Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb

 

Brüsseldə ölkəmizin Belçikadakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə layihəsi əsasında gənc azərbaycanlı rəssamların “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgisi açılıb.
 

Brüsselin mərkəzindəki “Art Thema” qalereyasında iyunun 25-dək davam edəcək sərgidə 24 gənc rəssamın 84 əsəri nümayiş etdirilir. Açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın qədim tarixə və mədəniyyətə malik, eyni zamanda, möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb. O, ölkəmizdə rəssamlıq sənətinə daim yüksək qiymət verildiyini və bu sənətin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Sonra səfir iştirakçı rəssamlara sertifikatlar təqdim edib. Sərgi Avropa İttifaqı və Belçika ictimaiyyətinin diqqətini cəlb edib. Açılış mərasimində Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski, Avropa Parlamentinin üzvləri Anneli Yaatenmaki və Hannu Takkula, Belçika ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri iştirak ediblər.

Xudaferin.eu
“Avropa Bürosu”

09:35