Brüsseldə alman fotoqrafın azərbaycanlı məcburi köçkünləri əks edən əsərləri sərgilənir

 

Son dörd il ərzində dünya turu edən “Evə aparan beş yol” (Five Roads Back Home) adlı fotosərginin Avropa İttifaqının qərargahı olan Brüssel şəhərində də təqdimatı baş tutub. Brüsseldəki “Art Thema” qalereyasında məşhur alman fotoqrafı Filip Ratmerin işləri fevralın 28-dək sərgilənəcək.

 

Nümayiş etdirilən şəkillərdə təqribən bir milyona yaxın azərbaycanlı məcburi köçkünün portreti yer alıb. Bu təsirli və emosional şəkillərdə onların simaları qara fonda yaxın rakursdan çəkilib. Fotosərgi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunub. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen sərginin açılışda çıxış edib. TEAS-dan bildirilib ki, o çıxışında Beynəlxalq Cinayət Hüququ üzrə ixtisaslaşan bir hüquqşünasdan məsləhət istədiyini deyib: “O bildirdi ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə. Qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9,7 milyon əhalisi olan Azərbaycan üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək göstəricilərdən biridir”.

Filip Ratmer Dağlıq Qarabağın dünyanın unudulmuş münaqişələrindən biri olduğunu söyləyib: “Artıq 25 ildir ki, bu münaqişə bitmir. Atəşkəs çox kövrək bir sülhü qoruyur. Bu məcburi köçkünlər münaqişənin doğurduğu çətinliklərdən əziyyət çəkirlər. 2012-ci ildə qaçqın düşərgələrini ziyarət edərkən bu insanlar mənə öz taleləri, ümidləri və narahatçılıqları haqqında danışıb – bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə. Fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyi”.

Azərbaycannın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov bildirib ki, bu gün biz Xocalı faciəsinin 25-ci ildönümünü anırıq. Bu faciə bütün azərbaycanlılar üçün çox şeyi dəyişdi. Fuad İsgəndərov təəssüflə qeyd edib ki, bu hadisəni törədənlər məlumdur, lakin onlar hələ də cəzalandırılmayıb. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür, lakin Ermənistan tərəfi bu prosesdə aydın şəkildə iştirak etmir. TEAS-ın Benelüks ofisinin bu unikal sərgini Avropanın mərkəzində təşkil etdiyinə şad olduğunu söyləyən Fuad İsgəndərov bildirib ki, burada bütün avropalılar 25 il əvvəl Azərbaycanın Xocalı şəhərində nə baş verdiyini öyrənməlidirlər. O, Dağlıq Qarabağdan olan bütün azərbaycanlı məcburi köçkünlərin fotoqraf Filip Ratmerin öz işində göstərdiyi beş yoldan birini seçərək tezliklə evlərinə qayıdacaqlarına ümid etdiyini deyib. Tədbir pianoçu, bəstəkar və müğənni Nəzrin Əfəndiyevanın həzin musiqi ifası ilə yekunlaşıb. Qeyd edək ki, Nəzrin Əfəndiyeva Azərbaycanın görkəmli bəstəkarlarından olan Fikrət Əmirovun nəvəsidir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:35