastlaşarsınız. Müharibə hələ başa çatmayıb”.

Peşmərgənin Mosulda, azad olunmuş ərəb kəndlərində kürdlərə və türkmənlərə qarşı münasibəti eynilə PKK-nın bir qolu olan PYD-nin azad edilmiş Menbicdə “ərazilər minalanıb” bəhanəsi ilə ərəbləri və türkmənləri öz doğma yurd-yuvalarına buraxmamasına bənzəyir. Xatırladaq ki, bənzər ssenari Suriyada da həyata keçirilmişdi. Menbiçdə PKK terror təşkilatının Suriyadakı qolu olan PYD əhalinin yaşayış və ərazi qeydiyyatları sənədləri saxlanan idarələri yandırmışdı. Bu ilin avqustunda koalisiya qüvvələrinin havadan dəstəkləməsi və Ərəb Koalisiyası ilə bağlı olan qüvvələrin köməyi ilə Membici ələ keçirən PYD əhalinin qeydiyyatı ilə məşğul olan və torpaq sahələrinin qeydiyyatının yerləşdiyi idarələri atəşə tutaraq yanğın törətmişdi. Membicdəki yerli mənbələrdən alınan məlumata görə, bu yanğınları törəmətməkdə məqsəd bölgənin demoqrafik quruluşunu dəyişmək və daşınmaz əmlakı ələ keçirməkdir. PKK-nın Suriyadakı qolu RYD-nin İŞİD-in rayonu tərk etməsindən sonra evlərinə geri qayıtmaq istəyən sünni ərəb və türkmənləri İŞİD-in evlərə mina döşədiyi bəhanəsi ilə rayona buraxmadığı bildirilmişdi. Suriya müxalifətçi və inqilabçı güclər beynəlxalq koalisiyası üzvü Usame Telcu “Anadolu Ajansı”na verdiyi açıqlamada demişdi ki, yanğının qeydiyyat sənədlərinin yerləşdiyi mərtəbədə baş verməsi şübhə doğurur və onun qəsdən törədildiyinə işarə vurur. Telci demişdi: “Biz PYD-dən şübhələnirik. Çünki bu qrup həmişə deportasiya və etnik təmizləmə siyasəti yeridib. Üstəlik, bu hadisədən – sənədlərin yandırılmasından sonra PYD-nin rayondakı əmlakı ələ keçirməsini asanlaşdıracaqdır”. PYD-nin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri sıralarında döyüşməyən ailələrin Membicə qayıtmalarına icazə vermədiyini söyləyən Telcu demişdi: “Bu vəziyyət PYD-nin rayonda demoqrafik dəyişikliklər planlaşdırığını göstərir”. Membic sakinlərindən olan Əbu Rəzzak isə PYD-nin Şuyuh Tahtani və Şuyuh Fokani kəndlərindən olan ailələrin öz doğma yurdlarına qayıtmasını qadağan etdiyini və bu kəndlərin əhalisinin sayının təqribən 15 min nəfərə bərabər olduğunu bildirib. Membic ilə Türkiyə sərhədindəki Resulayn arasındakı bir çox ərəb və türkmən kəndlərinin də PYD tərəfindən boşaldıldığını bildirən Razzak bunları söyləyib: “Tel Abyad yaxınlarında türkmənlərə aid 50-60 kəndin camaatları deportasiya edildi. Məsələn, Membicdə sadəcə, bir kürd məhəlləsi var, rayonda başqa kürd yoxdur. Bu da əhalinin yalnız üçdən birinə bərabərdir. PYD indi rayonun demoqrafiyasını dəyişdirir. Bir çox dövlət binasını yandıraraq, içərilərindəki sənədləri məhv edir”. Bu ssenarini indi də türkmənlərin xüsusilə sıx yaşadıqları Mosul və Kərkük şəhərlərində həyata keçirilir. Problemin kökünə vardıqda, kürdlərin də soydaşlarımız olan türkmənlər kimi böyük siyasətin qurbanları olduğu aşkara çıxır. Türkiyə mətbuatında Apo, Səlahəddin Dəmirtaş kimi PKK ideoloqlarının erməni əsilli olduğu, Məsud Bərzaninin də əslində kürd və müsəlman olmadığı barədə məlumatlar vardır. Beləliklə, Qərbin “Böyük Yaxın Şərq” layihəsi belədir: süni islam təriqəti – İŞİD yaradılır, Qərb tərəfindən silahlandırılır, bölgədəki ərazilərə daxil olur, dövlətçilik vədləri ilə aldadılmış kürdlər də silahlandırılır, koalisiya qüvvələrinin də qatıldığı şou ilə xaraba qalmış ərazilərdə böyük demoqrafik, coğrafi, siyasi dəyişikliklər aparılır, boş torpaqlarda zəif, iradəsiz dövlətciklər yaradılır Beləliklə, İŞİD öz missiyasını başa çatdırmaq üzrədir.

Hurriyyet.org 

06:16